Murad Köhnəqala: “Prezidentə müraciət eləmişəm” – MÜSAHİBƏ

 
Teleqraf.com tanınmış yazar Murad Köhnaqala ilə müsahibəni təqdim edir:
 
- Murad bəy necəsiniz? Əvvəlcə uşaqlardan başlayaq, Amur necədi?
 
- Çox sağ ol əzizim, yaxşılıqdı. Amur sənin oğlun Barışı özünə qardaş bilir, ona görə də hər gün Barış Mançoya qulaq asır. Ancaq sənə bir sirr açım, körpə uşaqların yuxulamasına “ağ səs” (belıy şum) deyilən tozsoran, fen, drel, yağış səsləri kömək edir. Amur yata bilməyəndə internetdən tapıb o səsləri qoyuruq.
 
- Yaxınlarda feysbuk səhifənizdə yazıb-yaratmaqdan bezdiyiniz barədə status yazmışdınız. Mövlud bu açıqlamadan təsirlənib haqqınızda bir yazı yazdı. Doğrudanmı vəziyyət bu qədər ciddidir?
 
- İndiyədək yazdıqlarımın təxminən beşdən biri kitab halında çap olunub. Hazırda çap olunmamış iki roman, iki hekayələr kitabı, (satirik və uşaq hekayələri) bədii-publisistik yazılardan ibarət kitab, maraqlı insanlar haqda araşdırmalar toplusu hazır halda əlimin altındadı. Altı kitabdı. Tələb olunan vəsait olmadığından bu kitablarım işıq üzü görmür. İkinci kitabım “Bulud pinəçisi”nin çapına vaxtilə Ədəbiyyat İnstitutunda müəllimim olmuş İqor Volqin sponsorluq etmişdi. Ona məktub yazıb vəziyyəti bildirdikdə, o, kitabın “Adiloğlu” nəşriyyatında çap olunması üçün mənə min dollar pul göndərdi. Kitabın girişində bu haqda yazılıb.
 
Bizdə milli burjuaziya yetişmədiyindən, yazıçı, şair, sənət adamları, ziyalılar maddi çətinliklər ucbatından yaradıcılıqla məşğul ola bilmir. Nəticədə sifarişli, keyfiyyətsiz ədəbiyyat meydana gəlir.
 
Mən həmişə yazıram. Sadəcə, yazmaq istədiklərimi yox, məndən istəniləni yazmağa məcburam.
 
- Problem təkcə bundadırmı? Tutaq ki, sizin bütün maddi ehtiyaclarınız ödənildi, onda nə yazardınız? Ümumiyyətlə, yazardınızmı?
 
- Mən həyatı kifayət qədər bilən, rəngarəng həyat yaşamış adamam. Yazmaq istədiklərim çoxdu. Bir dəfə feysbukda yazmışdım ki, şeir ədəbiyyatın uşaqlıq dövrüdü. Mən o dövrü çoxdan keçmişəm. Ancaq adam var ki, ömrünün axırına qədər uşaq qalır, yəni şeir yazır. Amma dediyimiz maddi problemlər həll olunsaydı geniş nəsr əsərləri yazardım. Təbii ki, roman yazmaq üçün insanda zaman arxayınçılığı olmalıdı. Ümumiyyətlə, mürəkkəbliyinə görə, roman janrına bir dövlət kimi baxıram. Roman yazan yazıçıda axrayınçılıqla bərabər mütəfəkkir hökmdar beyni olmalıdı. Əsər müəllif tərəfindən dövlət kimi idarə edilməlidi.
 
- Yəni müəllif obrazlar üzərində diktator olmalıdı?
 
- Diktator nə üçün? Müəllif hardasa, deizmin tanrısı kimi bir şeydi, obrazları, onların taleyini yaradır, və sanki onların işinə qarışmır. İdarəetmə məsələsi struktur, süjet, yazıçının ötürdüyü ideya üçün keçərlidi.
 
