MÜHACİR GƏNCİN AİLƏSİ BASQI ALTINDA

2015-ci ilin may ayında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə şahidlik etdiyinə görə ADP üzvü Fuad Xudaverdiyev qəribə olaylarla üzləşib. Belə ki, o tanımadığı şəxslər tərəfindən baş vermiş hadisədə şahidlik etməkdən imtina etmək üçün ilk öncə ələ alma, bundan imtina etdiyinə görə hədə qorxularla üzləşmiş və döyülmüşdür. Qəribəsi burasındadır ki, o eyni münasibətlə hüquq mühafizə orqanlarında da üzləşmişdir. Sonradan məlum olmuşdur ki, Fuad Xudaverdiyevə olan bu münasibətin motivində onun ADP üzvü olaraq müxalifətçi fəaliyyəti dayanırmış. Fuad Xudaverdiyev üzləşdiyi problemlərlə bağlı dövlət orqanlarına etdiyi müraciətlərin heç bir müsbət nəticəsi olmamış, əksinə onun ailəsinə və özünə qarşı təqib və təzyiqlər intensiv xarakter almışdır. Hətta uşağının naməlum şəxslər tərəfindən oğurlanmasına cəhdlər edilib. Baş verən hadisələrdən dolayı Fuad Xudaverdiyev son nəticədə özünün və ailəsinin təhlükəsizlik qayğısı ilə ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Sözsüz ki, həmin dönəmdə F.Xudaverdiyev ölkəni tərk etməsəydi, saxta ittihamla cinayət məsuliyyətinə cəlb olunaraq dəmir barmaqlıqlar arasına salına bilərdi. F.Xudaverdiyev ölkəni tərk etsə də, hakimiyyət orqanlarının ona qarşı qəzəbi soyumamışdır.
Əldə olunan məlumata görə F.Xudaverdiyevə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən də bir neçə dəfə çağırış gəlib. Onu bu dəfə məhkəməyə guya hansısa cinayət işində ifadə verməyə dəvət ediblər. Əslində isə bu, onu elə məhkəmə salonunda həbs etmək üçün bir vasitə imiş. Bu bir nəticə vermədikdə yaşadığı mənzilə gələrək müxtəlif bəhanələrlə onun orada olub-olmamasını öyrənmək istəyiblər. Ötən günlərdə baş verən hadisə son zamanlar Fuadın mənzilində yaşayan bacısını sözün əsl mənasında şoka salıb. Belə ki, axşam vaxtlarında evlərinin qapısını döyən şəxslər özlərini Fuadın dostları kimi qələmə verdiyini bildirmişlər. Fuadın bacısı qapını açdıqda həmin şəxslər mənzilə zorakılıqla soxularaq Fuadı axtarmağa başlayıblar. Özlərini hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən həmin şəxslər bildirib ki, onlara Fuadın tapılmasını tapşırıblar. Həmin şəxslər Fuadı evdə tapa bilmədiklərinə görə onun bacısına qarşı nalayiq ifadələr işlədərək və təzyiq edərək onun yerini deməyi tələb etmişlər. Fuadın bacısı qardaşının ölkədə olmadığını bildirdikdə, həmin şəxslər daha da aqressiv davranmışlar. Bu hadisədən sonra Fuadın bacısı ağır psixoloji sarsıntı keçirmiş və hal-hazırda da böyük narahatlıq keçirir.
Fuad Xudaverdiyevi tapa bilməyən həmin şəxslər növbəti dəfə onun həyat yoldaşının valideynlərinin yaşadığı mənzilə üz tutublar. Fuadın özü və ailəsinin harada olması ilə maraqlanan həmin şəxslər onları qane edən cavab almadıqlarına görə bildiriblər ki, harda olursa-olsun onu tapacaqlar və polisə aparacaqlar. Baş verənlər onu göstərir ki, hüquq mühafizə orqanlarının Fuad Xudaverdiyevə qarşı qəzəbi soyumamışdır, onu həbs etməkdə israrlıdırlar. 
Məlumdur ki, Fuad Xudaverdiyevin təqib olunması və ailə üzvlərinin təhdid edilməsi onun ADP-çi olaraq fəal siyasi mübarizəsi ilə əlaqədardır. Şübhəzis, Fuad Xudaverdiyev kimi müxalifətçilərin fəallığı və hakimiyyətin yarıtmaz siyasətinə qarşı mübarizə aparmaları hakimiyyət orqanlarını narahat etdiyindən bu insanlara qarşı daim təqib kampaniyası davam etdirilir.
Təbii ki, Fuad Xudaverdiyevin və başqa müxalifətçilərin bu gün təqib olunmasında əsas məqsəd narazı olan əhalinin, xüsusi ilə gənclərin gözünü qorxutmaq, onları öz hüquqları uğrunda mübarizə aparmaqdan çəkindirməkdir.