Mərkəzi Bankın devalvasiya qorxusu - təfsilat

Dövriyyədəki manatın depozit hərracları vasitəsilə azaldılması nəyə xidmət edir?
Samir Əliyev: «Depozit hərracını keçirməkdə məqsəd dövriyyədəki manat kütləsini azaltmaqdır»
Iyunun 13-i Mərkəzi Bank ilk dəfə vəsaitlərin cəlb edilməsi üzrə hərrac keçirib. Mərkəzi Bank hərracda 150 milyon manat cəlb etməyi nəzərdə tutsa da, cəmi 129 milyon manat cəlb edə bilib. Hərracın nəticəsinə görə, orta ölçülmüş faiz dərəcəsi 6,49 % təşkil etdib.
“Müşahidə edilən makroiqtisadi prosesləri, pul siyasəti üzrə hədəfləri, habelə bank sektorunun likvidlik mövqeyini nəzərə alaraq Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə hərraclar çərçivəsində depozit əməliyyatlarının aparılmasına başlanması qərara alınmışdır”, – Mərkəzi Bankdan bildirilib.
Bank sektorundan “Marja”ya bildirilib ki, bir sıra bankların izafi manat kütləsi var. Onlar bu manat kütləsini dollar almaq üçün bazara çıxardıqda manatın məzənnəsinə təsir edir. Hərracın keçirilməsində də əsas məqsəd, bu manatı bazardan qısa müddətə çıxarmaqdır.
Mərkəzi Bankın dövriyyəyə daxil etdiyi milli valyutanın həcmindəki artımlar dollara da tələb formalaşdırır. Banklar həmin vəsaitlərinin bir qisminin dollara çevirərək xarici valyuta öhdəliklərini yerinə yetirməyə çalışırlar.
Bəs, Mərkəzi Bankın dövriyyədəki manatın kütləsini yenə də məhdudlaşdırması iqtisadiyyata nə vəd edir?
Son zamanlar dollar alışının artdığını deyən iqtisadçı Samir Əliyev bildirdi ki, buna bir səbəb də may ayında manat kütləsinin 10 faiz artmasıdır. S.Əliyevin sözlərinə görə, bu artımın səbəbi dollar hərraclarında Mərkəzi Bankın da iştirak edərək dollar alması olub. Çünki MB dolların bahalaşmasında maraqlı deyildi. Ona görə hərraca çıxarılan və alınmayan dolları MB özü alırdı: “Mərkəzi Bank demək olar ki, mayda keçirilən bütün hərraclarda iştirak etdi və hərraclardan dollar aldı. Dollar alışı zamanı dövriyyəyə manat buraxıldı. Dövriyyədəki manatın artması ona gətirib çıxardı ki, hərraclarda iştirak edən bankların sayı artdı. Mərkəzi Bank dolları almaqla gələcəkdə dollar alışının stimullaşması üçün dövriyyəyə manat buraxdı. Ona görə bu halı nəzərə alaraq Mərkəzi Bank başqa alətdən istifadə etməyə başladı. Bu alətlərdən biri də depozit hərracıdır. Depozit hərracını keçirməkdə məqsəd dövriyyədəki manat kütləsini azaltmaqdır. Digər bir tərəfdən bu addım banklara likvidlik vermək məqsədi daşıyır. Banklar əmanətlər cəlb ediblər və kredit verirlər. Amma kreditlər geri qayıtmır. Təsəvvür edin banklar əmanəti dollarla cəlb edir, kredit idə dollarla təklif edir. Amma dollar kreditini götürən yoxdur. Ona görə Mərkəzi Bankın təklif etdiyi depozitləri əldə etmək banklara sərf edir. Kommersiya bankın Mərkəzi Bankda on milyonluq əmanət yerləşdirirsə, bir aydan sonra bank bu addımından 50 min manat qazanc əldə edəcək. Burada əsas riskin sıfır dərəcəsində olmasıdır”.
S.Əliyev onu da bildirdi ki, MB-nin bu addımında bir səbəb pul kütləsini azaltmaqdırsa, ikinci səbəb banklara likvidliyin verilməsidir. Amma dövriyyədəki manat kütləsinin məhdudlaşdırılması iqtisadiyyata ziyandır. “Təsəvvür edin Maliyyə Nazirliyi istiqrazlar, Mərkəzi Bank isə depozit hərracları vasitəsilə iqtisadiyyata yönəlməli olan pulu özünə yönləndirir. Bu isə ziyanlı prosesdir”, deyə S.Əliyev vurğuladı.