Məşhur Təhminədən xalq artistlərimizə ağır ittihamlar: "Məndən istifadə etdilər..."

 
 
"Məşhur türkiyəli əktrisa, “Təhminə və Zaur” filmində Təhminə rolunu canlandırmış Meral Konrat qalmaqallı açıqlama ilə diqqət cəlb edib
 
Politika.Az xəbər verir ki, aktrisa “Report”a verdiyi müsahibədə Azərbaycanın xalq artisti Faxrəddin Manafovla hazırkı münasibətindən də danışıb. M.Konrat bildirib ki, F.Manafov onu aldadıb və ona görə də xalq artistimizə qarşı münasibəti dəyişib. Türkiyəli məşhur bundan başqa başqa bir xalq artistimiz – Zülfiyyə Xanbabayevanın da onu aldatdığını açıqlayıb. M.Konratın dediklərini olduğu kimi təqdim edirik:
 
– (Ah çəkərək gülümsəyir) O, məni o qədər məyus etdi ki, bilmirəm, hardan başlayım. Fəxrəddini çox sevirəm, onun bir telefonu ilə hər yerə getmişəm. Ancaq o, məni çox, çox qırdı. Təxminən bir il öncə mənə zəng etdi və dedi: “Meral “Təhminə-2”ni çəkirik”. Elə həyəcanlandım ki, izah edə bilmərəm. Dedim: “Axı, Təhminə o filmdə ölmüşdü, sonrası necə olacaq?” O da “Biz filmdə Təhminənin öldüyünü göstərmədik, o, sözdə öldü. Danışdılar öldüyündən, amma biz öldüyünü göstərmədik” cavabını verdi. Çox sevindim, çox həyəcanlandım ki, artıq “Təhminə-2”yə çəkilirəm. Fəxrəddin ona görə Bakıya gəlməli olduğumu bildirdi və əlavə etdi: “Biz bunun qısa tanıtımını lentə alacağıq”. Ssenarini istədim ki, oxuyum, baxım. O isə ssenarinin hələ yazıldığını, tamamlanmadığını söylədi. “Ona görə də öncə qısa tanıtım çəkəcəyik, sən Türkiyəyə dönəcəksən. Sonra fimdəki geyimlərin hazırlanacaq və hər şey hazır olduqdan sonra artıq filmin çəkilişi üçün Bakıya gələcəksən. Gəldiyin zaman biz səninlə müqavilə bağlayacağıq” dedi. Bunları mənə Fəxrəddin dediyi üçün və işin içində o olduğu üçün gözübağlı qalxıb Azərbaycana getdim. Bakıda məni bir yerə apardılar, orada Zülfiyyə adlı bir sənətçi ilə qarşılaşdım. Soruşdum: “Bu xanım da filimdə oynayacaq?” Dedilər: “Yox, bu xanım bizdə məşhur bir musiqiçidir və filmin musiqilərini o hazırlayacaq”. Zülfiyyə xanım da ilk dəfə bir filmin musiqisini hazırlamaqdan çox xoşbəxt və qürurlu olduğunu vurğuladı. Hələ bu filmin “Təhminə-2” olması məni inanılmaz həyəcanladırdı. Baxdım, çəkiliş meydançasında “Təhminə-2” yazılan kağızlar var. Yəni, o qədər inandım ki, ağlıma başqa şey də gəlmədi. Orada o xanım mahnı oxudu. Soruşdum ki, o, niyə mahnı oxuyur, bu, nəyə lazımdır? Dedilər ki, musiqiləri o hazırladığı üçün özünün də tanıtım filmində olması lazımdır. Mən yenə də, inandım. Nə isə, çəkilişlər bitdi, Türkiyəyə qayıtdım. Oturub gözləyirəm ki, Fəxrəddin mənə zəng edəcək, təkrar film çəklişi üçün Bakıya qayıdacağam. Baxdım zəng edib, soruşan yoxdur, özüm Fəxrəddinə zəng etdim. Telefonu bir neçə dəfə bağlı oldu. Sonra nə isə açdı və dedi: “Narahat olma, hələ ssenari yazılır, biz sənə xəbər verəcəyik. Üstündən aylar keçdi, Fəxrəddindən bir xəbər çıxmadı. Zəng edirəm, əlaqə qura bilmirəm. Nə isə bir gün, İstanbulda yaşayan çox sevdiyim bir azərbaycanlı dostum mənə zəng etdi və “Meralcım, Azərbaycanda klipə çəkilmisən, çox gözəl alınıb” söylədi. “Xeyr, mən klipə çəkilməmişəm” cavabını verdim. Girib internetdə izləyəndə şoka düşdüm. Mənimlə tanış etdikləri Zülfiyyə xanımın klipi idi və mən də o klipdə oynayırdım. Zəng etdim, heç birini tapa bilmədim. O sənətçi xanıma da, Fəxrəddinə də çox əsəbiləşdim. Çox sevdiyim insanın bunu mənə qarşı etməsi, həqiqətən çox təəssüfləndiricidir. Yəni, mənə belə də deyə bilərdilər: “Meral xanım, biz “Təhminə-2”ni çəkməli idik, amma olmadı, bunu klipə çeviririk. Yəni, xəbərin olsun”. Ancaq onu belə etmədilər. Bir üzr zəngi gözlədim. Heç bir şey etmədilər. Sonra məhkəməyə müraciət etmək istədim, ancaq düşündüm ki, bu, mənə yaraşmaz, xoş olmaz. O klipə görə nəqonorar aldım, nə də təşəkkür. Yəni çox, çox incidim. Mənim belə üzüntülərim, təəssüflərim keçir. Nə isə… Bir gün Bakıdan məni özəl bir jurnalın çəkilişi üçün Bakıya çağırdılar. Fəxrəddinlə orada qarşılaşdıq və ona nə vaxt bu mövzu ilə bağlı sual vermək istəsəm də, mövzunu dəyişdirdi. Yayındı mövzudan. Mən ona sual verə bilmədim ki, niyə bunu etdin, niyə belə oldu? Ancaq Fəxrəddin mənə qarşı bir neçə dəfə buna bənzər şeylər etdi və buna görə çox qəlbimi qırdı, çox küsmüşəm ondan. Hələ də ona hörmətim, sevgim böyükdür. Ancaq yenə də bir üzr istəməsini gözləyirəm.

Загрузка...
Загрузка...