“MƏNİM SEVGI DÜNYAM”

Dağların, çayların, şəlalələrin bir axını var insan ömründə. Gəlimli gedimli dünyanın sakinləri bir-birindən maraqlıdır. Insanların görünməyən tərəfləri isə əslində yaşanan tərəfləridir. Carçı.az saytının rəhbərliyinin təşəbbüsü ilə İradə xanımla görüşməli oldum. İlk baxışdan həm mülayim, həm də sərt görünən bu xanım, çox maraqlı xanım olduğu diqqətimi çəkdi. Üç saat yarım söhbətimizdə. Yeni bir insan kəşf etmiş oldum. Onun daxili dünyası, billur şəlalələri, quşların nəğmələrini, buludları, yağan yağışları, günəşin isti hərarətini, qışın sərtliyini, baharın yenicə açmış çiçəklərini, üzündə və dodaqlarının təbəssümündə əks etdirirdi…
Körpə yaşlarından kiçik bir parça:

Xavər ananın xəstəlyinə görə, iki yaşlı İradə xanım, 5 yaşına qədər Sumqayıtda Ramiz dayısının himayəsində qalıb. Dünyaya yenicə göz açan bu körpə, ana qayğısının nə olduğunu anlamadan dayısının yoldaşı Elmira xanımı özünə ana hesab edib. Sonra beş yaşdan on yeddi yaşa qədər qayıdıb doğulduğu Sabirabada anasının yanına. Anasından uzaq qaldığı müddət, həsrətli günlər yaşadığını dilə gətirdikdə sadəcə bir mənzərə açılır İradə xanımın baxışlarında. Mənzərəni seyr etdikdə isə bir keşmə- keşli yol çıxır insanın qarşısına…

 

Anasının həyatı:

Xavər ananın anası beşinci uşağı dünyaya gətirəndə dünyasını dəyişib. Adı Böyük xanım olub. Xavər ananın nənəsinin adı isə Qönçəbəyim olub. Qönçəbəyim nənəgil içəri şəhərdə tanınmış nəsil olublar. Onların evinin pəncərəsi, qız qalasına açılıb. Böyükxanım dünyasını dəyişdikdən sonra Xavər ananın atası yenidən ailə həyatı qurub… Sonra isə uşaqlar Qönçəbəyim nənənin yanında qalıblar. Bunlar Zadəgan (Yəni imkanlı) ailə olduqları üçün Xavər ananın atasını, o vaxtkı vəziyyətə görə 1938-ildə tanınmamış bir diyara sürgün ediblər. Sonra isə Qönçəbəyim nənə ilə birlikdə dörd uşağı sürgün ediblər Şuşa şəhərinə, ordan da, dörd saatlıq yol məsafəsi olan bir yerə. Hansı ki, o kənddə 4-5 ailə yaşayıb. Bu bəxtsiz ailənin uşaqlarını ailələrdən birinin tövləsində məskunlaşdırıblar. Bu kəndə gələrkən yolda Qönçəbəyim nənənin ayaqlarını don vurub. Çox keçmədən dünyasını dəyişib… O zaman İradə xanımın anasının yəni Xavər ananın on üç, on dörd yaşları olub. Yaşı digər uşaqlardan böyük olduğu üçün, Şuşa yetimxanası, Xavər ananı qəbul etməyib. Lakin yaxşı insanlar tərəfindən, kəlağayı fabrikinə işə götürülüb. İllər keçdikdən sonra məktub vasitəsi ilə yetimxanada olan uşaqlar və Xavər ana, məktublaşaraq, bir- birlərini yenidən tapıblar. Ancaq beşinci qardaş hansı ki, anası dünyaya gətirəndə dünyasını dəyişmişdi, kiçik qardaş Rahil adında, o represiya zamanı Bakıda qaldığından onun taleyindən heç bir məlumat yoxdur. Bəlkə də, hansısa uşaq evində, yada kiminsə övladı adını daşıyaraq böyümüşdü. Xavər ana çox savadlı nəsildə boya-başa çatdığı üçün elmə, təhsilə, kitab oxumağa çox önəm verən insan olub. İradə xanımın və digər övladlarının oxumasına ali təhsil almasına, çox diqqət edib. Axı ana məlum səbəblərdən özü təhsil almamışdı. Lakin orta məktəbdə də, özünün aldığı savad, ailənin ziyalılığı, bu xanıma bəs edib. Hər zaman O, istəyibki, onun həyata keçirə bilmədiklərini dünyaya gətirdiyi övladları həyata keçirsin. Bununla yanaşı şeiri, hekayəni, romanı da, çox sevib. İradə xanım kiçicik bir şeir yaxud yazı parçası qələmə alanda, sevincindən göz yaşlarını saxlaya bilməyib. Digər yazılarını da, oxuyub, istiqamətləndirib. Özünün və ailəsinin başına gələnləri öz övladlarına çatdırmaqla, yeni bir yol açıb, fərqli bir ruh formalaşdırıb, öz ömründən qırılmayacaq bir körpü yaradıb övladı İradə xanımın ömrünə. Elə bir körpü ki, geriyə qayıdanda həsrət, irəli gedəndə məhəbbət doğur bu ömür. Xavər ana bu sözləri tez-tez dodaqlarının arasında pıçıldayarmış. Qərib atam bəlkə sağdır, heç onu güllələməyiblər?! Bakıya gələndə Qızqalasının yanında maşını dayandırıb deyərmiş; dayanın qoyun bu yerlərə doyunca baxım… Bu yerlərin hər küncündə mənim ayaq izlərim var. Bunların şahidi olan İradə xanım, kiçik hekayələrin, şerlərin, elmi yazıların rəsmini çizib öz yaddaşında, o həsrət alovunu anasının içində gördükdə düşünüb: “Mən nə vaxtsa o həsrəti qələmə alacağam…” Ana özü bu dünyada olmasa da, onun bağının bəhrəsi İradə Əlili. Cəmiyyətin günəşinə çevrilib. Ruhun şad olsun ana!

