MÜHACİR AİLƏSİ RAHAT BURAXILMIR

Siyasi təqiblər üzündən ölkəni tərk etmiş ADP-çi gənc Elyas Şirəliyevin ailəsi rahat buraxılmır. E.Şirəliyev müxalifətçi gənc kimi aktiv siyasi fəaliyyəti və sosial şəbəkələrdə hakimiyyətin siyasətini kəskin tənqid etdiyinə görə hakimiyyət orqanlarının diqqətini cəlb etmiş, cari ilin əvvəllərindən başlayaraq onun hakimiyyət orqanları tərəfindən intensiv olaraq təqib, təzyiq, təhdid və nəhayət həbs təhlükəsi ilə üzləşdiyinə görə özünün və ailəsinin təhlükəsizlik qayğısı ilə ölkəni tərk etmişdir. Verilən məlumata görə, E.Şirəliyevin yaşadığı mənzilə dəfələrlə hansısa cinayət işində təqsirləndirilən şəxs qismində ifadə vermək çağırışlar gəlmiş, bu çağırışlara getmədiyinə görə onun yaşadığı mənzilə dəfələrlə telefon zəngləri edilərək harada olması ilə maraqlanmışlar. Ötən gün isə polis və mülki geyimli şəxslər onun yaşadığı mənzilə gələrək valideynlərindən Elyasın harada olduğu barədə məlumat almaq istəyiblər. Elyasın atası Məmmədhüseyn Şirəliyev oğlunun evdə olmadığını və yerinin də bilmədiyini bildirdikdə, polis və mülki geyimli şəxslər mənzildə qeyri-qanuni olaraq axtarış aparmağa cəhd ediblər. Onların qanunsuz olaraq evdə axtarış aparmaq niyyətlərinə imkan verməyən Məmmədhüseyn Şirəliyev polis əməkdaşları tərəfindən təhqir və təhdidlərə məruz qalıb. Bu hadisədən sonra onlar arasında insident yaranmış və polis əməkdaşları Elyasın atasını zorla polis idarəsinə aparmışlar. Orada oğlunun harada olması barədə uzun-uzadı sorğu-sualla üzləşən Məmmədhüseyn Şirəliyev Elyasın yerini bilmədiyini bildirdikdə, bundan qəzəblənən polis əməkdaşları Elyasın atasının guya polisin qanuni tələblərinə əməl etməməkdə günahlandıraraq barəsində saxta inzibati hüquq pozuntusu barədə protokol tərtib edərək, məhkəməyə göndərmişlər. Məhkəmə də heç bir obyektiv araşdırma aparmadan onun barəsində 10 gün inzibati həbs qərarı çıxarıb. Qeyd edək ki, mühacir müxalif fəalların ölkədə olan valideynlərinə və yaxınlarına qarşı törədilən birinci qanunsuz hal deyil. Bundan əvvəllər də bi tipli hallar baş vermiş, hətta mühacirətdə olan müxalifətçilərin valideynlərinin və qohumlarının onlardan imtina edilməsinə məcbur edilməsi halları da baş vermişdir. Hakimiyyət sanki, həbs edə bilmədiyi müxalifətçilərin “əvəzini” onun yaxınlarından və qohumlarından çıxır.
Məlumdur ki, Elyasın Şirəliyevin ailəsinin təqib olunması və ailə üzvlərinin təhdid edilməsi onun müxalifətçi olaraq fəal siyasi mübarizəsi ilə əlaqədardır. Elyas Şirəliyev müxalifətçi fəal kimi müxalifətin son illər təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmiş, insanların partiya sıralarına cəlb olunmasında fəallıq göstərib. Keçirilən aksiyalarda fəallıq göstərdiyinə görə polis və mülki geyimli şəxslər tərəfindən zorakılığa, işgəncəyə və qeyri-insani rəftara məruz qalmış, qeyri-qanuni olaraq saxlanılmış və müxtəlif müddətlərdə inzibati qaydada həbs olunmuşdur. Şübhəzis, Elyas Şirəliyev kimi müxalifətçilərin fəallığı hakimiyyət orqanlarını narahat etdiyindən bu insanlara və onların ailə üzvlərinə qarşı daim təqib kampaniyası davam etdirilir.