Müasir Şeyx Nəsrullahlar və onların qurbanları

Baxış sayı: 
151

 
Uzun illər öncə idi, tələbə yoldaşımla Gəncənin mərkəzində əmin-arxayın, şad-şalayın halda gəzirdik. Bazar tərəfdən gəlib mərkəzi univermağa yaxınlaşırdıq ki, qabağımızı bir falçı kəsdi: “Ay uşaqlar, ay tələbələr, gəlin, falınıza baxım”.
 
Xala tələbə olduğumuzu düz tapmışdı. (Zatən, bunu bilmək çətin deyildi, o zamanlar tələbələrin 99 faizi kostyum geyir, qalstuk taxırdı). Ancaq mənim belə şeylərə inancım yerli-dibli yox idi. Sadəcə, tələbə yoldaşımın suyulduğunu gördüm. Birlikdə dedik: “Yaxşı, bax, görək, nə göstərir”.
 
Falçı xala cümləpərdazlığa başladı, giriş elədi, mənə dair bir şeylər mızıldandı, amma tələbə yoldaşımın falına dair daha konkret sözlər dedi: “Yaxın günlərdə sizin evinizdə bir məclis olacaq. Yaxşı məclis olmayacaq”. Tələbə yoldaşım tutuldu, dedim, gəl, gedək, heç nə olmaz, sözdür də deyir.
 
Bu yerdə gəncəli Vanqa əlavə etdi ki, bir-iki manat da versək, baş tutacaq məclisin nədən ibarət olacağını, yəni təfərrüatlarını deyə bilər. Qoymadım. Falçı  xaladan aralandıq. Yarım saatdan sonra da bu hadisəni unutduq, getdi.
 
Aradan üç gün keçdi, həmin tələbə yoldaşım səhər-səhər dərsə gəldi, dekandan icazə aldı, dedi ki, təcili rayona getməlidir, nənəsi ağır xəstələnib. Aydın məsələydi ki, nənə getmişdi. Adətən, uzaq yerdən adamı kiminsə xəstələnməsinə görə çağırmırlar, xəstəliyin nəticəsinə görə çağırırlar.
 
Dostum getdi, 3-4 gündən sonra qayıdıb gəldi, dedi, nənəsi vəfat edib. Söhbətimiz əsnasında o, birdən-birə şəhərdə bizə rast olan, məşum “sizdə yaxşı məclis olmayacaq” proqnozu verən falçını xatırladı və dedi, yadındadırmı, o arvad nə demişdi.
 
Düzü, o zaman içimə bir şübhə toxumu düşdü, fkirləşdim ki, bəlkə yaxın gələcəyi görmək qabiliyyətində olan adamlar doğrudan da var, niyə şəkk gətirirəm.
 
Ancaq sonradan o cür falçılara çox rastlaşdım, hamısı da demək olar ki, eyni sözü deyirdi. O sözlər ümumi səciyyə daşıyırdı, düz çıxanı da olurdu, düz çıxmayanı da. Yəni onlar, sanasan, bir ovuc buğdanı bir metrdən masa üstündəki stəkana atırdılar və təbii ki, bir neçəsi mütləq stəkanın içinə düşürdü. Bu da olurdu onların falçılığı. Bu, açıq-aşkar fırıldaq idi.
 
Di gəl, bu ölkədə yaşayan milyonlarla insanın onlara necə də ürəkdən inandığına tamaşa et. İstənilən falçının qəbulunda növbə gözləyənlərin sayı tibb akademikinin qəbuluna düşmək istəyənlərdən qat-qat çoxdur.
 
Bu fırıldaqçılar camaat arasında əməlli-başlı avtoritetdirlər. İnsanlar evlərini, maşınlarını satıb gətirir, onlara verir, özlərini təslim edir, onların quluna, köləsinə çevrilirlər.
 
Mirzə Cəlil 109 il öncə “Ölülər” pyesini yazıb, Şeyx Nəsrullahı xalqa təqdim edəndə heç düşünməzdi ki, bir əsr sonra bu xalq fırıldaqçı şeyxlərə hələ də o cür inanacaq.
 
Bu ağlasığmaz bir şeydir. Tibb bu qədər inkişaf edib, elmi-texniki nailiyyətlər bu qədər tərəqqidədir, hər gün bir elmi möcüzənin şahidi oluruq, amma bizim camaat hələ də adi attestatı belə olmayan falçılara, ekstrasenslərə inanır, onların fövqəladə qabiliyyətə malik olduqlarını düşünür.
 
Budur, ad-soyadını dəyişərək, yeni qəbul etdiyi ad-soyada “mir”lər artıraraq özünə “seyid-peyğəmbər övladı” status qazandıran, dini motivli etimad votumu əldə edən bir şəxs gənc qızları internet vasitəsilə tovlayaraq həm pullarını alıb, həm də özlərini zorlayıb, cinsi istismara məruz qoyub. Özünün etirafına görə, dəzgahından 46 qadın keçib.
 
Yaxşı, adam canidir, dələduzdur, seksual sapıqdır, bəs bu 20-25 yaşlı qızlara nə olub ki, tələbə hallarıyla, o qədər kitab-dəftər oxuya-oxuya, sosial şəbəkə üzvü olacaq, internetdən istifadə edəcək qədər modern biri ola-ola bir sapığa etimad edir, onu öz problemlərinin açarı sayır?
 
Bunun cahillikdən başqa bir adı yoxdur. Bu, həm də dərinə işləmiş, total xarakter almış cahillikdir. Bəlkə də irsən keçən cahillikdir. Lap istəyir min kitab oxu, kitabxananı başdan-başa oxu, yenə sağalası mərəz deyil.
 
Bu cür sapıq-falçılarla mübarizənin yolu onların hamısını birbəbir tutub qandallamaqdır. Qoy görək gedib törətdikləri əməllərə görə içəridə onlara təkrar məhkəmə quran məhkumları öz məsumluqlarına inandıra, kimisə hipnoz edə, türkün sözü, paçalarını qurtara biləcəklərmi?

Загрузка...
Загрузка...