 

 On yeddi yaşdan sonrakı dövrləri:

İradə Əlili böyüdükdən sonra, arzularını həyata keçirmək üçün Bakıya gəlib çox keçmədən istəyinə nail olub. Demək olar ki, ömrünün çox hissəsini Sumqayıtda dayısı Ramız gildə yaşayıb. Cəmiyyətdə, dünya görüşünün formalaşmasında dayısının yoldaşına çox minnətdar olduğunu bildirir.

O, 1980-ci ildə “Bakı Mədəni texnikomuna” daxil olub. Və buranı qırmızı diplomla bitirib. Sonra kitabxanaçı kimi fəaliyyətə başlayıb. Həm də, Mədəni marif texnikomuna müəllimə vəzifəsinə təyin edilib. Ondan az sonra jurnalistlik fəaliyyətinə başlayıb. 1995-ci ildə “Savalan” uşaq qəzetində muxbir vəzifəsinə təyin edilib. Artıq iyirmi ilə yaxındır ki, jurnalistlik fəaliyyətini davam etdirir. “Günəş jurnalı”, ”Savalan qəzeti” , “Respublika qəzeti” və digər mətbu orqanlarda yazıları dərc olunur . Uşaqlardan yazmağı daha çox sevir.

“Uşaqlarla işləmək çox maraqlıdır. Mənim zamanım az olur yoxsa daha çox uşaqlara zaman ayırardım. Uşaqlara aid kiçik hekayələr, şeirlər də, yazıram. Əgər zamanım olsaydı şeirə, yazılara daha çox vaxt ayırardım. Sadəcə tədqiq etdiyim mövzu ilə bağlı işlərim və cəmiyyətdə ictimai işlərim çox olduğuna görə zamanım az olur”

Yenidən qayıdaq əsas mətləbə. Görək dəyərli xanımın keçdiyi yollarda daha nələr var?. Cəmiyyətdə gərək insan bir şeylə kifayətlənməsin. Orta təhsil aldımı davam edərək ali təhsil almağa da can atasın və nail olsun! Həyat həm davam edir, həm də, mübarizələri çox sevir. Mübarizələr isə zəngin ruha sahib edir insanı. Iradə xanım, daim bunun üçün çalışan mübariz xanımlardan biridir… O,1988-ci ildə Bakı Dövlət Universitetinin kitabxana-informasiya fakultəsinə daxil olub, 1994-cü ildə bitirib. Hal-hazırda Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasının dissertantıdır. Elmi işi 2012-ci ilin əvvəlləri təsdiqlənib. Müdafiə işini bitirməyi düşünür. Elmi müdafiə işində də, ona hər zaman dəstək olan elmi rəhbəri Filologiya elimləri doktoru Aybəniz (Əliyeva) Kəngərliyə çox minnətdar olduğunu bildirdi.

