“Müsavat artıq bizə maraqlı deyil”

Tural Abbaslı: “Partiyamızın ideologiyası zatən müsavatçılıqdır”...
“Azərbaycanda siyasət professional deyil, şəxsi müstəvidə aparılır”
Müsavat Partiyasının iki il əvvəl keçirilən qurutayından narazı gənclər artıq öz partiyalarını yaradırlar. Bir müddət əvvəl təşkil olunan “Ağ blok”un üzvləri mayın sonunda Ağ Partiya olaraq siyasi səhnəyə daxil olacaqlar. “Ağ blok”un təsisçilərindən biri, Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı partiya sədrliyinə iddialıdır. Bir neçə gün əvvəl Müsavat Partiyası ilə yollarını tamamilə ayıran T.Abbaslı özü ilə xeyli müsavatçı gənci yeni partiyasına aparır. Son günlər mətbuatda iyirmidən artıq müsavatçı gəncin istefa xəbərləri yayılır. Partiya rəhbərliyi bunu soyuq qarşılasa da, gedənlər istefalarının ciddi ikti olduğu qənaətindədirlər. Onlar bildirirlər ki, artıq Müsavatda qalmaq vaxt itkisidir, ondansa yeni partiyalarında daha ciddi işlər görüb, uğurlar qazana bilərlər.
Əməkdaşımız Ağ Partiyanın yaranması ərəfəsində Tural Abbaslı və dostları ilə görüşüb. “Ağ blok”çular bir neçə ay əvvəl agxeber.com saytı yaradıb ofis icarəyə götürsələr də, artıq ofisdən çıxıblar. Səbəb kimi maliyyə çətinlikləri göstərilir. Artıq yaranacaq partiyanın təmsilçiləri Tural Abbaslının evində toplaşıb müzakirələrini davam etdirirlər. Biz də bu müzakirəni kənardan müşahidə etmək istədik...
Tural Abbaslı bizi görən kimi otağında gedən söhbəti dəyişir və suallarımıza cavab verməyə hazır olduğunu bildirir. O, Ağ Partiyanın ölkə siyasətində uğur qazanacağına və seçiləcəyinə əmindir: “Azərbaycan siyasi səhnəsinə yeni nəfəs gətirməyə çalışacağıq. Bizdə olan təcrübə ilə məncə, gətirəcəyik. Müsbət rəqabət mühiti yaradacağıq. Müsbət rəqabət mühitində siyasi durum bir az aktivləşəcək. Bizim planlarımız var, partiya yaranan kimi bunları edəcəyimizi demirik. Düşünürük ki, partiya olaraq atılmalı addımlar çoxdur. Hansı ki, onu indiki bəzi partiyalar atmırlar. Ciddi addımlar atmaq niyyətindəyik. Birinci növbədə gərək siyasi mühit yaxşılaşsın. Artıq müxalifətə düşmən kimi baxılmasın. Terror təşkilatı kimi, İŞİD kimi yanaşılmasın. Müxalifət partiyalari sistemin tərkib hissəsi olsun. Biz partizan müharibəsi aparırmış kimi müxalifətçilik etməməliyik. Bunun Azərbaycan mühitində perspektivi yoxdur”.
Sonra söhbət T.Abbaslının 16 il üzvü olduğu Müsavat Partiyasından düşür. Gənclər nə qədər də “Müsavat artıq bizim üçün maraqlı deyil”,- desələr də, bu barədə danışılacaq çox söz var. Öyrənirik ki, yeni partiyaya T.Abbaslı iki qardaşını da aparır. Onlardan biri Müsavatdan istefa verib, digəri də hazırlaşır. Ailədən təkcə Müsavat Divanının üzvü olan Başxanım Abbasova Müsavatda qalacaq. Amma o da partiyadan narazıdır: “Turaldan əvvəl partiyadan gedənləri müzakirə etmişdilər, Turalgilə çatanda susdular. Guya bunlar üçün fərqi yoxdur. Mən partiya Divanının iclaslarına gedəndə deyəsən əsas məsələləri ya məndən əvvəl yığışıb müzakirə edirlər, ya da məndən sonra”. T.Abbaslı anasını Müsavatdan danışmamağa çağırır: “Müsavat artıq bizə maraqlı deyil”. Anası isə deyir ki, “yox, mən o partiyanı doğma partiya bilirəm”. Otaqda gənclər etiraz edirlər, B.Abbasova isə sözünə davam edir: “Mən o partiyaya bağlıyam. Oğlumun partiya yaratmasını dəstəkləsəm də, o partiyaya keçməyəcəm. Təzə üzlər, təzə simalar lazımdır köhnəliblər onlar (müsavatçılar-red.), onlardan heç nə olası deyil”.

