​MTRŞ-in Aparat rəhbəri: “Rəqəmli yayıma keçiddə problem varsa...” - VACİB AÇIQLAMA

 
Bu gündən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziyanın yayımı dayandırılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalini xəbərdar edən qabaqlayıcı məlumatlar yayıb. Beləliklə, noyabrın 1-dən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçilib.
 
Analoq TV yayımının dayandırılması əhali arasında müəyyən çaşqınlıq yaradıb. Bununla bağlı Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov Teleqraf.com-a açıqlama verib.
 
Aparat rəhbərinin sözlərinə görə, analoq TV rəqəmli televiziya yayımını dəstəkləmir: “Azərbaycanda əksəriyyət evlərində kabel şəbəkəsi və çanaq antenalarının yayımından istifadə edir. Bu yayımlar siqnalı rəqəmsalla qəbul edir. Düşünürəm ki, rəqəmli televiziya yayıma keçidlə bağlı hər hansı problem yoxdur. Yalnız köhnə analoq televizorlar rəqəmli yayım dəstəklənmir.
 
Müasir televizorlar, eləcə də 2010-cu ildən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.
 
Analoq TV rəqəmli televiziya yayımını dəstəkləməyən yayımdır. Loru dildə desək, arxası enli, köhnə televizorlar var ki, onlar rəqəmli yayımı dəstəkləmir. Həmin televizorların rəqəmli TV yayımını izləməsi üçün onlara tələb dekoder (“Set-Top-Box”) cihazı yerləşdirilməlidir”.
 
Toğrul Məmmədov deyir ki, sakinləri dekoder cihazını poçt şöbələrindən əldə edə bilərlər: “Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya da ehtiyac yoxdur. Köhnə televiziyalara dekorder cihazı qoşulur. Qiymət artımının qarşısı almaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dekorder satışını poçt şöbələrində təşkil edir. Baki, Abşeron, Sumqayıt ərazisində poçt şöbələrinə 5 mindən çox dekorder paylanıb. Qiyməti 21 manatdır. İstənilən şəxs post şöbələrindən həmin dekorderi əldə edə bilər.
 
Eyni zamanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli “Qaynar xətt”nə zəng etməklə insanlar suallarına cavab tapa bilərlər”.
 
MTRŞ rəsmisi qeyd edib ki, kabel şəbəkəsi yayımına qoşulmuş şəxslərin də dekorder cihazı almasına ehtiyacı yoxdur: “İzləyici televizorunda peyk vasitəsilə siqnal qəbul edirsə, hər hansı bir kabel şəbəkəsinin xidmətlərindən yararlanırsa, bu cihaza ehtiyac yoxdur. Televiziya proqramlarını əvvəlki qaydada izləyə biləcək.
 
Bu, ancaq yerüstü yayıma aiddir. Yəni izləyici evdə, yaxud damda antena quraşdırıb yerli telekanalları izləmək istəyirsə, bu, artıq köhnə televizorla mümkün olmayacaq”.
 
Hazırda  9 TV vericisi Teleqüllədən, 3 TV vericisi Günəşli Radio-Televiziya Stansiyası (RTS) və 1 TV vericisi Fatmayi RTS analoq yayımını aparıb və Sumqayıtdakı “Dünya” TV-nin analoq TV vericisi söndürülüb.
 
Aparat rəhbəri bildirib ki, rəqəmli TV-nin keyfiyyət daha yüksəkdir: “Analoq TV yayımında 1 şəxs bir kanala baxırdısa, digəri baxa bilmirdi. Rəqəmli televiziyalarda isə bütün kanallara keyfiyyətlə baxacaq. Analoq televiziya yayımı məsələsi 2011-ci ildən gündəmdədir. Həmin ildən Milli Televiziya və Radio Şurasının qərarı ilə analoq TV-nin yayımı ilə bərabər rəqəmli yayım tətbiq olundu.
 
5 il müddət kifayət edir ki, hər hansı şəxs 21 manata dekorder aparatın əldə edə bilsin. Bundan əlavə, əhaliyə xəbərdarlıq və maarifləndirlmə üçün çoxlu video-rolik əldə edilib. Hesab edirik ki, rəqəmli televiziya yayımına keçidlə bağlı hər hansı ciddi problem yoxdur”.
 
Rayonlarda analoq TV-nin dekabr ayının 1-dən dayandırılması nəzərdə tutulur. MTRŞ rəsmisi deyir ki, regionlarda əhali arasında aparılan sorğudan məlum olub ki, yalnız 7,5 faiz yerüstü yayımı izləyir: “Qalan şəxslər isə peyk televiziya yayımına baxır. Qeyd etdiyimiz 7,5 faiz əhalinin müəyyən hissəsininsə rəqəmsal peyk antenaları var”.
 
Toğrul Məmmədov kabel televiziya şəbəkələrindən də danışıb. Onun sözlərinə görə, Azərbaycanda kabel televiziya yayımı digər ölkələrlə müqayisədə çox ucuzdur: “Bizim ölkədə kabel şəbəkə xidməti daha ucuzdur. Hər bir televiziya kanalı kabel televiziya şəbəkəsinə qoşulduqda müəllif hüququna dair operatora pul ödəyir. Hər bir abunəçi üçün ayrıca pul ödəyəndə kabel TV şəbəkəsi üçün bu, baha başa gəlir. Hesab edirik ki, hazırdakı qiymət normaldır”.
 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, rəqəmsal yayıma keçid əhəmiyyətlidir: “Bu yayımın keyfiyyəti daha yüksəkdir. Onun üzərindən bir neçə kanal yayımlamaq olacaq. Analoq yayım zamanı istifadə olunan tezlik resursları boşalacaq və bu tezlik resurslarından daha effektiv istifadə etmək mümkün olacaq”.
 
Osman Gündüz qeyd edib ki, dekorderin qiyməti barədə bəzi insanlara güzəşt edilməlidir: “Aztəminatlı ailələrin əksəriyyəti bölgələrdə yaşayır. Bu istifadəçilərin bir hissəsinə xüsusi güzəştlər təklif edilə bilər”.