Müharibənin nəticələri ...

İki 5 günlük müharibənin fərqli və oxşar cəhətləri 
Qabil Hüseynli: “Beş günlük müharibədə Gürcüstan torpaqlarını itirdi, Azərbaycan isə torpaqlarının az da olsa müəyyən hissəsini azad edə bildi”
Qarabağ cəbhəsində aprelin 1-dən 2-nə keçən gecə başlayan və 5 gün çəkən müharibə Gürcüstanın Abxaziya və Osetiya bölgəsində 2008-ci ilin avqustunda baş vermiş 5 günlük müharibəni yada salır. Təhlil etdikdə hər iki müharibənin fərqli və oxşar tərəfləri ortaya çıxır.  
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, oxşar cəhət hər iki prosesdə Rusiyanın meydanda olmasıdır. Rusiya Azərbaycanla Ermənistan arasındakı son beş günlük müharibədə birbaşa hərbi cəhətdən iştirak etməsə də, siyasi cəhətdən prosesdə öncədən var idi. Fərqli cəhətlər isə daha çoxdur. 2008-ci ilin avqust müharibəsində ilk başlayan Gürcüstan tərəf olmuşdu. Onlar təəssüf ki, Rusiyanın provokasiyasına getdilər. Rusiya isə öncədən hazır olduğu üçün qoşun yeridib Abxaziya və Osetiyanı ilhaq edə bildi. Beş günlük müharibədə Gürcüstan torpaqlarını itirdi, Azərbaycan isə torpaqlarının az da olsa müəyyən hissəsini azad edə bildi: “2008-ci ildəki hadisələrdə beynəlxalq münasibətlər də Gürcüstanla münasibətdə birrəngli deyildi, fərqli fikirlər var idi. Məsələn, ABŞ Gürcüstana kömək edəcəyini vəd etmişdi, ancaq işin mahiyyətini bildikdən sonra kömək əlini uzatmadı. Digər ölkələrin də kömək etməyə zatən imkanları yox idi. Amma beynəlxalq səviyyədə Gürcüstana maliyyə dəstəyi oldu. İndi Azərbaycana olan beynəlxalq dəstək o zaman Gürcüstana olan dəstəkdən heç də az olmadı. Məsələn, ABŞ-ın nüfuzlu media orqanları Ermənistanı açıq-aşkar işğalçı adlandırıb, Azərbaycanın haqlı olduğunu qeyd edib. Almaniyada, Böyük Britaniyada bu qəbildən olan yazılar gedir. Rus mətbuatından fərqli olaraq Qərb mətbuatı Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Azərbaycana Türkiyə, Pakistan kimi hərbi baxımdan güclü olan ölkələrdən ciddi dəstək bəyan edildi. Gürcüstana o zaman belə dəstək olmamışdı”.
Politoloqa görə, fərqlərdən biri isə odur ki, Rusiya 2008-ci ildə Tiflisin Abxaziya və Osetiyaya daxil olmaq cəhdinə qarşı dərhal genişmiqyaslı hərbi müdaxilə elədi: “Ermənistanla Azərbaycanın arasında bir neçə gün öncə yaşanan hərbi gərginlik və Azərbaycan ordusunun işğalda olan torpaqlarımızı geri almasına isə Rusiya bu cür açıq hərbi müdaxilə şəklində təpki göstərmədi. Rusiya son ana qədər vəziyyətin bu cür olacağını fikirləşmirdi. Rusiya Azərbaycan prezidentinin  Vaşinqton səfəri və orada apardığı danışıqlara bir sürpriz hazırlayırdı. O sürprizi isə ermənilərin əli ilə həyata keçirmək istəyirdi. Ermənilərin həmlələri məhz Rusiyanın istəyi ilə idi. İlk gün Rusiya hələ də ümid edirdi ki, ermənilər vəziyyətin gedişində dönüş yarada biləcəklər və onların verdiyi tapşırıqları həyata keçirə biləcəklər. Amma bu baş vermədi, Azərbaycan ordusu bu planları alt-üst etdi. İkinci gün isə ATƏT, BMT, ABŞ səviyyəsində ciddi siyasi kampaniya başlanmışdı. Hətta Qarabağ məsələsi ilə bağlı Sergey Lavrovun Con Kerri ilə danışıqları oldu.
Gürcüstan hadisələrinə Rusiya əvvəlcədən hazır idi və Gürcüstanı təxribata çəkib, Abxaziya və Cənubi Osetiyaya ordu yeritdi. İndiki halda Qarabağ cəbhəsində isə Rusiya ermənilərin əvvəlki dövrdəki fəaliyyətlərinə daha çox arxayın idi. Lakin bir günün içində bəlli oldu ki, ermənilər Azərbaycan ordusunun qarşısında çox zəif imiş. Proses dayanmasaydı, Azərbaycan ordusu bütün Qarabağı azad edənə qədər gedəcəkdi. Ona görə də Moskva təcili hərəkətə keçərək atəşkəsə nail oldu". (musavat.com)