Müğənni jurnalist adaşından adını dəyişdirməyi tələb edib

Müğənni Şəbnəm Tapdıq: "Vaxtında adımı qeydiyyatdan keçirsəydilər, bu vəziyyətə düşməzdim”
Azərbaycanda adlarla bağlı müəyyən müddət mətbuatda davam edən müzakirələr yenidən canlanıb.
Turaninfo.az Oxu.az-a istinadən  xəbər verir ki, bu dəfə məsələ valideynlərin övladlarına gülməli ad verməsi yox, müəyyən ad almış şəxsin həmin adı özəlləşdirməsi barədə bəyanatla çıxış etməsi ilə bağlıdır.
Belə ki, əməkdar artist, müğənni Şəbnəm Tapdıq jurnalist Şəbnəm Xeyrulla ilə əlaqə saxlayaraq, ondan adını dəyişməsini istəyib, bunu isə “Şəbnəm” adını qeydiyyatdan keçirdərək özəlləşdirməsi ilə əlaqələndirib.
Jurnalistin məsələ ilə bağlı Facebook səhifəsində paylaşdığı dialoqu təqdim edirik (orfoqrafiya olduğu kimi saxlanılıb - red.):
"Təxminən 15 dəqiqə əvvəl mənə bir telefon zəngi gəldi və o zəngdən sonra dayanmadan gülürəm. Qoy,telefon söhbətini burada da paylaşım, siz də güləsiniz.
- Alo! Eto Xeyrulla Şəbnəm?
- Kak?
- Şəbnəm Xeyrulla, eto vı?
- Da. S kem ya qovoryu?
- Vas bespokoit Şəbnəm Tapdıq. Kak vaşi dela?
- Oooo... Şəbnəm xanım. Oçen priyatna. Spasibo, kak vı? (söhbətimiz yarı Azərbaycan, yarı rus dilində davam etməyə başladı)
- Spasibo. Əvvəlcə mənə deyin görüm, bu adı sizə kim verib? Papa, ya mama?
- Babulya
- Niyə? Mənim mahnılarımı bəyəndiyi üçün?
- Həm mahnılarınızı, həm də özünüzü.
- Şəbnəm, siz çox savadlı, şəhərli qızsınız. Ona görə də açıq deyəcəyəm. Mən adımı Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirmişəm. Bu o deməkdir ki, "Şəbnəm" adının bütün hüquqları mənə aiddir. Başa düşürsünüz?
- Aha...
- Sizə təklif edirəm, adınızı dəyişəsiniz.
- Necə yəni?
- Bax, demirəm, tam dəyişin. Sizə variantlar da təklif edə bilərəm: Şəbnəmnur və ya Şəbnəmtac. Necədir?
- Bağışlayın, amma mümkün deyil.
- Niyə?
- Çünki mən özümü bu adla təsdiqləmişəm.
- Onsuz da yaxınlarınız sizi elə Şəbnəm kimi tanıyacaq da. Amma jurnalist olaraq adınızı dəyişin. Nə çətin işdir ki? Onsuz da jurnalistlər özlərinə başqa ad götürə bilərlər.
- İndi bütün şəbnəmlər adlarını dəyişməlidirlər?
- Yox, əslində mən ancaq müğənni şəbnəmlərin adını dəyişməsini tələb edirdim. Məsələn, Şəbnəm Tovuzlunun. Amma siz də tanınan, gözəl aparıcısınız. Olmaz ki, öz adınız olsun? Şəbnəmnur, Şəbnəmtac...
- Axı mənim bütün sənədlərim bu adla qeydiyyatdan keçib.
- Olsun da, nə fərqi var. Kiçik dəyişiklikdir də.
- Əgər məhkəmə yolu ilə bunu məndən tələb etsəniz və qalib gəlsəniz, qanuna baş əyməyə hazıram. Amma belə mümkün deyil, Şəbnəm xanım.
- Axı biz ziyalı, şair ailəsiyik. Məhkəməyə gedib çıxmaq istəmirəm. Eh, günah mənim mamamdadır. Vaxtında adımı qeydiyyatdan keçirsəydilər, bu vəziyyətə düşməzdim. Atamın mənə verdiyi bu adı başqaları oğurlamazdı. Atam təklif edir ki, bu qədər adamı dağa-daşa salmaqdansa, öz adını dəyişdir, İlkşəbnəm qoy, vəssalam. Amma mən istəmirəm axı, belə olsun.
- Şəbnəm xanım, hər halda sizi bəyənib, adınızı uşaqlara qoyublar da.
- Əlbəttə. Nənəniz sağdır?
- Hə, elə indi yanımda oturub, sizə salam deyir.
- Məndən də salam deyin. Öpürəm onu. Amma siz də söz verin ki, adınızı dəyişəcəksiniz.
- Düşünərəm bu haqda, Şəbnəm xanım.
- Ay sağ ol, düşünün. Soruşanlara da deyin ki, Şəbnəm Tapdıqın adını daşıyıram. Amma elə onun istəyi ilə də adımı dəyişirəm. Olarmı?
- Olar."