"Müsavat Partiyası ilə Əli Kərimli arasında gedən müharibədən yorulmuşdum" — Razi Nurullayev

 
11 sentyabr Milli Şuranın mitinqi ilə yadda qaldı. Həmin mitinq günü Milli Şura 17 sentyabrda da mitinq edəcəyini bildirdi. 18 sentyabr isə Müsavat Partiyası mitinq təşkil edəcək.
 
Hər mitinqdən sonra müxalifət xalqı hədəf alaraq tənqidlər edirdi. Həqiqətən günahkar xalqdırmı?
 
Bu mövzuda Ölkə.Az-ın suallarını AXCP sədri Razi Nurullayev cavablandırıb:
 
- Azərbaycanda hazırda ən asan iş xalqı tənqid etməkdir...
 
- Xalqı heç bir zaman tənqid etməmişəm. Tənqid edənlərə də tənqid etməməyi məsləhət görmüşəm. Düşünürəm ki, Azərbaycan xalqı necə bir xalq olduğunu 1988-ci ildə ortaya qoydu. Xalq tankın altına yıxıldı, həyatından keçdi. Həyatından keçən onlarla insanlar var ki, Şəhidlər Xiyabanında uyuyur. Ona görə də, düşünürəm ki, xalqı yox, xalqın inamını qıranları qınamaq lazımdır.
 
- Azərbaycanda kifayət qədər narazı insanlar var, ancaq bu insanları etirazçı edə bilmirlər. Bu kimin günahıdır?
 
- Buradan mitinqlərin keçirilməsinə keçid almaq istəyirəm. Mitinq keçirilmədən öncə bir yazı qələmə almışdım. Orada bildirmidim ki, nəyə görə xalqı toparlamadan mitinqlərin keçirilməsi ziyanlıdır. Mitinq keçirilir. Mitinqdə az adam iştirak edəndə hakimiyyət mediası bunu "xalq müxalifəti dəstəkləmir" kimi qələmə verir. Onda belə çıxır ki, xalq iqtidarı dəstəkləyir. Bu bəhanəni onlara vermiş oluruq. Bu gün əminliklə deyə bilərəm ki, xalq iqtidarı dəstəkləyə bilməz. Azərbaycanda hər bir ailədə banklara borclu olan insanlar var. Banklardan həmin evlərə zənglər gəlir. Onlar narahat həyat sürməkdədirlər. Bir çox insanlar işsizdir, çörəyə möhtac qalıb. Belə bir xalq iqtidardan razı qala bilməz. Əgər xalq müxalifətin də mitinqinə çıxmırsa demək ki, xalq müxalifətdən də razı deyil. Əfsuslar olsun ki, bu gün xalq nə müxalifətin yanındadır, nə də iqtidarın yanındadır. Xalq seçimini edəcək. Xalqla dərindən işləmək, xalqın əvvəlki inamını özünə qaytarmaq lazımdır ki, müxalifət mənimlə oyun oynamır, səmimidir mübarizəsində, qorxmayacaq, çəkinməyəcək, xalqın danışan dili, vuran ürəyi olacaq. Bu proses yavaş-yavaş Azərbaycanda yetişməkdədir. Azərbaycanda bu proses bir neçə dəfə yetişib, ancaq Azərbaycan müxalifətinin başında dayananların içindəki iddialar insanların inamını qırmağa xidmət edir. Onlar bir mitinq keçirir, deyək ki, gəlir 5 nəfər. Növbəti mitinqə 6 nəfər gəlir və hakimiyyət görür ki, bundan sonrakı mitinqdə 10 nəfər gələcək. Ona görə də, mitinqə icazə vermir. Mitinqə gələnlərin sayı çoxaldıqca iddialar çoxalır və icazəsiz mitinqlər keçirirlər. Bu zaman isə polis gəlib insanları əzir, döyür. Xalqın övladları həbsxanaya düşür. Liderlər isə gedir çay içməyə. Nəticədə xalqın gözü qırılır, inamı itir, bir çoxları universitətlərdən qovulur, mitinqə çıxan fəalların valideyinləri işdən azad olunur, təzyiq məruz qalır və yaxud mühacirətə getməyə məcbur qalır. Bununla da proses 2-3 il dala düşür. Əsas problem budur.
 
