Murad Arif “Eurovision”dan danışdı: “Məni göndərsələr...”

Bəstəkar-müğənni Murad Arif “Eurovision” mahnı müsabiqəsi haqda fikirlərini bölüşüb.
Musavat.com saytına açıqlama verən sənətçi bildirib ki, yarışma üçün məmnuniyyətlə mahnı yazar: “Mən inanmıram ki, mənim söylədiyim şərtlər kimisə qane edər və məni “Eurovision”a göndərərlər. Mənim şərtlərim var, “Eurovision”a getsəm, gərək öz mahnılarımı oxuyum. Təbii ki, göndərsələr, canla-başla iştirak etməyə çalışaram. Müəllif olaraq müsabiqə üçün məmnuniyyətlə  mahnı yazardım. Bizim bəstəkarlara  müraciət edən  yoxdur, belə görürəm ki, onlar heç kimə lazım deyil. İnanıram ki, yarışmada favorit olacaq mahnı bəstələyə bilərəm. 20-25-ci yeri tutacaq mahnını hamı yaza bilər, bunun üçün İsveçdən mahnı almaq lazım deyil. Dilarə Kazımova İsveç bəstəkarının yazdığı mahnını oxudu və  axırıncı yerlərdən birini tutdu. Gövhər Həsənzadənin mahnısını Elnur Hüseynovla Samir Cavadzadə oxuyanda ilk onluqda idik. Kaş, bizə qarşı inam ola, biz də özümüzü doğruldaq”.
Qeyd edək ki, “Eurovision-2016” müsabiqəsində Azərbaycanı Səmra Rəhimli təmsil edəcək. May ayında İsveçdə təşkil olunacaq müsabiqədə  təmsilçimiz “Miracle” ("Möcüzə") mahnısını ifa edəcək.