- Yaradıcılıq xüsusi enerji tələb edən prosesdi. Siz necə, yazan zaman əlavə köməkçi vasitələrdən, məsələn, (alkoqol, narkotik və s.) istifadə edirsiniz yoxsa hər şey təbii istedadın hesabına başa gəlir?
 
- Narkotiki bəribaşdan kənara qoy. Qaldı içki. Mən içkili halda, ümumiyyətlə, yaza bilmirəm. Heç vaxt da yazmamışam. Amma yaxşı bir yazı yazandan sonra onu içki ilə qeyd eləyib yorğunluğumu çıxarmışam.
 
- Mənim atamla yaşıdsınız. Ancaq sizin yanınızda heç vaxt darıxmamışam, özümü yaşca kiçik hesab etməmişəm. Baxmayaraq ki müsahibə üçün “siz” deyə müraciət edirəm, lakin ədəbi mühitdə gənclərin çoxu, elə özüm də daxil, sizi özümüzə yaxın tay-tuş bilirik. Bu, nə ilə bağlıdı?
 
- İnan ki metroda, avtobusda gənclər heç vaxt mənə yer vermir. Nədənsə, tanımadığım gənclər də məni öz yaşıdları kimi qəbul edir. Məndən arxayındılar, yəni. Bu, özümə də ləzzət eləyir. Əslində, müəyyən qədər müəllimliyim çatsa da, gənclərin mənə “sən” deməyini, öz tay-tuşu kimi münasibətdə olmasını özümə qazanc bilirəm.
 
- Maraqlı həyat tarixçəniz var. Moskvada təhsil aldınız, Rusiyada yaşadınız, sonra Azərbaycana qayıtdınız, İsveçə mühacirət etdiniz, yenidən Azərbaycanda yaşayırsız. Belə bir keşməkeşli, qalmaqallı taleyiniz var. Bu taleyə hansı düzəlişlər etmək istərdiniz?
 
- Taleyimdən narazı deyiləm. Hər hansı bir məşhurun və ya milyonçunun həyatı ilə müqayisədə həyatım özümə daha maraqlı, rəngarəng, qorxulu, daha riskli, çəkici gəlir. Hərdən fikirləşirəm, görəsən, mən öz taleyimi kiminsə taleyi ilə dəyişməyə razılaşa bilərəmmi? Hər dəfə bu fikirlər üzərində düşünürəm və yenə də onların həyatında xoşagəlməz bir məqam tapıb axmaq kimi razılaşmıram.
 
- Elə bir arzunuz var ki, onun həyata keçməsi üçün bütün yaradıcılığınızı qurban verərdiniz?
 
- Elə arzularım var ki, yaradıcılığım onların yanında çox kiçikdi. Bu arzular övladlarımla bağlıdı
 
- Pula çox ehtiyacınız olsa şeirlərinizi müəlliflik hüququ ilə birlikdə satarsınız?
 
- Yazar öz yaradıcılığı ilə cəmiyyətə sözünü deyir, estetik tryuklar eləyir. Mən bütün yazılarımla cəmiyyətin, insanların gözəlləşməsini istəmişəm. Lazım olan qədər pul verən olsaydı, yazdıqlarımın hamısını satar, müəlliflik hüququnu da bağışlayardım. Təki yazdıqlarım cəmiyyətə çatsın, müəllifin kim olmasının nə fərqi var? Belə olsa, həm də yenidən daha yaxşılarını yazmağa imkanım yaranardı. Yəni yazıb satmağa razıyam. Məsələn, mən uşaqlar üçün povest və hekayələr yazmışam. Çox istəyirəm onları məktəbli uşaqlar oxusun. Qoy, başqa müəllifin adıyla oxusunlar, təki fikirlərim onlara çatsın.
 
- Gəlin söhbəti bir az sentimentallığa sürüyək, ölümdən qorxursunuzmu?
 