T.Abbaslı isə yenə etiraz edir. “Siyasətdə bu cür düşünən, siyasət bilməyənlər olduqları üçün qələbə qazana bilmirik”,- deyə zarafat edir. Sual verirəm: “Niyə bilmir ki, axı Divan üzvüdür?”. “Elə Divan üzvləri siyasəti bilməyənlərdir də”,- deyə T.Abbaslı narazılığını bildirir. Anası isə yeni partiyaya müvəffəqiyyət arzu etdiyini vurğulayır: “Çox gözəl təşəbbüsdür”.
T.Abbaslı qeyd edir ki, hazırda əksər müsavatçıların Müsavat Partiyasına bağlantısı fərqli şəkildədir: “Bu, siyasi mübarizədən daha çox mənəvi bir bağlılıqdır, mənəvi bir öhdəlikdir. Necə ki, Türkiyədə Atatürkçülük var, bizdə də müsavatçılıqdır. Müsavatda onlarla insan tanıyıram ki, heç bir hədəfləri-filanları qalmayıb. Deyirsən bəs müsavatçı adını niyə saxlayırsan, niyə çıxmırsan partiyadan, deyir bilirəm heç nə olan deyil, amma Müsavatdır da. Amma biz gəncik, ambisiyamız, hədəfimiz var. O cür qərar verənlərin çoxu artıq bəlli bir yaşı keçiblər. Onlar deyir ki, nə olacaq 60 yaşdan sonra partiyadan ayrılsaq? Amma biz deyirik ki, burada vaxt itiririk. Müsavata mənəvi bağlılığımızdan sui-istifadə edirlər. Qurultaydan iki ilə yaxın vaxt keçir, bu müddətdə partiyadan çıxmamağımın səbəbi mənəvi bağlılıq idi, bəlkə düzəldi deyə düşünürdüm. Mənim yaşda olan adam üçün hər saniyə daha dəyərlidir. Karyera qurulması baxımından məhsuldar yaş dövrüdür. Amma adam gözləyir ki, bəlkə nəsə düzələcək. Bir mühit yaranacaq bəlkə, səhvlərini başa düşəcəklər. Amma sonra görürsən ki, yox. Özləri özlərini qaza gətirirlər. Ona görə dedik ki, öz partiyamızı yaradaq. Bizim partiyanın ideologiyası zatən müsavatçılıqdır”.
Gənclər bildirirlər ki, partiya yaranmadan belə siyasi aktivlik göstərirlər. Belə ki, “Ağ blok”un üzvlərindən Kərim Kərimli 90 saylı Ağdaş Seçki Dairəsindən təkrar seçkilərə qoşulub. “İki günə imza vərəqələrini götürəcəyik. Özümüzü hakimiyyətlə rəqib görürük”,- deyə K.Kərimli vurğulayır.

Əhəd Məmmədli isə deyir ki, Ağ Partiya olaraq Azərbaycana həm də yeni bir siyasi cərəyan gətirmək istəyirlər: “Azərbaycanda siyasi partiyaların hamısının proqramları, şüarları eynidir. Qərbə inteqrasiya, liberal demokratiya, azad iqtisadiyyat... YAP-da da belədir, müxalifətdə də. Amma hamı da bir-birinə düşmən gözü ilə baxır. Çünki Azərbaycanda siyasət professional deyil, şəxsi müstəvidə aparılır. Bu münasibətlərin əsiriyik. Biz isə yeni siyasi cərəyan gətirmək istəyirik- mühafizəkar, milli kökə dayanıqlı, sağ mərkəzçi siyasi cərəyan”.
