“Mtn bizi sıxışdırırdı, Eldar Mahmudovla danışıqlar oldu…” - Məhkəmədə şok ifadələr


”Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib
 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namazalı Məmmədov ifadə verib.
 
O, 1997-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu deyib: “İstintaq zamanı dedilər ki, qiymətlər şişirdilib. Bu, düzgün deyil. Müəyyən edilib ki, mənim “Aztelekom”dan 16 milyon manat alacağım var. Məni isə 4 milyon manat mənimsəməməkdə ittiham edirlər. Nəyə görə həbs olunmuşam, bilmirəm”.
 
Prokurorun sualların cavablandıran N. Məmmədov Vidadi Zeynalova pul vermədiyini deyib. Vəkillərin suallarına cavab olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən əlavə, Daxili İşlər, Ədliyyə nazirlikləri, “Azercell Telekom”la da çalışdığını deyib. Bildirib ki, hərraclar barəsində qəzetlər vasitəsi ilə xəbər tutub. O, baş mühasibi Səhrab Məmmədova 32 min manat pul vermədiyini də deyib: “Səhrab Hümbətov pul yeyənə oxşayır? Ona ancaq maaş vermişəm”.
 
Təqsirləndirilən Cəlil Cəfərov özünü təqsirli bilmədiyini, heç bir qanunu pozmadığını deyib: “Rabitə Voleybol Klubunun prezidenti olmuşam. Bütün işləri özüm qurmuşam. Sonra Telekom klubun yaratdıq”.
 
C. Cəfərov rabitə sahəsində mütəxəssis olduğunu deyib. Bildirib ki, sosial şəbəkələr vasitəsində danışıq trafikləri barədə hər ay nazirə məruzə edib: “Bütün dünyada sosial şəbəkə ilə danışıq trafiki aşağı düşür. Bizi Rusiya monopoliyada saxlayırdı. Sonradan biz Avropa trafikinə qoşula bildik. Naxçıvanla bir vaxtlar əlaqə yaratmaq çətin idi. Biz İranla danışıqlar apardıq, rouming sistemi quruldu. Azərbaycan peykinin buraxılması barədə müqavilə mən tərəfindən imzalanıb. Sonradan “Azərkosmos” yaradıldı və işlər onlara təhvil verildi”.
 
O, heç bir mütəşəkkil dəstə yaratmadıqlarını deyib: “Beynəlxalq danışıqlarla bağlı bizdə cinayətlər baş alıb gedir. Bizim MTN və digər təhlükəsizlik orqanları ilə tədbirlərimiz olub. Bakıda reydlər keçirmişdik. Adamları aldatmışdılar ki, filan aparat wifi aparatını gücləndirir. Həmin aparatlara bir nömrə yerləşdirilirdi və xaricdən idarə edilirdi. Elə olurdu ki, Azərbaycanda trafik sıfıra düşürdü.
 
Onlar elə peşəkar oğurluq edirdi ki, heç qeydiyyata da düşmürdü. Biz bunlarla mübarizə aparırdıq. MTN də bizi sıxışdırırdı. Çünki həmin nömrələrdən kimin zəng etdiyi bilinmirdi. Bəlkə terrorçular bu xətlərdən istifadə edirdi? Çünki terrorist də belə zəng edə biıərdi. Biz tutulandan sonra yenə də bunlar ortaya çıxdı və indi daha çoxdu. Heç bir qayda pozuntusuna da yol verməmişik. Biz işlədiyimiz müddətdə danışıq trafiki üzrə dövlət büdcəsinə zərər gəlməyib. Amma həbs olunandan sonra, araşdırmalar apartdırmışam. Məlum olub ki, mənim həbsimdən sonra dövlətə hər ay 1 milyon manat zərər dəyib. Bizim fəaliyyətimiz dövlətə zərər yox, gəlir gətirirdisə, hansı mənimsəmədən söhbət gedə bilərdi?
 
Heç bir qanun pozuntusu olmayıb. Vergi yoxlaması zamanı da tariflərin düzgün hesablanması məlum olub. Mənim heç bağ evim də yoxdur. Xahiş edirəm, barəmdə bəraət hökmü çıxarasınız”.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov prokurorun suallarını cavablandırıb. O deyib ki, nazirliyin əsasnaməsi əsasında fəaliyyət göstəriblər: “Nazirliyin maliyyə mənbələri təsərrüfat hesablıdır. Bu nazirlik ölkəyə valyuta ehtiyatı gətirib. Mən işləyən dövrdə gəlir 100 milyon manata qalxıb. Direktor kimi əsas vəzifəm ondan ibarət idi ki, nazirliyin rəhbərliyinin göstərişini icra edim. Mənə deyilən hər şeyi qanun çərçivəsində yerinə yetirmişəm”.
 
O, təsis etdiyi voleybol klubunun haradan maliyyələşdiyinə də aydınlıq gətirib: “Nazirliyin kollegiya qərarı ilə klubun xərcləri “Azintelekom” MMC-nin hesabına verilirdi. Bu məsələ cəmiyyətə həvalə olunmuşdu. Sənədləşdirilməsi mümkün olmayan xərclərin üzərinə qayıtmaq istəmirəm. Mən verilən pulları özümə istifadə etməmişəm, hər şeydən Vidadi Zeynalovun xəbəri olub. Mən nazir Əli Abbasovun tapşırığı ilə hər ay 50 min manatı Vidadi Zeynalovdan alırdım. İstintaqda göstərilən pullar isə qardaşım ödəyib. Voleybol sahəsini idarə etmək çətin idi, xeyli xərc tələb olunurdu”.
 
Prokurorun “AKEY” MMC-nin əməkdaşı Elmar Hüseynovu tanıyırsınızmı?” sualına C. Cəfərov belə cavab verib: “Onunla bir neçə dəfə görüşmüşəm. Mənə klub üçün pul verirdi. Mən də nazir Əli Abbasovun tapşırığı ilə pulun 29 min ABŞ dollarını data sisteminə, 50 min dollarını klubun xərclərinə, 300 min dollarını isə Vidadi Zeynalova verirdim. Hesab edirdim ki, bu paketlər qeyri-qanuni deyil. Mən cinayət etməmişəm, yalnız dövlət və millətim üçün iş görmüşəm”.
 
Vəkilin sualını cavablandırın C. Cəfərov deyib ki, “Cartburg NC” şirkəti ilə müqavilə bağlanılıb əməkdaşlıq edilməsini birbaşa ona rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tapşırıb: “Nazir qiymətlərə, trafikin aylıq həcminə və keyfiyyətinə də daim özü nəzarət edib. Bu məsələ bizdə daim izlənilirdi”.
 
C.Cəfərov bildirib ki, “Cartburg” şirkəti ilə müqavilə bağlanması göstərişi ləğv edilmiş MTN-nin rəhbərliyindən alınıb: “Bu şirkətlə əməkdaşlıq dövlətin təhlükəsizliyi məqsədi ilə edilib. Bununla bağlı Eldar Mahmudovla da danışıqlar olub və göstəriş verilib ki, “Cartburg” şirkəti ilə işləyək. Bununla da xaricdən edilən gizli zənglərin, danışıq trafikindəki qanunsuz şəbəkələri aşkarlamaq məqsədi var idi”.
 
 
Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
 
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.
 
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
 
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Загрузка...
Загрузка...