Yadımdadır, 2010-cu ilin noyabrında İctimai Palata yarananda dekabr ayında ərəb baharı başladı. O zaman Müsavat Partiyasının indiki qərargahını ofis kimi istifadə edirdik. İctimai Palatanın da iclasları orada keçirilirdi. Mart ayına yaxınlaşanda artıq Müsavat Partiyasının qərargahının qarşısında və içərisində yer olmurdu, ancaq mart ayına qədər zalda boş yerlər də qalırdı. Bunu görəndə Müsavat Partiyası mart ayının 11-nə mitinq təşkil etdi. O zaman bildirdi ki, indi olmaz, toparlanaq, gücümüzü yığaq, ancaq mitinqi keçirdilər. Sonra isə 2 aprel mitinqi keçirildi. İnsanlar döyüldü, xalqın gözü qorxdu. Bununla da dayanmadılar. 17 aprel mitinqində isə tam iflas oldu. Çoxlu sayda insanlar həbs olundu və 2013-cü il prezident seçkilərində belə xalq özünə gələ bilmədi. İndi də xalqda narazılıq yetişir. Xalqın narazılığını pöhrələndirmək lazımdır. Süd qaymaqlandıqca onun qaymağını yeyəndə süd yağsız qalacaq.
 
Mitinqlərin keçirilməsinin tərəfdarıyam. Xalqın etiraz səsi olmalıdır. 10 nəfər də olsa, mitinqlər keçirilsin. Dərindən düşünmək azımdır ki, 2-3 ay sonra bu bizə nə vəd edir. Çünki biz indiyənə qədər səhv edə-edə, uduza-uduza gəlmişik. Xalqın da inamı qırılıb. Xalqın inamını bir dəfə də qırsaq ondan sonra xalqın inamını bir də qaytarmaq mümkün olmayacaq. Onsuzda neçə illərdir nəticəsiz siyasət aparanlar xalqın önündə gedə bilməyəcəklər. Hazırda nə iş görürlər görsünlər, ancaq onlar xalqın qabağında avanqard ola bilməyəcəklər. Ona görə də, xalqı qınamaq olmaz. Xalqın inamını qaytarmaq üçün çox ciddi işlər görmək lazımdır. Bu işləri görüb, ancaq onu şəxsi ambisiyaya bağlayanda problemlər olacaq.
 
Mənim 18 sentyabr Müsavat Partiyasının təşkil edəcəyi mitinqinə qatılmaq fikrim var idi. Sonra fikrimdən vaz keçdim. Ona görə ki, onlarla bir yerdə olan zaman da Müsavat Partiyası ilə Əli Kərimli arasında gedən müharibədən yorulmuşdum. Bezmişdik, insanlar da bezmişdi. Bu gün Müsavat Partiyası 18 sentyabra mitinq təşkil edir və Milli Şura mitinq zamanı 17 sentyabra mitinq təyin edir. Bu xalqın üzünə tüpürməkdir. Xalqın inamını qırmaqdır. Bundan sonra xalqdan inam gözləyə bilərsinizmi? Müsavat Partiyasının təşkil etdəcəyi mitinqə gedəcəkdim, ancaq getməyəcəm. Bu qərar məni iyrəndirdi. Bu iyrənc hərəkətlərlə xalqı da iyrəndirmişik. Bəzi məsələlərdə müxalifət arasında inteqrasiya, barış olmalıdır. Biz bilməliyik ki, nə istəyirik, kimlə gedirik. Hər kəs xalqın fəallığı üzərində özünün ambisiyasını, özünün qəhrəmanlığını qurmaq istəyirsə bu xalq, millət, demokratiya və Azərbaycan üçün çox ziyanlıdır.
 