- Ölümlə mənim aramdakı hissi qorxu ilə yox, kədərlə ölçmək olar. Yəni sualı belə verə bilərdin: ölsən nə qədər kədərlənərsən? Ölüm qorxulu deyil, çünki hamımız öləcəyik. Ancaq çox kədərlidi, həyatımız çox qəddar qurulub. İkinci şans yoxdu. Getdin, bir də qayıtdı yoxdu. Çox istəyirəm Amur böyüyənə qədər ölməyim. Yəni istəmirəm Amur məni şəkillərimə baxıb təsəvvür eləsin, istəyim bu ki, məni şəxsən  tanısın. İstəyirəm, onu bu dünyaya nə üçün gətirdiyimizi özünə izah eləyim. Amurun ağlı kəsəndən sonra ölməyə razıyam.
 
- Bəs necə ölmək istəyirsiniz? Hansı şəraitdə? Yanınızda kimlər olsun? Heç bu barədə düşünmüsünüz?
 
- Əslində, ölmək barədə heç düşünməmişəm də. Fiziki sağlamlığım hələ ki, bu fikirləri çox da yaxına buraxmır. Bu sualdan sonra düşündüm, doğrudan da ölsəm yanımda kimin  olmasını arzulayardım? Heç kimin! Heç bir doğmamın qanını ölümümlə qaraltmaq istəməzdim. Nə pis sualdı bu! İstəmərəm mən öləndə hansısa sevdiyim insan bu prosesə baxa. Mən atamın ölümünü izləmişəm, ona görə bunu heç kimə qıymaq istəmirəm. Belə dərin məsələni müsahibə kimi atüstü yazılarda çözmək düzgün deyil.
 
- Xalq yazıçısı Anar mətbuata açıqlamasında demişdi ki, qapım Muradın üzünə açıqdır. Bu sözdən sonra Anarın qapısını döydünüzmü?
 
- Hə, Elçin Hüseynbəylinin vasitəçiliyi ilə Anar müəllimlə görüşdüm. Ümumiyyətlə, mən hələ də o fikirdəyəm ki, AYB-AYO qarşıdurmasında ədəbiyyatımız heç nə itirmədi, əksinə, ona ədəbi estetikalararası rəngli polemikalar qazandırdı. Ancaq həmin görüşdə Anar müəllimin mehriban davranışı məni çox təsirləndirdi. Söhbətə başlayan kimi, yüz il dostluq elədiyim adamlardan umduğum, lakin heç vaxt eşitmədiyim sualı Anar mənə verdi: “Sənə nə kimi köməklik edə bilərəm?” Açığı, onun mənə qarşı olan səmimiyyətindən xeyli sarsıldım.
 
- Murad bəy, hazırda kirayə evdə qalırsınız, maddi durumunuz ağırdı, necə yola verirsiniz bu işləri?
 
- Özün bilirsən ki, mən ağlamağı sevən adam deyiləm, eyni zamanda olanı söyləməkdən də qaçmıram. Lent.az saytına yazdığım yazıların qonararı ilə dolanıram. Əsasən, araşdırmalar  verirəm sayta. Həmin yazılarla cəmiyyəti müsbətə doğru dəyişəcək xoşməramlı fikirlər ötürürəm. Ordan aldığım məvacib isə ev kirayəsi haqqından  bir az artıqdı. Maddi sıxıntılarım var, bəli. Bir neçə imkanlı dostun köməyi olmasa, bataram. Son vaxtlara qədər bir uşaqlıq dostum Rusiyadan mənə dolanışıq pulu göndərirdi, zəng eləyib ürək-dirək verirdi. İndi onun da vəziyəti yaxşı deyil, artıq yardım edə bilmir. Şair dostum Adil Şirinin köməyi dəyirdi, onu da tutdular. Uşaqlarıma lazım olan maddi dəstəyi göstərə bilmirəm. Mən bu dünyadan özümə heç nə istəmirəm, təki balalar yaxşı yaşasın.
 