Cavid Hacıbəyli isə bildirir ki, siyasi arenaya canlanma gətirəcəklərindən əmindir: “Biz siyasətlə yeni məşğul olmağa başlamamışıq. Ona görə həvəskar kimi yox, peşəkar kimi yolumuza davam edəcəyik. Partiyamızın qurultayından sonra əsas işimiz təşkilatlanma olacaq və inanıram ki, qısa zamanda üzvlərimizin sayrı artmaqda davam edəcək. Digər siyasi partiya və təşkilatlarla da səmimi əməkdaşlıq olacaq. Beynəlxalq əlaqələrimiz qurulacaq. Partiyamıza təkcə gənclər yox, yaşından asılı olmayaraq hər kəs üzv ola bilər. İnanıram ki, siyasi arenaya yeni canlanma gətirəcəyik”.
Partiyadan son günlər kampaniya şəklində çıxan, istefa verən gəncləri də müzakirə edirik. T.Abbaslı deyir ki, məqsədləri kampaniya şəklində addımlar atmaq deyil. “Bizim bir neçə il əvvəl partiyadaxili vuruşmamız gənclər təşkilatının üzərində olmuşdu. Gənclər təşkilatına sədrlik uğrunda bütün partiya resurslarını istifadə etdi ki, Tural Abbaslı və onun dostlarından gənclər təşkilatını alsınlar. Qızğın mübarizə getdi. Qarşı tərəf də bizim gənclər idi. Sadəcə olaraq siyasi təcrübələri nisbətən az olan gənclər idi deyə indiki rəhbərlikdə təmsil olunanlar onları aldada, şirnikləşdirə bildilər. Amma hazırda 90 faiz onların yanında deyil. Həmin ərəfədə iki tərəf var idi, bizdə yüzdən artıq gəncin siyahısı vardı. Biz namizədimizə səs verən həmin gənclərin siyahısını mətbuata təqdim edib istefalarını elan edə bilərdik, amma etmədik. Bunu həmin dostların öhdəsinə buraxdıq ki, kim istəyirsə, istefasını mətbuata açıqlasın. Amma düşünürəm ki, həmin gənclərin atdığı addımı cəmiyyətə duyurmaq haqları var”.
O, qarşı tərəfin sakitliyinə də diqqət çəkir və münasibətini açıqlayır: “Müsavatın bərpa qurultayında təşkilat komitəsinin üzvü olan adamı kvorum olmayan dörd nəfərlə çıxaran rəhbərlikdir. Gənclərin istefasına hansı reaksiyanın veriləcəyini gözləyirsiniz ki? Dörd başqanlığa namizəddən ikisini partiyadan qovublar, yeganə mənəm ki, özüm çıxmışam. İstefamızın partiya tərəfindən ciddiyə alınmadığını isə düşünmürəm. İnanmıram ki, nüfuzu bizdən az olan insanların istefasına münasibət bildirən rəhbərlik bizim istefamızdan narahat deyil. Dörd vicdan məhbusu çıxıb bu günlərdə partiyadan. Bu, o qədərmi ciddiyə alınmayacaq bir şeydir? Bunu rəhbərlik iki halda vecinə almaya bilər- ya dəyərini bilməyib vecinə almır, bu da normal siyasətçiyə yaraşmır. Ya da vecinə alır, özlərini o cür göstərirlər. Amma artıq rəqiblərin bizim haqqımızda nə düşündüyü bizə maraqlı deyil. Çünki hər atılan daşa dönüb arxaya baxsaq, yolu görmərik. Bizim üçün əsas ictimai fikir önəmlidir. İstefa vermişik, onlarla müsavatçı zəng edir ki, eşq olsun, dəstəkləyirik”.
