Müharibə qapıda: Qarabağ və... – Putinə qarşı ikinci cəbhə açılır – GÜNÜN SİYASİ XÜLASƏSİ

 
Rusiya və Ukrayna yenidən müharibə həddinə çatdı. Poroşenko orduya 1 nömrəli hazırlıq əmrini verib. Dünən axşam saatlarında Ukrayna kəşfiyyatçılarının Krıma hücum etməsi haqda xəbər gündəmə düşdü. Həmin vaxt Moskvada Sarkisyanla Qarabağ məsələsini müzakirə edən Putin “bu çox təhlükəli oyundur” açıqlamasını verdi. Dünən gecədən başlayaraq, İrəvandakı qiyamdan sonra müvəqqəti təxirə salınmış Dağlıq Qarabağla bağlı danışıqlar yenidən gündəmdə gəldi. Bu proseslərin kontekstində Moskva görüşünün detalları olduqca maraqlıdır.
 
10 avqust 2016-cı il: Moskvada Putin-Sarkisyan görüşündə sensasiyalı nəticə gözlənilmir. İki gün öncə Bakı sammiti, ardınca Ərdoğanla görüş Putinin Sarkisyanı sadəcə “həll olunmuş məsələ haqda təlimat vermək” üçün Moskvaya çağırdığını deməyə əsas verirdi. Hətta məlumata görə, prezidentlər görüşdən sonra jurnalistlər üçün mətbuat konfransı keçirmək belə istəmirdilər. Və elə bu vaxt Rusiya Federal Tədqiqatlar Bürosu məlumat yayır: “Ukrayna diversantları Krıma hücum edib”.
 
Bu, Qarabağla bağlı görüşdə dönüş nöqtəsi oldu. Jurnalistlərə Putinin danışmaq istədiyi haqda məlumat verildi.
 
Budur, dünyaya meydan oxuyan rus gəlir və “təhlükəli oynayırsınız” deyə barmaq silkələyir.
 
“Bu çox həyəcanlı informasiyadır. İlk baxışdan bu, axmaq cinayətkar addım kimi görünür. Axmaq hərəkətdir, çünki Krımda yaşayan insanlara bu yolla təsir etmək qeyri-mümkündür. Bu, cinayətkarlıqdır, çünki insanlar həlak oldu”, - deyə Putin bildirdi.
 
Bu hadisədən sonra “Normandiya formatı”nda görüşün mənasız olduğunu vurğuladı.
 
Hansı ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iki gün əvvəl bildirmişdi ki, Çində keçiriləcək Böyük İyirmiliyin sammitində “Normandiya formatı”nın görüşü ola bilər.
 
Putin “Bu, çox təhlükəli oyundur” deyə xəbərdarlıq etdi.
 
Krıma hücum xəbəri Qarabağla bağlı görüşün dönüşünü dəyişdirdi. Ona qədər nələrin müzakirə edildiyinə dair təsəvvürlərin yaranması üçün lazım olan prezidentlərin açıqlaması olmayacaqdı. Lakin bu xəbərdən sonra növbə Qarabağdan da danışmağa çatdı.
 
Rusiya prezidenti avqustun 8-də Bakıda Prezident İlham Əliyevlə görüşü haqda danışdı. Və təkrar etdi ki, problemin həllində güzəştlərə ümid edir. Lakin Bakıda aparılan müzakirələri konkret açıqlamadı.
 
Sarkisyan isə İrəvandakı hadisələrə toxunaraq, çıxışına heç də gözlənilməz olmayan sözlərlə davam etdi.
 
“Silahlı qrup tərəfindən polis alayının binasının tutulması göstərdi ki, ermənilər Qarabağ məsələsində güzəştləri yolverilməz hesab edirlər. Belə bir addım ölkə daxilində vəziyyəti partlada bilər”, - deyə erməni prezident güzəştə getməməsini ermənilərin üzərinə yıxdı. Halbuki, İrəvandakı hadisələrin Qarabağla bağlı aparılan prosesdə birbaşa onun əlinə işlədiyi şübhəsiz idi.
 
Ermənilər yenə müharibə istəyir?
 
Sarkisyan “birtərəfli güzəştlər olmayacaq, Qarabağ Azərbaycanın tərkibində olmayacaq” deyə yenə “dördgünlük müharibə”dən əvvəlki mövqeyinə qayıtdı. Və bu, avtomatik olaraq, müharibə variantını yenidən gündəmə gətirir.
 
