Müdafiə Nazirliyi erməni uydurmalarına cavab verdi

Cəbhə xətti
"Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində guya erməni mülki əhaliyə xəsarət yetirilməsi barədə erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil". Bu haqda Müdafiə Nazirliyindən  Turaninfo.az-a məlumat verilib.  Nazirlik canlı hərbi qüvvə və döyüş texnikası sarıdan itki verən ermənilərin bu uydurmasını qəti surətdə rədd edib.
 “Silahlı Qüvvələrimizin bölmələri yalnız düşmən mövqelərini, səngərlərini, hərbi məqsədli obyektləri, nəqliyyat vasitələrini və kommunikasiya xətlərini hədəfdə saxlayır. Hər dəfə Ermənistanın hərbi-siyasi rejiminin nümayəndələrinin cəbhəyə səfərlərindən sonra bütün təmas xətti boyu gərginliyin artması müşahidə edilir və bu, süni şəkildə vəziyyəti kəskinləşdirmək məqsədi daşıyır”.
Ermənistan mətbuatında yer alan iddialara görə, mart ayının 25-də təmas xəttində fəallaşan Azərbaycan Ordusu iki erməni mülki vətandaşını yaralayıb. Bunlar 27 yaşlı Taxavard Ervanda Purumyan və 64 yaşlı Norik Alaxanyandır.
Ötən gün Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.