Sual edirik ki, iki il əvvəl başqanlıq seçkisində də bu cür dəstəklər sözlə ifadə edilirdi, ancaq sonda namizəd olaraq cəmi 20 səs ala bildi. Yəni bu dəstəklər səmimidirmi? “O zaman başqanlıq səsverməsində siyasi nüfuzum, partiyadaxili çəkim önəm kəsb etmirdi. Gənclik faktoru rol oynadı. Ortayaşlı nəsildə gənclik sindromu var. Düşünürlər ki, bu gənclər bizə rəhbərlik edə bilərmi? O kompleks işə düşdü deyə mənə səs verilmədi. Amma bu gün istefa verən gənclərimizin yenə partiyadaxili nüfuzu, təsir imkanları kifayət qədərdir. Ambisiyasız müsavatçıların mövqeyi maraqlıdır. Çünki insanlar mübarizəyə qiymət verirlər, postlara yox. Qurultaydan sonra indiki rəhbərlikdə yanlış fikir formalaşmışdı ki, guya kiməsə post verəndə post adamı adam edəcək. Amma əslində postu post edən oradakı addır, adamdır. Hansısa adın qabağına müavin, müşavir, Divan üzvü yazmaqla, o, fiqur olmur. Düşündülər ki, Tural olmasın, Cavid olmasın, yenidən onları yetişdirərik. onların vəzifələrini kimlərəsə versək, gəlib onlar kimi olacaqlar. Amma bilmədilər ki, elə deyil. Bu iki ildə qurultaydan keçən müddət göstərir ki, elə deyil. Baxın bizim dövrümüzdəki və sonrakı, qurultaydan sonrakı Müsavat arasında hansı fərq var”.
Söhbət partiyanın maliyyə məsələlərinə də gəlib çatır və gələcək sədr deyir ki, təcrübə ilə maliyyə tərs mütənasibdir. Yəni böyük təcrübə varsa, maliyyə minimum lazımdır: “Bəlli bir miqdarda maliyyə lazımdr. Amma maliyyəni bəhanə edib işləməmək olmaz. Maliyyəni bəhanə etmək istəmirik. Bizi normal mübarizə aparandan sonra bilirəm ki, siyasi səhnədə mübarizə aparmaq üçün lazım olan kifayət qədər maliyyə gələcək. İnsanlar işimizi görməlidir. Bunlar texniki məsələlərdir. Qısa bir zamanda həll edəcəyik. Ona böyük bir maliyyə də lazım deyil. Çalışacağıq qeydiyyatlı partiya olaq. Dövlət artıq bizə öhdəliyində olduğu kimi qərargah ayırsın. Beynəlxalq siyasi aləmdə maliyyə tapma sənəti var. Bu sahə Azərbaycanda az inkişaf edib. Biz bu sahə ilə də məşğul olacağıq. Əminəm ki, kifayət qədər dəstək alacağıq”.
Başxanım müəllimə isə söhbətin uzandığını görüb məni mətbəxə çəkir: “Gəl, sənə çiyələk mürəbbəsi ilə çay verəcəm, mürəbbə bişirməyi də öyrədəcəm”. Amma mətbəxdə yenə də söhbət mürəbbədən siyasətə keçid edir: “Müsavata canımı qoydum, demək bəlkə də yaxşı deyil, amma məcburam deməyə. Varımı-dövlətimi qoydum Müsavatın yolunda. Nə qədər təkliflər oldu, vəzifələr təklif etdilər ki, gəl işlə. Mədəniyyət Nazirliyi neçə dəfə təklif etdi, istəmədim. Baxmayaraq ki, təkbaşına dörd uşaq böyüdürdüm. İstəmişəm ki, təmiz müsavatçı olum. Fikirləşirdim ki, biz hakimiyyətə gələcəyik. Amma indi görürəm ki, ümidlərim doğrulmadı. Hətta illər əvvəl hakimiyyətə gələndə mənə heç kitabxanaçılığı da təklif etmədilər. Azından onda universitetdə dosent idim. Bir dəfə İsa Qəmbərə gənclərlə görüşdə sual verdim ki, niyə qadınların potensialından istifadə etmirsiniz? Qayıtdı ki, vəzifə istəyirsən? Əslində vəzifə istəmirdim. O vaxt savadlı, bacarıqlı, qadınlarımız vardı ki, siyasətdə aparıcı ola bilərdilər. Vəzifəyə qoyulan çox kişilərdən qabiliyyətli idilər və kişilərdən daha yaxşı iş görə bilərdilər. Amma onların heç birini hakimiyyətə qoymadılar”.