Müdafiə Nazirliyi erməni tərəfinin iddialarına münasibət bildirib

“Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində guya erməni mülki əhaliyə xəsarət yetirilməsi barədə erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil. Canlı hərbi qüvvə və döyüş texnikası sarıdan itki verən ermənilərin bu uydurmasını qəti surətdə rədd edirik”. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin məbuat xidmətindən bildirilib.
Nazirlikdən erməni mətbuatının iddiaları ilə bağlı qed edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri yalnız düşmən mövqelərini, səngərlərini, hərbi məqsədli obyektləri, nəqliyyat vasitələrini və kommunukasiya xətlərini hədəfdə saxlayır: “Hər dəfə Ermənistanın hərbi-siyasi rejiminin nümayəndələrinin cəbhəyə səfərlərindən sonra bütün təmas xətti boyu gərginliyin artması müşahidə edilir və bu süni şəkildə vəziyyəti kəskinləşdirmək məqsədi daşıyır”.