Məşhur üsyankar müstəntiq od püskürdü

 “Vicdan məni Əli müəllimin günahsız olduğunu söyləməyə sövq edir”
 
Keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun prokurorluq orqanlarında işləmiş oğlu Rüfət Səfərov gündəmin suallarını cavablandırıb
 
Keçmiş müstəntiq olan R.Səfərov Politika.Az-a müsahibəsində ən aktual mövzularla bağlı danışıb.
 
– Rüfət bəy, sabiq səhiyyə naziri Əli İnsanova yeni cinayət işi açılıb. Keçmiş müstəntiq kimi, sizcə bu cinayət işinin nə dərəcədə hüquqi əsası var?
 
– Bu, hüquqi, bəlkə də mənəvi məsələdir. İnsanı siyasi məsələdə təqsirləndirilib, sonradan iqtisadi işdə ittiham etmək hüququn əlifbası ilə kontrast təşkil edir. İllər əvvəl “təqsirləndirilən şəxs”i həbsi etmək, sonradan sübut yetməyəndə iqtisadi işə “endirmək” hüquq adına, sadəcə, hayqırıdır.
 
– Siz necə, inanırsınızmı sabiq nazir azadlığa çıxmağına 57 gün qalmış özünə problem yaratmağa cəhd etsin?
 
– Qondarmadır. Daxili vicdan məni Əli müəllimin günahsız olduğunu söyləməyə sövq edir. Doğrudur, bu faktı dilə gətirmək bir qədər cəsarət tələb edir. Amma bu, insafdımı ki, 70 yaşlı ziyalını sındırmaq yönündə səy etməyə davam edəsən? Bu həyatın daimi olduğu təqdirdə insanların yırtıcılığı nümayiş etdirməyini başa düşərdim, fəqət hazırkı mövcudiyyətin fanilyi məni məcbur edir ki, idrak etməkdə çətinlik çəkim.
 
– Sizcə Əli İnsanovun bundan sonra azadlığa çıxmaq imkanı qalırmı?
 
– Dediyim kimi, Əli müəllim təqsirsizdir, ittiham üçün heç bir əsas və ya səbəb yoxdur. Ağsaqqal bir kişinin bunca repressiyaya məruzunu bizlər götürsək də Allah təqdir etməyəcəkdir. Onun həbsdən diri, yaxud ölü çıxacağını əlahəzrət zaman göstərəcəkdir.
 
– Rüfət bəy, sizin öz məhkəmə prosesiniz nə yerdədir və gözləntiləriniz nədən ibarətdir?
 
– Özümü ədalətsiz insanlardan elə ədalətsiz qərara kökləmişəm.
 
– Gəlin belə danışaq və məncə, bu sual hamını maraqlandırır: necə ola bilir ki, iqtidarı illərlə dəstəkləmiş və onun yolunda canını fəda etməyə hazır olan bir ziyalının, məmurun oğlu müxalif mövqe tutur?
 
– Göründüyü kimi, olur. Doğrudur, səmimi ərz edəndə məni və cənab Sabiroğlunu baş ardına vurur bəzi nakəslər… Nə olsun ki, Sabiroğlunu bu gün çətin vəziyyətə salmışam, amma bu, o demək deyil ki, mən onu zamanla pis duruma salmaqda davam edəcəyəm. Onun başı dimdikdir, bütün həyatım da bu prinsipə tabe olacaqdır. Dəqiqdir ki, işlər heç də belə getməyəcək… Üstəlik, fikir edirəm ki, Sabiroğlunun əziyyətini yerə deyil, yuxarı “vurmuşam”. Bəlkə elə sanırlar ki, Rüfət Səfərov çətin vəziyyətdədir? Günlər sonra illərə məhkum olacaq? Və ya əvvəldən təsbit ediblər ki, qorxu hissi həqiqəti ifadə etməyə mane olacaq? Qətiyyən.
 
– Hazırda nə işlə məşğulsunuz?
 
– İşim yalnız fikirlə əlaqədardır. Vaxtaşırı olaraq ölkədə baş verən eybəcərlikləri ayrı-ayrı tribunalarda söyləməyə üstünlük veririəm. “Əxlqsızlığın anatomiyası”, “Ərənlik və qeyri-ərənlik” adlanan iki esse üzərində çalışıram. Yəqin edirəm ki, yaxın günlərdə oxucuların mühakiməsinə təqdim etmək imkanım olacaqdır.
 
– Son sualım, səmimi cavab verin, işsiz qalmağınıza, hazırda məhkəmə prosesinizə görə, peşmançılıq hissi keçirirsinizmi? Yəni, özünüzə “niyə belə etdim” sualını verirsinizmi?
 
– Bəy, mən bu həyatda “onsuz da hamımız öləcəyik” prinsipinə dayanıban tərz edirəm. Peşmançılıq adına bir nəsnə yoxdur. Sualınıza aidiiyyəti olmasa da qeyd etməyi vacib bilirəm ki, hazırkı fikirlərim təkcə özümə deyil, həm də seyrələn dost-tanışa, qohum-əqrabaya baha başa gələcəkdir. Amma məsələnin bir yanı da odur ki, bu, məni doğruları ifadə etməkdən azad etmir.