- Kirayədə yaşamaq çox ağırdı...
 
- Hə, özün yaşamısan, bilirsən bunu. Ay tamam olana qədər adamın beyni yeyilir ki, görəsən, hardan tapıb verəcəm. Bu, dəhşətdi. Ev sahibi insaflı olanda adam lap xəcalət çəkir. Keçən dəfəki evin sahibi cavan oğlan idi, özümü də internetdən tanıyırdı, hər dəfə zəng edəndə utandığını hiss eləyirdim. Buna görə onun pulunu bacardıqca gecikdirmirdim. Ev özünün  deyildi, pulu məndən alıb Ukraynada yaşayan qaynanasına göndərirdi.
 
- Bəs ev almaq şansın heç yoxmu?
 
- Mənim yazıçılığım bir yana, jurnalistlik fəaliyyətim 25 ildən çox olar. Heç bir partiyanın üzvü olmamışam, cəmiyyətdəki ictimai  proseslərə ziyalı mövqeyimi bildirmişəm. Müstəqillik dövrü Azərbaycan publisistikasında  yeniliklər eləmişəm. Ona görə hesab edirəm ki, mənim bu yaşa qədər evsiz-eşiksiz qalmağım cəmiyyətə heç də xoş enerji ötürmür. Yeri gəlmişkən, mənzillə təmin olunmağım üçün  prezident İlham Əliyevə müraciət məktubu ünvanlamışam. Ümidvaram, Azərbaycan mətbuatında göstərdiyim fəaliyyətimə görə məni də qiymətləndirəcəklər. Bu yaxınlarda sufilərin həyatı haqda Arif Acalın Türkiyədən göndərdiyi bir kitabı oxuyurdum. Orda belə bir yer var: “Sultanın yanında gələn atdan düşüb Sirri Səqətinin qapısını döydü”. Düşündüm ki, buna bax, hətta orta əsrlərdə yaşamış sufinin də evi, döyməyə qapısı olub, ancaq mənim hələ də qapım yoxdu.
 
- Bəs, son vaxtlar nə oxuyursunuz?
 
- Mən ultra yeniliyə meyilli adamam. Ona görə ən müasir dünya yazarlarını oxuyuram. Daha doğrusu, audio-kitablara qulaq asıram. Müasir dünya yazarlarının əsərləri rusca səsləndirilir, qulaqcığı taxıb dinləyirəm. Mütaliə üçün çox gözəl metoddu. Nolaydı, həmin kitablar öz dilimizə də tərcümə ediləydi. Bir də daimi olaraq “Çto? Qde? Koqda?” intellektual kazino verilişlərini izləyirəm. İnternetdə axtarıb bütün proqramlarına baxıram. Həmin proqramın Rusiya, Azərbaycan, Ukrayna və Belarus verilişlərini qaçırmıram.
 
- Sonuncu dəfə hansı əsərə qulaq asmısınız?
 
- Geyl Forman adlı Amerika yazıçısı var. Psixoloji dramatik janrda yazır. Hazırda onun “O qadın hara getdi?” adlı romanını audio formatda dinləyirəm. Bu əsəri Qərbdə XXI əsrin bestselleri adlandırırlar. Sənə bir söz deyim. Ümumiyyətlə, texnoloji sahədə süni intellekt inkişaf etdikcə, ədəbiyyatda da insani mövzular tükənməyə doğru gedir. Bu, qlobal prosesdi, bəlkə də bizdə bunu o qədər hiss etmirlər. Gələcək ağıllı maşınlarındı. Oxuduğum kitablar və baxdığım filmlərdən bu qənaətə gəlmişəm ki, tezliklə robotlar insanları sıxışdırıb, Yer kürəsində şahlıq edəcəklər. Bax belə bir kədərli sonluq!