Mənsimovun biznesi böhranda - hotelini satır

Mənbəmiz deyir ki, “Palmali” prezidenti, eləcə də Türkiyənin istirahət bölgələrində biznesi olan digər oliqarxlar da hazırda çıxılmaz duruma düşüblər
Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Bodrumdakı hotellərindən birini satır.
Ünlü iş adamının Bodrumda dörd hoteli var. Bunlar “Palmalife Bodrum”, “Palmalife  Marina Hotel”, “Boutique Hotel” və “Palmalife Lənkəran”dır. Məlumatda iddia olunur ki, satışa çıxarılan hoteldə bir neçə aydır ki, ciddi maliyyə problemi yaşanır və hətta işçilərin məvacibini ödəmək belə problemdir. Üstəlik, bu yay Rusiyadan Türkiyəyə turist yasağı ölkənin bütün kurort zonalarının hotellərinə çox  ciddi problem yaradıb ki, bu sırada Mənsimov da var.
Holdinqin rəsmi saytında adlarını sadaladığımız hotellərin hər biri haqda ayrıca məlumat var və rezervasion üçün açıqdır. Amma mənbəmiz deyir ki, M. Mənsimov, eləcə də istirahət bölgəsində biznesi olan digər oliqarxlar da hazırda çıxılmaz duruma düşüblər.  Qeyd edək ki, ötən ilin sonunda M.Mənsimov müsahibələrindən birində demişdi ki, turizm sahəsindəki bəzi aktivlərini satmağı nəzərdə tutur. M. Mənsimovun Bodrumdakı “Palmalife Bodrum” istirahət kompleksinin hətta ”LUKoil" prezidenti Vahid Ələkbərova satılacağı da iddia olunurdu.
Maraqlıdır ki, elə ötən il M.Mənsimov Türkiyənin Bodrum bölgəsində dövlət mülkiyyətində olan 400 min kvadratmetrlik ərazinin satışına dair keçirilən tenderin qalibi olmuşdu.  Rəsmi məlumata görə, M.Mənsimovun sahibi olduğu “Palmali Group Company” ərazini almaq üçün ən yüksək məbləği - 370 milyon TL təklif edib və bu rəqəm ən yüksək olduğundan qalib olub.
Qeyd edək ki, Bodrum Türkiyənin Muğla vilayətinin tərkibindəki ən inkişaf etmiş turizm zonalarındandır.
Yeri gəlmişkən, əsasən Rusiyanın daxili sularında yük daşımaları ilə məşğul olan “Palmali” Qərbin  Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan da ciddi ziyana düşüb.  Rusiyanın müxtəlif ticarət nişanlarının və xüsusən də neft məhsullarının dünyanın müxtəlif ölkələrinə daşınmasında aparıcı paya malik olan şirkət sanksiyalar səbəbindən bu gəlirdən də məhrum olunub və nəticədə də ciddi maliyyə böhranı  ilə üzləşib.

Məlumata görə, şirkət rəhbərliyi yaranmış situasiyanın vurduğu zərərin sarsıdıcı effekt verməməsi üçün müxtəlif yollar arayır. Bunlardan biri kimi isə “Palmali”nin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən ofislərinin bir qisminin bağlanması nəzərdən keçirilir. Hazırda 20-dən artıq ölkədə nümayəndəliyi olan şirkət bunlardan yarısının fəaliyyətinə son vermək niyyətindədir. Bundan başqa, şirkətlər qrupuna daxil olan bütün kommersiya qurumlarında ciddi ixtisarlar aparılacağı da deyilir. Bir müddət  əvvəl ANS-ə müsahibəsində M.Mənsimov  bu tip məlumatları təkzib edib. 
M.Mənsimovun  mövqeyini də dərc etməyə hazırıq.