Mülki əhalini qıran Ermənistanın danışıq şərtləri...

Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların davam etdirilməsi üçün atılmalı olan addımları sayıb.
 ANS TV xəbər verir ki, Nalbəndyan danışıqlar prosesinin aprelin əvvəlində baş verən gərginliyin təkrarlanmamasına yönəlməli olduğunu bildirib.
 “Danışıqlar 1994-1995-ci illərdə atəşkəsin bərqərar olunmasına dair əldə edilən razılaşmalara birmənalı riayət edilməsinə, eyni zamanda, atəşkəsin pozulması hallarının araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsinə hədəflənməlidir” - deyə Nalbəndyan Ermənistanın Daşnaktsyutsyun İnqlabi Federasiyasının nümayəndələri ilə görüşdə bildirib.
 Qeyd edək ki, cəbhə xəttində aprelin 1-də ermənilər təxribata əl atdı və Azərbaycanın yaşayış məntəqələrini atəşə tutdu. Kəndlərin atəşə tutulması nəticəsində mülki əhalidən 1-i azyaşlı olmaqla 4 nəfər öldü, 2-si azyaşlı olmaqla 18 nəfər yaralandı.
 Azərbaycan erməni silahlı birləşmələrinin bu təxribatının və mülki əhaliyə qarşı vəhşiliyinin qarşısını almaq üçün Ermənistan ordusuna zərbə endirdi və əks-hücum təşkil etdi. Dördgünlük müharibə olaraq Azərbaycan tarixinə düşən bu savaşda ermənilər ciddi itki verərək, 20 ildən artıq müddətdə möhkəmləndirilmiş istehkamlarından vurulub çıxarıldılar.
Azərbaycan Ordusu qısa müddətdə Lələtəpəni və Talış kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikləri azad etdi. Döyüş ermənilərin işğalı altında olan Azərbaycan ərazilərinin bir faizinin geri qaytarılması ilə nəticələndi. Yalnız ermənilərin israrlı xahişindən və Rusiyanın təkidli müdaxiləsindən sonra aprelin 5-də Azərbaycan ordusu hücumu dayandırdı.
 Buna baxmayaraq, Ermənistan silahlı qüvvələri aprelin 25-26-da Azərbaycan kəndlərinə qarşı növbəti vəhşiliyə əl atdı və mülki əhali vuruldu. Bu vəhşilik nəticəsində son bir ay ərzində cəbhəyanı kəndlərdə 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ziyan dəydi, 100-dən artıq ev isə tamamilə dağıldı.
 Ermənilərin dinc əhaliyə bu hücumu zamanı 6 nəfər həlak oldu, 26 nəfər yaralandı. Ermənilər həmçinin 50-dən çox mal-qara öldürdü və yaraladı.
 Buna baxmayaraq, Azərbaycan ordusu əks-həmləyə keçmədi, yalnız atəş nöqtələrini vurmaqla düşməni itki verməyə və susmağa məcbur etdi.