“Motorola”nın qatillərindən Kremlə mesaj: “Növbəti qurbanlar...” – VİDEO

 
Ukraynanın Donetsk şəhərində separatçıların liderlərindən biri olan “Motorola” ləqəbli Arseniy Pavlovun mümkün qatillərinin videomüraciəti yerləşdirilib.
 
Publika.az xəbər verir ki, videomüraciətdə dörd maskalı adam Arseniy Pavlova edilən sui-qəsd üçün məsuliyyəti öz üzərinə götürüb.
 
Onlar “YouTube”də dərc edilmiş müraciətində xəbərdarlıq ediblər ki, Donetsk və Luqansk “xalq respublikaları”nın liderləri - Aleksandr Zaxarçenko və İqor Plotnitski müvafiq olaraq növbəti qurbanlar olacaqlar.
Daha əvvəl “Donetsk Xalq Respublikası” separatçı rejimin başçısı Zaxarçenko bildirib ki, zabitə qarşı həyata keçirilən sui-qəsdin sifarişçisi müəyyən edilib. Onun sözlərinə görə, sui-qəsdi həyata keçirənlərin müəyyənləşdirilməsi üçün istintaq tədbirləri keçirilir.
O, həmçinin polkovnikin qətlini müharibə elanı adlandırdı. “Mən belə başa düşürəm ki, Pyotr Poroşenko (Ukrayna prezidenti – reds.) barışığı pozdu və bizə müharibə elan etdi. İndi gözləyin”, - o, deyib.
Separatçı rejimin “Xalq Şurası”nın sədri Deniz Puşilin sui-qəsdə təşkilinə görə Ukrayna diversiya-kəşfiyyat qrupundan şübhələnib.
Qeyd edək ki, Arseniy Pavlov oktyabrın 16-da Donetskdə yaşayış evinin liftində quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində həlak olub. O, “Donetsk Xalq Respublikası”nın liderlərindən biri olub.