Yox, onlar qorxur və Putinə sığınırlar
 
Moskvada olan erməni jurnalistlər bu qorxu ilə Putinə “Azərbaycan Rusiyadan silahlar alır, amma Moskva Ermənistana silah çatdırmalarını ləngidir, bu növbəti kəskinləşməyə şərait yaratmırmı?” sualı ilə müraciət etdilər.
 
Sarkisyanın Putinə deyə bilmədikləri
 
Təbii ki, bu sualın İrəvan mətbəxində hazırlandığı aydındır. Sarkisyan özünün deyə bilmədiyini “azad söz” adı altında erməni jurnalistlərə səsləndirir.
 
Və Putindən “sillə kimi cavab”
 
Və bu məqamda Putinin cavabı olduqca maraqlı idi.
 
“Müasir silah bazarında istənilən ölkə silah ala bilər. Anlayırsınızmı? Harada olur-olsun, bu, mümkündür. Lakin mən indi diqqəti işin hərbi tərəfinə çəkməzdim. Əgər biz problemi həll etmək istəyiriksə, sülhlə qərar verməliyik. Rusiya Ermənistanı silahla təmin etmək öhdəliklərini yerinə yetirir. Neft hasilatçısı, inkişaf edən iqtisadiyyata malik, böyük qızıl və valyuta ehtiyatlarına sahib olan Azərbaycan da əlbəttə ki, istədiyi yerdən silah almaq iqtidarındadır”, - deyə Rusiya prezidenti erməni jurnalistlərin, dolayısı ilə Sarkisyanın arzulamadığı cavabı verdi.
 
Ermənistan Qarabağı qaytarmağa hazırdır
 
Putin və Sarkisyanın qapalı görüşündə nələrin müzakirə edildiyi çox düşündürücüdür. Xüsusilə Sarkisyanın açıqlamalarından sonra.
 
Kremldəki diplomatik mənbə deyir ki, Ermənistan rəhbərliyinin kəskin bəyanatlarına baxmayaraq, arxa planda nisbi razılıq əldə olunub: “Belə bir şəraitdə diplomatların və beynəlxalq təşkilatların dəstəyi ilə problemi həll etmək mümkündür. Təbii ki, bu, dərhal olmayacaq”.
 
Qapalı görüşdə Putindən Sarkisyana əmr
 
Ermənistan mediasının yazdıqları isə qapalı görüşə dair müəyyən ehtimalları ortaya çıxarıb.
 
“Rusiya prezidentinin gözləri parlayırdı. Bu, məxfi görüşə dair ehtimallar yaradır. Hətta bir az da irəli gedərək, Putinin Sarkisyana güzəştlərə getməsi ilə bağlı təlimat vermədiyini də demək olar. Təbii ki, bütün bunlar rəsmi protokolda əks oluna bilməzdi”.
 
Bu haqda “Lragir” saytı yazıb.
 
Bu informasiya fonunda Moskvada Sarkisyanın diqqətdən qaçan bir sözü gündəmə gəlir.
 
“Qarabağ ətrafında nail olunmuş razılıqların yerinə yetirilməsinə biz hazırıq” deyən Sarkisyan konkret hansı razılıqdan bəhs etdiyini açıqlamadı.
 
Tezliklə ərazilərin qaytarılmasının şahidi olacağıq
 
Erməni politoloq Stepan Safaryan isə hesab edir ki, söhbət Rusiyanın Qarabağ planından gedir: “Bu, Qarabağa aralıq statusun verilməsi ilə ərazilərin qaytarılması deməkdir. Tezliklə biz bunun şahidi olacağıq”.
 
Onun sözlərinə görə, Sarkisyanın “birtərəfli güzəştlər olmayacaq” sözləri də şübhəlidir.
 
“Güman etmirəm ki, Rusiyanın Azərbaycanı güzəştə məcbur edəcək imkanları olsun. Əvəzində Ermənistan hakimiyyəti zəifdir və Moskvanın göstərişlərindən kənara çıxa bilmir. Bu, güzəştlərin məhz erməni tərəfinin edəcəyi deməkdir. Ümumilikdə Ankara və Moskvanı sakitləşdirmək üçün Moskva problemin həllini sürətləndirəcək. Mümkündür ki, Putin Ermənistanı kukla vəziyyətinə qoyub məsələnin həlli üçün planın reallaşdırılması haqda əmr verib”, - deyə o bildirib.
 
* * *
 
Rusiya və Ukrayna arasında yeni müharibə
 
Qarabağın müzakirə edildiyi axşam dönüş nöqtəsi olan Krım xəbəri dünən axşamdan bu günə xeyli inkişaf etdi.
 
