Mətbuat Şurasına yeni üzvlər qəbul olundu – 4 KİV-in adı «qara siyahı»ya salındı

 
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşov iclası açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. Gündəliyə 2 məsələnin daxil edilməsi qərara alınıb.
 
Öncə Mətbuat Şurası sıralarına qəbula baxılıb. Şuraya ərizə ilə müraciət edən hər bir kütləvi informasiya vasitəsinin baş redaktorları dinlənilib. Onlar həmin KİV-lərin fəaliyyət istiqamətləri barədə məlumat verirblər.
 
İdarə Heyəti üzvləri «Milli Məclis», «Elm-Nauka», «Le Carrefour» («Yol qovşağı»), «Bələdiyyə həyatı», «Vedibasar», «Şəki bələdiyyəsi» qəzetlərinin, «Multikulturalizm», «Olimpə doğru», «Mədəniyyət.AZ», «Xəbərlər məcmuəsi» və «Elm və həyat» jurnallarının, «Report.az», «Medianews.az», «Olimpnews.az», «Avropa.info», «Arazmedia.az», «7news.az» saytlarının MŞ-yə qəbuluna səs veriblər.
 
Sonra Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının və «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarların qəbulu məsələsinə baxılıb. «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə rəhbəri olduğu komissiyanın bu müddətdə 2 iclasının keçirdiyini, 20-dək məsələyə baxıldığını bildirib. O, «Qanun və şah», «Dünyaxeber.com», «Yukaz.az» saytlarının adlarının MŞ-nin «qara siyahı»sına salınması üçün kifayət qədər əsasların olduğunu nəzərə çatdırıb, «365info.az» və «Haqqınsəsi.com» saytları ilə bağlı isə əlavə araşdırmalara ehtiyacın olduğunu deyib. Məsələ səsə qoyulub və qərara alınıb ki, «Qanun və şah» qəzetinin, «Dünyaxeber.com», «Yukaz.az» saytların adları MŞ-nin «qara siyahısı»na daxil edilsin. Digər 2 sayta isə Mətbuat Şurasının xəbərdarlığı olunsun və onlarla bağlı araşdırmalar davam etdirilsin.
 
İclasda «Bizim dövr» qəzetinin adının MŞ-nin «qara siyahı»sına yenidən qaytarılması barədə qərar çıxarılıb. İdarə Heyətinin iclasda iştirak edən bütün üzvləri məsələyə münasibətlərini bildiriblər. Çıxışlarda vurğulanıb ki, qəzetin adı həmin siyahıdan çıxardıqdan sonra bir müddət onun barəsində MŞ-yə şikayətlər daxil olmayıb. Lakin son vaxtlar belə hallar intensiv şəkil alıb. Qəzetin rəhbərliyi ilə komissiyaların iclaslarında dəfələrlə söhbətlər aparılmasına, iradlara və tövsiyələrə baxmayaraq bu KİV-in fəaliyyətində dönüş yaratmaq meyilləri nəzərə çarpmayıb. Buna görə də İdarə Heyəti «Bizim dövr» qəzetinin adının yenidən «qara siyahı»ya salınmasını qərarlaşdırıb.