​Məşhur kulinar əsəbiləşdi: “Qanunları öz evinizdə pozun”

 
“Son zamanlar “Təki toy olsun” deyənlərə qıcıqlanıram. Axı indi toy eləmirlər, bizə toy tuturlar. Toylara çox vaxt nəmər göndərirəm ki, ordakı “musiqi” adlanan küyü eşitməyim. Bu küydən sonra nə düşünə bilirəm, nə bir iş görə. İndi ad günləri, nişanlar da elə toy günündədir”.
 
Bu barədə Əməkdar mədəniyyət işçisi Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov öz feysbuk hesabında yazıb. O, qəzəbini daha sonra belə ifadə edib: “Yay gecələrinə lənət oxuyuram ki, toyxana və restoranların həyətinə çıxarılıb oxudulan müğənnilərin səsi evimizin (“Neftçilər” metrosu, Nizami rayon İcra Hakimiyyəti binasının yanı) içindədir. Bəzən gecə saat 1-2-ə qədər… Qaçıb getdik Hövsana. Bir gecə gördük  ki, yenə toy evin içindədir. Televiziyanı nə vaxt açırıq, yenə toy gedir.
 
Ey toyxana və restoran sahibləri, öz yazdığınız qanunları pozursunuzsa, öz evinizdə pozun. Yoxsa yayda dünyanın sakit guşələrində ailənizlə dincələndə bizim buradakı həyatımızı toya döndərməyin. Balam, harda nə qələt eləyirsən elə də, mənim evimə niyə soxulursan?”.