Putin Ukrayna hakimiyyətinin terror təcrübəsinə keçdiyini bildirib. O, rusiyalı hərbçilərin həlak olmasına laqeyd qalmayacağına söz verib. Ukrayna prezidenti Pyotr Poroşenko isə Krımda terror aktlarının hazırlığında Ukraynanın ünvanına səsləndirilən ittihamları “fantaziya” hesab edib. Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko isə bildirib ki, Ukraynanın ünvanına səsləndirilən terrorizm ittihamları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edəcək.
 
“Kiyevin ünvanına Moskvanın son ittihamlarını nəzərə alsaq, cənub istiqamətdən Rusiyanın Ukraynaya hücum təhlükəsi realdır”.
 
Bu barədə Krım ətrafında baş verən son hadisələri şərh edən beynəlxalq hüquq mütəxəssisi, konfliktoloq, siyasi elmlər doktoru Qriqori Perepelitsa deyib.
 
Putinin ilk vuracağı hədəf
 
Onun sözlərinə görə, Ukraynanın Krımda terror aktları planlaşdırmaqda ittiham olunması təcavüz üçün əsasların hazırlanmasına yönəldilə bilər.
 
“Fikrimcə, Herson vilayəti ilk hədəfdir. Kreml Krımın ətrafında “təhlükəsizlik zonaları”nın yaradılması adı altında regionun çox hissəsini işğal edə bilər. Təhlükə tamamilə realdır”, - Perepelitsa qeyd edib.
 
Onun sözlərinə görə, əslində anti-Rusiya sanksiyaları prezident Vladimir Putini qorxutmur: “Onun rusiyalılar arasında böyük reytinqi var. Ölkə iqtisadiyyatı sanksiyalar rejiminə tədricən uyğunlaşır. Bundan başqa, uğurlu aqressiv xarici siyasət üçün uyğun dövrdür. Xatırladım ki, hazırda Rio-de-Janeyroda Olimpiya Oyunları keçirilir. Dünya liderlərinin, Qərb ictimaiyyətinin diqqəti oyunlara yönəlib. Gəlin xatırlayaq, Olimpiadalar öncəsi müharibələr tez-tez olur”, - Perepelitsa yekunlaşdırıb.
 
Ukrayna ordusu hazırlıq vəziyyətinə gətirildi
 
Rəsmi Kiyev müharibə ehtimallarını nəzərə alaraq ordunu hazır vəziyyətə gətirib. Ukrayna prezidenti Pyotr Poroşenko təhlükəsizlik orqanlarının rəhbərləri ilə müşavirə keçirib.
 
Məlumata görə, Pyotr Poroşenko Krım Muxtar Respublikası ilə inzibati sərhəddə və Donbasdakı təmas xəttində yerləşən rayonlarda döyüş hazırlığını gücləndirməyi tapşırıb.
 
Kremldə təcili toplantı
 
Öz növbəsində Putin də Təhlükəsizlik Şurasının iclasını çağırıb.
 
Toplantıda terror aktlarının qarşısının alınmasından sonra Krımda təhlükəsizliyin təmin edilməsi və infrastruktur obyektlərinin mühafizəsi üçün əlavə ölçülərin tətbiqi müzakirə edilib. Toplantıda həmçinin Rusiya prezidentinin Azərbaycan, İran, Türkiyə və Ermənistan liderləri ilə beynəlxalq görüşlərinin nəticəsinə görə əldə olunmuş razılaşmalar müzakirə edilib. Müzakirələrdə baş nazir Dmitri Medvedev, Prezident Administrasiyasının başçısı Sergey İvanov, müdafiə naziri Sergey Şoyqu, Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov iştirak edib.
 
Buna paralel olaraq, Rusiya “əzələ nümayişi” də edəcək.
 
Məlumata görə, Rusiyanın gəmi zərbəçi qrupu 15 avqustdan Aralıq dənizinin şərq hissəsində yoxlama taktik təlimlərinə başlayacaq. Təlim Qara dəniz donanmasının döyüş hazırlığı planına uyğun olaraq keçirilir. Zərbəçi qrupunun tərkibinə ən yeni kiçik raket gəmiləri “Serpuxov” girəcək. Bundan başqa, təlimə Hərbi Dəniz Donanmasının bir neçə gəmisi cəlb edilir.
 
Rusiyaya qarşı ikinci cəbhə
 
Lakin Putin deyəsən, təkcə Ukrayna cəbhəsində vuruşmalı olmayacaq. II Dünya müharibəsində Almaniyaya qarşı ikinci cəbhənin açılması kimi, Rusiyaya qarşı da ikinci cəbhə açıla bilər: Baltikyanı.
 
