MTN işində şok: Mahmudovun “akula”ları qandallanır - ÖZƏL

 
 
 “MTN işi” üzrə axtarışa verilən Akif Mustafayevin (“Akula Akif”) barəsində olan cinayət işi üzrə icraat dayandırılıb
 
Politika.Az xəbər verir ki, A. Mustafayev haqqında axtarış elan edildiyi üçün onun barəsindəki cinayət işi üzrə icraatın dayandırılmasına qərar verilib. O, tapılıb istintaqa təhvil verildikdən sonra istintaq davam etdiriləcək.
 
Akif Mustafayev keçmiş təhlükəsizlik naziri Eldar Mahmudovun “sağ əli” kimi tanınır.
 
Qeyd edək ki, bir müddət əvvəl “Akula Akif” ləqəbi ilə tanınan A.Mustafayevin İspaniyanın Loret-de-Mar şəhərində saxlanılması haqqında xəbər yayılıb.
 
Onun vəkili Abbas Atakişiyev A. Mustafayevin saxlanıldığını təsdiqləsə də, sonradan buraxıldığını deyib.
 
Politika.Az xəbər vermişdi ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri olmuş “Akula Akif” 17 oktyabr əməliyyatından sonra ölkədən qaçmağa müvəffəq olub.
 
O, bir müddət Parisdə məskunlaşıb və sonra İspaniyaya gedib. Özünü iş adamı kimi tanıtsa da əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub.
 
“Akula”nın sxeminə əsasən MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyir və həbs edirdi. Bu zaman “Akula” MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir.
 
Onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun “xilas edilməsini” həyata keçirirdi. “Akula Akif”in evində axtarış aparıldığı, küllü miqdarda pul, daş-qaş və zinət əşyasının müsadirə edildiyi deyilir.
 
Politika.Az xəbər verir ki, milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudovun daha bir “akula”sı isə “akula Polad” ləqəbli Polad Qabulovdur.
 
İstintaqdan yayınan bu şəxs sabiq nazirə sahibkarlar, varlı-imkanlı şəxslərin dosyelərini ötürürmüş. Onun “akula Akif” ləqəbli Akif İsmayılovla işbirliyi olub. Onlar Mahmudovun dönəmində özlərini tikinti maqnatı kimi təqdim ediblər.
 
Mətbuatda “akula Akif” haqda nisbətən çox informasiya olsa da, “akula Polad” kölgədə qala bilib.
 
Bir müddət əvvəl Polad Qabulov barəsində Yasamal rayon Polis İdarəsinin (RPİ) icraatında olmuş və MTN çetesinin təzyiqi ilə xitam verilmiş cinayət işinin icraatı təzələnib.

Загрузка...
Загрузка...