“MTN-də mənə elə şeylər etdilər ki…” - İrandan narkotik gətirənlərin məhkəməsi

 
“MTN-də mənə elə şeylər etdilər ki…” - İrandan narkotik gətirənlərin məhkəməsi İrandan Azərbaycana narkotik vasitələr gətirməkdə təqsirləndirən şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 1985-ci il təvəllüdlü Yanayev Elnur Həsrət oğlu həm də narkotik vasitələrin satışında və istifadəsində də təqsirləndirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid və hal şahidi ifadə verib. Musavat.com xəbər verir ki, təqsirləndirilən Elnur Yanayev özünü yalnız narkotik vasitənin istifadəsində təqsirli bilib. Digər ittihamlarla isə razılaşmadığını deyib.
 
Məhkəmədə ifadə verən şahid hazırda həbsdə olan Təyyar Abbasov olub. Təyyar Abbasov 2013-cü ilin may ayında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilmişdi. Onunla birlikdə həbs edilən şəxslər İrandan Azərbaycana 15 kiloqram narkotik vasitə gətirməkdə və satışında təqsirləndirilirdilər. Ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təyyar Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib.
 
“Mənə İrandan 10 kiloqram narkotik gəlib”
 
Məhkəmədə ifadə verən Təyyar Abbasov təqsirləndirilən Elnur Yanayevi tanıdığını deyib. Ona maşın satdığını söyləyən T.Abbasov bildirib ki, Elnur narkotik vasitələrin İrandan gətirilməsində iştirak etməyib.
T.Abbasov ifadəsinə əlavə edib ki, bu işə görə həbs olunan digər şəxslər arasında da günahı olmayanlar olub: “Mən Elnuru tanıyıram. Ona maşın satmışdım. Pulumu ala bilmirdim. Buna görə telefonla bir neçə dəfə danışmışıq. Ancaq ona narkotik satmamışam. Mənə İrandan 10 kiloqram narkotik gəlib. Bu işi də iki nəfər görmüşük. Amma 7-8 nəfəri tutub salıblar içəri ki, bu işi qruplaşma şəklində edibsiniz. Bu qədər haqsızlıq olmaz. Mən etdiyim əməli etiraf edirəm. Ancaq digərlərinin günahı yoxdur”.
Hakim şahidin istintaqa fərqli ifadə verdiyini xatırladıb.
 
“MTN-də mənə elə şeylər etdilər ki…”
 
Şahid deyib ki, onu istintaqda aldadıblar: “MTN-də sənəd gətirdilər ki, sağlamlıq kağızıdır. İmzalamağımı istədilər. Mən də imzaladım. Sonra dedim ki, verin oxuyum. Dedilər, baxmağın lazım deyil. Həm də MTN-də elə şeylər etdilər ki, məcbur qalıb imzaladım. Olmayan şeylərin hamısını yazıblar”.
Prokuror E.Yanayev və T.Abbasov arasında narkotik satışının olması haqda ittiham aktında yazılanları xatırladıb. Şahid T.Abbasov buna cavabında deyib ki, belə bir niyyəti olsa da həyata keçirə bilməyib: “Mən Elnurla danışmışdım. Ona özüm dedim ki, məndə mal var. Satmağa adam tapa bilərsən? Elnur da dedi ki, maraqlanıb, xəbər edəcək. Ancaq heç “uspet” edib sata bilmədim. MTN tutdu. Ancaq ittihamda yazıblar ki, külli miqdarda narkotiki Elnura satmışam”.
Hakim: “Bu qədər narkotiki gətiribsinizsə, demək ki, satmaq fikriniz var idi. Bəs Elnura satmırdınızsa, kimə satacaqdınız?”
T.Abbasov: “Bir adam tapıb satacaqdım. Amma Elnura satmamışam. Bir az verdim. Sonra Elnur zəng edib dedi ki, mal “tuxta”dır”. Adam tapanda mənə xəbər edəcəkdi, amma əlaqəmiz kəsildi”.
Prokuror qeyd edib ki, hər iki şəxs arasında telefon danışıqları var. Onların görüşməsini, narkotik vasitənin alış və satışını həyata keçirmələrini sübut edən faktlar istintaq materiallarında yer alır. Prokuror əlavə edib ki, onların bu məqsədlə görüşməsi də sübuta yetirilib.
 
“İslanmışın yağışdan nə qorxusu?”
 
Hakim şahidə xəbərdarlıq edərək yalan danışdığı üçün məsuliyyətə cəlb oluna biləcəyini xatırladıb.
13 il azadlıqdan məhrum edilən şahid T.Abbasovun cavabı isə belə olub: “İslanmışan yağışdan nə qorxusu? Onsuz da cəzamı almıaşm. Amma yenə də deyirəm ki, mən ona narkotik vasitə satmamışam. Buna imkan olmayıb. MTN-də də nə istəyiblərsə, yazıblar. Bu işi iki nəfər görmüşük”.
 
Məhkəmədə məlum olub ki, T.Abbasovun satmaq istədiyi narkotiki İrandan Azərbaycana Pərviz Musazadə adlı şəxs gətirib. O da T.Abbasov kimi 13 il azadlıqdan məhrum edilib.
Təqsirləndirilən Elnur Yanayev məhkəmədə deyib ki, o, T.Abbasovdan narkotik vasitə almayıb: “Mənim Təyyara 2 min manat borcum var idi. Ondan maşın almışdım. Evimdən 200 qram narkotik çıxıb. Amma mən ittihamda yazıldığı kimi bu qədər narkotikin alış-satışında iştirak etməmişəm”.
Məhkəmədə hal şahidi kimi Aqşin Qarayev ifadə verib. O, E.Yanayevin evinə baxış zamanı MTN əməkdaşları ilə bilrikdə həmin ünvana getdiyini deyib. Hal şahidi deyib ki, E.Yanayevin evinə baxış zamanı evdən narkotik maddə və elektron tərəzi götürülüb. E.Yanayev həmin şəxsi tanımadığını və mənzilə baxışda iştirak etmədiyini deyib.
Təqsirləndirilən şəxsin vəkili hal şahidinə sual verərək baxış keçirilən evin ünvanını və mənzilin neçənci mərtəbədə yerləşdiyini soruşub. Hal şahidi bunu xatrılamadığını deyib: “Bina “Həzi Aslanov” metrosunun ətrafında idi. Amma neçənci mərtəbə olduğunu bilmirəm. Lift qaranlıq olduğu üçün neçənci mərtəbəyə qalxdığımızı xatırlamıram”.
 
Təqsirləndirilən şəxs hal şahidinin yalan danışdığını, binalarında liftin olmadığını söyləyib.
Məhkəmə prosesi növbəti həftə davam etdiriləcək.
Qeyd edək ki, Elnur Yanayev Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olma) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.