"Mosulun tez azad olunması türk ordusunun əməliyyatda iştirakından asılıdır" — Politoloq

 
Yaxın Şərqdə ABŞ - Rusiya yarışı keçirilir.
 
Mosul əməliyyatları başlanan ərəfədə ABŞ tərəfi bildirdi ki, Mosuldan sonra Rakka şəhərinə hücum olacaq. Bundan dərhal sonra Rusiya hərəkətə keçdi. Yayılan məlumatlara görə, Rusiya Rakka şəhərinə girməklə bağlı planlar hazırlayıb və Aralıq dənizinə silah-sursat yığmağa başlayıb.
 
ABŞ Rakkaya peşmərgələrlə, Rusiya isə Əsəd ordusu ilə girməyi planlaşdırır. ABŞ və Rusiyadan öncə isə Türkiyə də Rakkanın İŞİD-dən azad olunması üçün plan hazırlayırdı.
 
ABŞ və Rusiyanın Yaxın Şərq oyunu barədə politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:
 
"Rakkaya hücumu 2 ay bundan əvvəl Türkiyə öz üzərinə götürmüşdü. Türk ordusu ilə Suriya Azadlıq Ordusu birlikdə Suriyanın digər yerlərini İŞİD-dən təmizlədikdən sonra Rakkaya hücum edəcəkdi. Mosul məsələsində əlbəttə ki, ABŞ-ın göstərişi ilə Türkiyənin iştirakına imkan vermədilər. Koalisiya qüvvələrinin tərkibində 4 türk qırıcısı bombardmanlarda iştirak edir, ancaq quru əməliyyatlarına Türkiyənin Suriya Azadlıq Ordusu ilə birlikdə qoşulmasına imkan vermədilər. Hətta türk ordusunun təlim keçdiyi Bərzaninin peşmərgələrinə razılıq verdilər, amma türk əsgərinin iştirakına razılıq vermədilər.
 
ABŞ lap əvvəldən Yaxın Şərq siyasətində ciddi xətalara yol verir. Rusiyanın mövqeyi də qızışdırıcı mövqedir. Rusiya öz strateji maraqlarını təmin etmək istəyir. Hər iki super dövlət Yaxın Şərqdə əzələ nümayişinə çıxıb. Rusiya və ABŞ yanlarına bir-iki ərəb dövləti alaraq onların adından oradakı iştiraklarını qanuniləşdirməyə çalışırlar. Nəticədə isə Suriya kimi böyük bir ölkə tar-mar olunub. Suriyanın insanlarının böyük bir hissəsi köç edib, qaçqın vəziyyətinə düşüb. Yerdə qalan hissəsi isə səfalət içərisində yaşayır. Ölkədə bütün infrastruktur, kənd və şəhərlər dağıdılıb. Eyni sözləri İraqın bir hissəsi, Mosul və Kərkük haqqında da demək olar. Orada da xaos və böyük dağıntılar hökm sürür. Tərəflərdən biri ABŞ və ya Rusiya vahid bir cəbhə və plan üzrə İŞİD-ə qarşı mübarizə aparsaydı, zənnimcə bu qədər dağıntı, fəlakət baş verməzdi. İndi elə bir vəziyyət yaranıb ki, tərəflərin hansının doğru yolda olduğunu, hansının səhv yolda olduğunu aydınlaşdırmaq xeyli çətinləşib. Hər-halda 30-a yaxın gəmisini Aralıq dənizinə yeritməsi və uzun müddətdir ki, Hələbi bombardman etməsi, indi isə Rakkaya hücum edəcəyini bəyan etməklə Rusiya sanki yanan ocağın üzərinə benzin tökür.
 
ABŞ-ın bölgə ilə bağlı sabit planı yoxdur. ABŞ 1200 nəfərlik dəniz piyadasını bölgəyə göndərdiyini bildirdi, ancaq məlum oldu ki, onlar döyüşə girmir, İraq əsgərlərinə təlim keçir. ABŞ Fransa və İngiltərə ilə birlikdə havadan bölgəni bombalayır. Havadan bombardmanlar hədəfə çatmamaqla yanaşı, mülki əhali arasında daha çox qırğınlara, onların evsiz qalmasına və ölkədən qaçmasına gətirib çıxarır. Mosulda, Kərkükdə, Suriyanın isə bir çox bölgələrində böyük humanitar fəlakət yaşanır. Həmin hümanitar fəlakətin ən bariz nümunəsi ölkədən qaçmaq istəyib, xilas yolu axtaran, ancaq xeyli hissəsi dənizlərə qərq olan insan kütləsidir. İnsanlar Yaxın Şərqdə ağır insanlıq dramı yaşayır, bunlar isə nə Putinin, nə də Obamanın vecinə deyil.
 
İndi elə bir zəmanə gəlib ki, dövlətlər neçə min kilometr uzaqlıqdan gələrək orada öz strateji maraqlarını reallaşdırmağa çalışır, ancaq qonşu dövlətlərdən olan Türkiyə kimi ölkələr bölgəyə nüfuz etmək üçün ciddi əngəllərlə qarşılaşırlar. Beynəlxalq təşkilatların və bölgə dövlətlərinin müdaxiləsi ilə bu məsələni daha tez və qansız çözmək olardı. Böyük dövlətlərin burada, birinin yeni silahlarını sınaqdan çıxarması, başqasının dünya ağalığını sübuta yetirməyə çalışması bölgəni qan gölündə boğur.
 
ABŞ və yaratdığı koalisiya hələ ki, Mosula girə bilməyib. İraqın baş naziri Abadi İranın öyrətməsi ilə Mosulun tez bir zamanda İŞİD-dən təmizlənməsinə imkan verə biləcək türk qoşunlarının bölgəyə müdaxiləsinə imkan vermir. Halbuki, bölgədə ən güclü, nizami və yüksək texniki təchizatlı ordu Türkiyədədir. Abadi unutmamalıdır ki, Mosulu 45 min nəfərlik İraq ordusu, başda generalları olmaqla bir güllə belə atmadan İŞİD-ə təslim ediblər. İndiki Abadinin ABŞ-ın iştirakı ilə yaratdığı ordunun isə peşmərgələrin köməkliyi ilə hansı zamanda Mosulu azad edəcəyi sual altındadır. Türkiyə bu məsələyə qarışsa, İŞİD-i Mosuldan çox tezliklə çıxarmaq olar. Sonra isə koalisiya şəklində Rakka şəhərinə hücum edilə bilər. Böyük dövlətlərin rəqabəti çox ağır nəticələrə gətirib çıxarda bilər.
 
Rusiya Suriya, Yaxın Şərq məsələsində son kartlarını oynayır. Uzunmüddətli və böyük xərclər tələb edən amansız rəqabətdə Rusiyanın vəziyyətinin necə olacağını proqnozlaşdırmaq asan deyil. ABŞ prezident seçkiləri ərəfəsindədir. Ölkədə siyasi boşluq hiss edilməkdədir. Bu siyasi boşluq şəraitində ABŞ-ın Yaxın Şərqdə özünü necə aparacağını da proqnozlaşdırmaq çətindir. Çünki ABŞ bərkə düşəndə dərhal qoyub qaçıb. Bu vəziyyətdə insanın bölgə insanlarının halına acımaqdan başqa əlacı qalmır. Beynəlxalq təşkilatlar da bu işə müdaxilədə tam seyirci qalıblar. Demək olar ki, bu məsələnin bəlli məcraya, xüsusən də danışıqlar məcrasına yönəldilməsi üçün heç bir cəhd etmirlər. Məsələ isə gündən-günə faciəvi bir forma alır".