Müdafiə Nazirliyi: Silah-sursatla dolu avtomaşının ələ keçirilməsi xəbəri yalandır

Ötən gecə Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə məxsus, silah-sursat yüklənmiş avtomaşının ələ keçirilməsi barədə məlumat yayıb.
Bununla əlaqədar AZƏRTAC-ın sorğusuna cavab olaraq, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Ermənistan tərəfinin yaydığı bu məlumat növbəti dezinformasiyadır. “Heç bir hərbi təhlükə mənbəyi olmayan, qeyri-döyüş nəqliyyat vasitəsinə qarşı xüsusi təyinatlıların cəlb olunması ilə əməliyyatın təşkil edilərək keçirilməsi yalnız Ermənistan Müdafiə Nazirliyinin ağlına gələ bilərdi. Hətta Ermənistanın hərbi nazirliyi bu barədə bütün dünyaya car çəkməkdən utanmayaraq, bununla “fəxr edir”. Hər kəsə məlumdur ki, bu tip nəqliyyat vasitəsi heç bir döyüş və müdafiə vasitəsilə təmin olunmadığından hərbi təhlükə mənbəyi ola bilməz”, - deyə V.Dərgahlı vurğulayıb.
Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistanın hərbi rəhbərliyinin müxtəlif əfsanələr və gülüş doğuracaq hadisələr uyduraraq əhalisini sakitləşdirməklə rahatlıq tapmağa çalışdığını diqqətə çatdıran nazirliyin mətbuat xidmətinin rəisi qeyd edib: “Sirr deyil ki, həqiqətən hərbi əməliyyatların gedişi zamanı hər iki tərəfdən müxtəlif növ texnikalar vurulub və ya sıradan çıxarılıb. Ehtimal etmək olar ki, fəal döyüş toqquşmaları sona çatdıqdan sonra Ermənistan Müdafiə Nazirliyi öz aktivinə daha bir “xəyali qələbəni” əlavə etmək qərarına gəlib.
Diqqət çəkən daha bir məqam ondan ibarətdir ki, Azərbaycan ərazisində xüsusi əməliyyatın keçirilməsi barədə Ermənistan Müdafiə Nazirliyi tərəfindən bu tip bəyanatın yayılması onların məsuliyyətsizliyinin, əldə olunan razılaşmalara saymazyana münasibətin bariz nümunəsidir və atəşkəs rejimini Ermənistan tərəfinin pozmasının sübutudur”.