Müdafiə Nazirliyi PKK-çıların Qarabağa gəlişini araşdırır

Türkiyənin “Yeni Şafak” qəzetinin yaydığı məlumata görə, PKK terror təşkilatı Ermənistana kömək üçün 400 döyüşçüsünü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərib.
Məlumatda Kandil və Kamışlıdan gələn terrorçuların Ağrı dağından Ermənistana keçdiyi, daha sonra Göyçə gölü istiqamətindən Qarabağın qaynar nöqtələrə getdiyi qeyd olunub. Nəşr PKK yaraqlılarının Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidəki erməni mövqelərinə səpələndiklərini yazıb.
Modern.az saytı məsələ ilə bağlı Müdafiə Nazirliyinin rəsmi mövqeyini öyrənib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Modern.az-a açıqlama verərək hazırda bu informasiyanın mənbəyinin araşdırıldığını söyləyib:
“Hazırda tərəfimizdən bu informasiyaların mənbəyi ilə bağlı araşdırmalar aparılır.  Məsələ tam araşdırılıb müəyyən edildikdən sonra nazirlik olaraq mövqeyimizi açıqlayacağıq”.
Türkiyə saytlarının yaydığı xəbərlərdə terrorçuların İraq və Suriya düşərgələrindən gəlib Ağrı dağı vasitəsilə Ermənistana keçdiyi qeyd edilir.
Məlumatlara görə, PKK-nın Ermənistana hərbçi göndərmə planı Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat tərəfindən həyata keçirilir. Onun İrəvanla gizli danışıqlar apardığı bildirilir.
Bundan başqa, o da bildirilir ki,  PKK-nın Suriya qanadı olan PYD-nin tərkibindən 150 erməni əsilli terrorçu da Qarabağa göndərilib.