Tarixi təcrübə ikinci cəbhənin ardınca məğlubiyyət gətirdiyini göstərir.
 
Təhlükəsizlik üzrə ekspert Ancey Zapalovskiy deyir ki, son zamanlar bir çox NATO generallarının Baltikyanı ölkələri qorumağın mümkün olmadığının açıq şəkildə dediklərini bildirib: “Şimali-Atlantika İttifaqı hər hansı hərəkətlərə başlamağa vaxt tapmadan əvvəl bu dövlətlər artıq tutulacaq”.
 
Rusiya prezidenti Vladimir Putinin şəxsi müşaviri Sergey Karaqanov ötən ay bildirib ki, NATO-nun Baltikyanı ölkələrdə yerləşdirmək istədiyi əlavə silahlar bu ölkələrə kömək etməyəcək və münaqişə olacağı halda məhv ediləcək. Ancey Zapalovskiy deyilənlərlə razıdır.
 
Onun sözlərinə görə, mini-Baltikyanı ölkələrin ərazisində yerləşdirilmiş NATO əsgəri hərbi nöqteyi-nəzərindən xüsusi əhəmiyyətə malik deyil. Ekspert qeyd edir ki, eyni zamanda Latviya və Estoniya əhalisinin üçdə birinin rus azlığı olmasını unutmaq lazım deyil: “Bundan başqa, hücum həm qurudan, həm də dənizdən edilə bilər. Simvolik səviyyədə edilən hərəkətlər heç vaxt və heç kəsə təhlükəsizliyin real zəmanətlərini verə bilməz. Burda heç bir illüziya ilə qidalanmaq lazım deyil. Baltikyanı ölkələrdə, əslində müstəqilliyin zəmanəti yalnız siyasi səviyyədədir”.
 
* * *
 
Ərdoğanla Putin yenidən görüşəcək
 
Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım Moskvada keçirdiyi mətbuat konfransında bildirib ki, bu ilin sentyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin yenidən bir araya gələ bilər.
 
Səfir deyib ki, bu ilin sentyabrında Çində təşkil olunacaq “G20” dövlət başçılarının sammiti çərçivəsində Ərdoğan və Putin arasında da ikitərəfli görüşün keçirilməsi gözlənilir.
 
Türkiyə - Rusiya yaxınlaşması region siyasətinin yenidən dizayn edilməsi ilə nəticələnə bilər.
 
ABŞ kəşfiyyatının “kölgəsi” hesab edilən “Stratfor” mərkəzi isə yazır ki, Hələbdə hazırda gedən döyüşlər hazırkı rus-türk münasibətlərinə ziddir:
 
“Türkiyə Suriyada sünniləri, Rusiya isə onlara qarşı olan Əsədi dəstəkləyir. Bu güclər strateji qiymətə malik olan Hələb uğrunda döyüşü davam etdirir. Hələb üzərində nəzarəti möhkəmləndirmədən heç bir tərəf danışıqlar masasına oturmayacaq”.
 
Ankara və Moskva Qarabağda...
 
Məqalədə bildirilir ki, Türkiyə hazırda Rusiya üçün Qara dənizdə NATO-nu zəiflətmək, həmçinin, Qafqazı əldə etmək üçün lazımlıdır: “Hansı ki, Moskva Dağlıq Qarabağ münaqişəsi üzərindən bu regionda öz təsirini gücləndirməyə çalışır. Türkiyə də bu münaqişədə iştirak etmək niyyətindədir. Moskva anlayır ki, Türkiyə olmadan regionda öz istədiyinə tam nail ola bilməyəcək. Buna görə də Türkiyəni neytrallaşdırmaq istəyir”.
 
Ərdoğan və Putin
 
“Stratfor” yazır ki, bu iki liderin ambisiyaları böyükdür: “Onlar özlərini tamamilə milli maraqlara həsr edib və bunun üçün bütün vasitələrdə istifadə edirlər. Bu, Rusiya və Türkiyənin maraqlarının qarşıdakı dövrdə toqquşa biləcəyini göstərir”.
 
Türk diplomat Ümid Yardım isə qeyd edib ki, avqustun 9-da Sankt-Peterburqda keçirilən tarixi görüş Türkiyə və Rusiya arasında yeni səhifə açıb. Onun sözlərinə görə, indi Türkiyə və Rusiya bir çox məsələlərdə həmfikir olduğu kimi, Suriyanın ərazi bütövlüyü məsələsində də ortaq mövqeyə malikdir.