- Mitinq zamanı sentyabrın 17-nə mitinq təyin edəndə bir çoxları elə oradaca təəccübləndi. Onsuzda Müsavat Partiyası 17 sentyabr mitinq edəcəkdi. Milli Şuranın son mitinqində müsavatçılar da var idi. Hətta Əli Kərimli tribunadan çıxış edəndə bildirdi ki, müsavatçıları salamlayıram. Çox insan gözləyirdi ki, Əli Kərimlinin son sözü o olacaq ki, ayın 18-dəki mitinqə hamılıqla gedək. Ancaq gözlənilənin əksinə ayın 17-nə yeni mitinq təyin etdi. Bu nə qədər məntiqli idi?
 
- Bu tam məntiqsizlik və düşünürəm ki, bütün müxalifət düşərgəsi həqarət idi. Müsavat Partiyasını tənqid edirəm, Arif Hacılını tənqid edirəm, Müsavat Partiyasının bugünki siyasətini çox yarıtmaz hesab edirəm, ancaq bu məsələdə Arif Hacılını haqlı görürəm. Pis-yaxşı ayın 18-nə mitinq təşkil edib. Sağ olsun, əziyyət çəkir. Lap 10 nəfər də gəlsə buna sağ ol demək lazımdır. Hərəkətlilik var, nəsə etmək istəyir. Öz şəxsi ambisiyana görə Müsavat Partiyasının mitinqindən bir gün qabaq mitinq təşkil etmək Hafiz Hacıyev siyasətinə bənzəyir. Əvvəllər də belə şeylər olub. Müxalifət ayın 10-na mitinq təyin edəndə iqtidar ayın 9-na mitinq təyin edirdi. Müsavat Partiyası ilə Müasir Müsavat partiyası arasında problemlər olan zaman İsa Qəmbər ayın 12-nə mitinq təyin edəndə, Hafiz Hacıyev deyib ayın 11-i mitinq keçirəcəm. Bu gün müxalifəti parçalamaq olarmı? Bu gün bilmək lazımdır ki, Azərbaycan siyasətində kim səhv yoldadır, kim haqq yolda. Bu gün müxalifət bir-biri ilə mübarizə aparacaqsa, xalq o müxalifətin yanında ola bilməz.
 
- Sizin partiya nə zamanasa mitinq planlaşdırır, yoxsa?
 
- 10 gün öncə bir yazı yazmışdım. Orada mitinqə niyə hazırlaşmadığımızı izah etmişəm. Əgər mitinq keçiririk, narazı kütləni qabağa gətiririk və buna davam edə bilmiriksə biz o insanları hakimiyyətə tanıtdırırıq, onlar görünür, təzyiqlə üzləşir, onların inamları qırılır. Biz 20-30 min insanı eyni vaxtda mitinqə çıxara bilmirik. Biz hakimiyyəti əvvəlcədən kimin nə qədər gücü olmaq barədə məlumatlandırmaq missiyası daşımaq istəmirik. Bu gün insanları mitinqə çıxaraq, hakimiyyət bilsin ki, bizim gücümüz nə qədərdir. Əmin olsam ki, 20, 30, 40 min insanı mitinqə çıxara biləcəyik o zaman öndə gedəcəyik. 5-6 min insanı mitinqə çıxarırlar. Hakimiyyət bilir ki, bu artan xətt üzrə davam edəcək və bunun qarşısının alınması üçün bütün addımlar atılacaq. Polis mitinqə gələnlərin qarşısını alacaq, mitinq fəallarının evinə sahə müvəkkilləri gedəcək, onların qohumlarına xəbərdarlıq olunacaq, bəziləri işini itirəcək və beləliklə, proses get-gedə səngiyəcək. Ora gələnlər misal üçün deyək min nəfərdir. Min nəfəri ayırd edib susdurmaq mümkündür. Ancaq 30 min olsa bunu çatdırmaq mümkün olmayacaq. Bizim belə təcrübəmiz olub dəfələrlə. İnsanların sayını 10 minə qədər çatdırmışıq, sonra proses ölüb və təzədən 2-3 il taym-aut götümüşük. Artıq taym-aut götürmək xalq, millət, demokratiya üçün də ziyanlıdır.