Müsavatçı gənc fəal, Tərlan Həmidova qarşı təqiblər hələ də davam edir

 Məlumat üçün bildirək ki, son illər ölkədə müxalif düşərgənin nümayəndələrinə qarşı aparılan repressiv siyasət iyrənc xarakter almaqdadır. Hətta hakimiyyətin repressiv siyasətindən can qurtararaq mühacirət etmiş müxalifətçilərin təqibləri davam edir, onların burda olan ailə üzvləri və yaxınları hakimiyyət orqanlarının qanunsuz münasibəti ilə üzləşirlər.
 
Belə ki, verilən məlumata görə Müsavat Partiyasının üzvü olaraq davamlı təqib və təzyiqlərə məruz qaldığına və həbs olunma təhlükəsi ilə üzləşdiyinə görə ölkəni tərk etmiş Tərlan Həmidovun yaşadığı mənzilə ötən həftələrdə naməlum şəxslər tərəfindən telefon açılaraq onun harada olması ilə maraqlanmışlar. Tərlanın harada olması ilə bağlı məlumat ala bilməyən şəxs onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmiş və təhdid etmişdir. Bu hadisədən bir neçə gün sonra iki nəfər mülki formalı şəxs Tərlanın yaşadığı mənzilə gələrək onun yenə də harada olmasını soruşmuşlar. Evdə olan T.Həmidovun ailə üzvləri, onun harada olduğunu bilmədiyini bildirdikdə həmin şəxslər onun ailə üzvlərini təhdid edərək, onu tapacaqlarını və zorla da olsa, həbsə atacaqlarını bildirib.
 
Məlumdur ki, T.Həmidovun təqib olunması və ailə üzvlərinin təhdid edilməsi onun müsavatçı olaraq fəal siyasi mübarizəsi ilə əlaqədardır. Təmsil olunduğu partiyanın və müxalifətin son illər təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmiş, insanların partiya sıralarına cəlb olunmasında fəallıq göstərib. Müxalifətin keçirdiyi aksiyalarda fəallıq göstərdiyinə görə polis və mülki geyimli şəxslər tərəfindən vəhşicəsinə döyülmüş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmış, qeyri-qanuni olaraq saxlanılmışdır. Şübhəsiz, T.Həmidov kimi müsavatçıların fəallığı hakimiyyət orqanlarını narahat etdiyindən bu insanlara qarşı daim təqib kampaniyası davam etdirilir.
 
Təbii ki, Tərlanın və başqa müxalifətçilərin bu gün təqib olunmasında əsas məqsəd həm onların, həm də hakimiyyətin yarıtmaz fəaliyyətindən ciddi şəkildə narazı olan əhalinin gözünü qorxutmaq, insanları öz hüquqları uğrunda mübarizə aparmaqdan çəkindirməkdir. 
 

Загрузка...
Загрузка...