Mətanət İskəndərlinin fotosu qalmaqal yaratdı - FOTO

 
Son günlər adı ikinci dəfə “MTN işi”ndə hallanan müğənni Mətanət İskəndərli yenidən ictimaiyyətin qınaq obyektinə çevrilib.
 
Belə ki, bu günlərdə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev mətbuata açıqlama göndərərək, oğurlanan qardaşına görə müğənnini ittiham etməklə yanaşı, onun müttəhimlər kürsündə əyləşməsini tələb etmişdi.
 
Müğənni isə barəsində ittihamlar səslənən ərəfədə, sanki bütün bunlara əhəmiyyət vermədiyini nümayiş etdirərək, “İnstagram” səhifəsində iştirak etdiyi konsert tədbirlərindən foto və videolar paylaşıb.
 
Onun Müəllimlər Günü münasibəti ilə Sumqayıt Dövlət Universitetində tələbə qızlarla çəkdirdiyi bir foto isə sosial şəbəkə izləyicilərinin kəskin tənqidinə tuş gəlib. Səbəb isə əyləşdiyi stolun üstündəki siqaret və alışqan olub.
 
Onun müğənniyə aid olub-olmadığı dəqiq məlum olmasa da, izləyicilər həmin fotoya “Şok oldum, inanmazdım ki, Mətanət xanım siqaret çəksin”, “Siqareti sizə yaraşdırmadım”, istehza ilə “Kaş pivə də olardı” və digər bu kimi tənqidi şərhlər yazıblar.
 
 
 
Xatirladaq ki, müğənni bir neçə il bundan əvvəl “narkoman” olması bağlı yayılan iddialara cavab olaraq bildirmişdi ki, nəinki narkotik, həyatında heç vaxt siqaret belə, çəkməyib: “Kimsə yanımda siqaret çəkəndə belə, tüstüsündən boğuluram”.
 
Mövzu ilə əlaqədar onu da qeyd edək ki, dünya ölkələrində, o cümlədən, qardaş Türkiyədə qadınların siqaret çəkməsi normal hal kimi qəbul edilir. Qadının ailə içərisində, qaynana və digər qohumlarının yanında, cəmiyyət arasında siqaretdən istifadə etməsi adi hal kimi qəbul olunsa da, bizlərdə bu, birmənalı qarşılanmır, mühafizəkarlıqla yanaşılır. Xüsusən də, sənət adamlarının bu cür vərdişləri vaxtaşırı qınaq obyektinə çevrilir.
 
Bəs, bunun səbəbi nədir?
 
Psixoloq Azad İsazadə mövzuya bu cür aydınlıq gətirdi: “Söhbət Azərbaycandan getmir. Şərq, cənub ölkələrində siqaret çəkmək xanımlar arasında ayıb sayılır. Halbuki müqayisə etsək, məsələn, qonşu Türkiyədə bu problem o qədər də ciddi deyil. Hətta orada çarşablı, başı bağlı xanımların sakit halda parkda əyləşib siqaret çəkdiyini görə bilərik. Bizdə isə xanımlar küçədə, ictimai yerlərdə siqaret çəkməməyə çalışırlar, bu vərdişlərini biruzə vermək istəmirlər. Bu, cəmiyyətin kütləvi psixoloji amilidir”.