 

Düşüncələrin kamilliyindən, təcrübəyə gedən yol:

Onun cəmiyyətə ilk çıxışı “SİMRUQ” assosiasiyasından olub. Bu işdə SİMRUQ assosiasiyasının prezidenti tanınmış kulturoloq , alim Fuad Məmmədovun çox böyük köməkliyi dəyib. Cəmiyyətdə insanlara dəstək olacaq belə gözəl insanlara çox ehtiyac var. Allah bu işlərinə görə Fuad müəllimi mütləq mükafatlandıracaq. İradə xanım bu gün cəmiyyətdə tutduğu mövqeyinə görə bu alicənab insana minnətdardır. Indi isə keçmiş faəaliyyətdən bu günə keçid alaq.

 

Cəmiyyətdə bu günkü fəaliyyəti:

Azərbaycanın bütövlüyü uğrunda keçirilən vətənpərvər tədbirlərə , çox fəal qatılır.  Məsələn; Azərbaycan qadınlar cəmiyyətinin sədri Bahar Qasımovanın keçirdiyi tədbirlərdə, Qadın jurnalistlər assosiasiyasının sədri Sevil Yusifovanın keçirdiyi tədbirlərdə, Azərbaycanın müstəqilliyi ilə bağlı, Xocalı günündə, səfirliklər səviyyəsində olan tədbirlərdə, yaxından iştirak edir. Həm də, həmən cəmiyyətlərin üzvüdür. İradə xanımın, Qadın cəmiyyətləri ilə gələcək üçün böyük işlər görəcəyinə dair, geniş planları da, var. Bu təşkilatlar özləri də, cəmiyyətdə çox böyük işlər görürlər. Onlar kimsəsiz uşalara, qocalar evinə, Qarabağ qaçqınlarına, Şəhid ailələrinə, Əlillərə baş çəkərək bacardıqları qədər dəstək olurlar. İradə xanım da bu cəmiyyətlərlə bərabər onlara qatılıb , birlikdə çalışmağı planlaşdırıb . May ayının 11-13.2014-cü il tarixində “TÜRK DÜNYASI SİVİL TOPLUM ZİRVƏSİ” adlı Proqrama qatılıb. Qadınlar cəmiyyətinin təmsilçisi kimi iştirak edib. Şəxsi olaraq, “Xocalılara yardım” kompaniyası yaradıb. Hər bayram, bacardığı qədər onlara baş çəkib, dərdlərinə şərik olur. Onun cəmiyyətdə olan fəaliyytləri bununla da, bitmir.

70-ildən çox yaşı olan Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanasının həmkarlar komitə sədri olmaqla yanaşı, həm də bu kitabxananın baş kitabxanaçısıdır. Kitabxanaçıların İxtisas Artırma kursunda da müəllimədır. Bununla yanaşı Bakı Dövlət Unveristetində Kitabxana-informasiya fakültəsində müəlliməsidir. O kitabxanaçı peşəsini sevir və bu işindən çox razıdır. Ümumiyyətlə onunla bir kollektivlərdə işləyən insanlar İradə xanımı, öncə insani keyfiyyətlərinə, elmi biliklərinə, vətənpəvər ruhuna, atdığı hər bir uğurlu addımlarına görə çox sevirlər. Bu xanımın da, onu əhatə edən insanlara boyük sevgisi var.

Demək olar ki, ömrünü Azərbaycanın firavalığına, gənclərinin isə mükəmməl vətənpərvər ruhda formalaşmasına həsr edir. Söhbət əsnasında, Gənclərin bu günkü durumu heç ürək açıcı olmadığını vurğuladı. Səbəb isə az kitab oxuyaraq. Mütailəsiz lazımsız şeylərə daha çox zaman ayırdıqlarını göstərdi.. Bunun kökünün isə ailə tərbiyyəsinə qayıtdığını xususi təhlil etdi.

“Bir uşaq dünyaya gələndə altı yaşa qədər valideynlər, çox diqqətli olmalıdırlar. Daha çox zaman ayıraraq fikir formalaşmasına yardım etməlidirlər. O dərəcədə ədəbli olmalıdırlar ki, uşaq üçün yaxşı örnək ola bilsinlər. Ikinci baxça müəllimələri ədəbli və savadlı olmalıdırlar. Üçüncü məktəb müəllimləri. Dördüncü isə İnsititut həyatı mükəmməl olmalıdır ki, bir uşaq ədəbli olsun kamil ruhda formalaşsın”.

Öz tələbələrinə və gənclərə vətənpərvər, cəmiyyətə yararlı olmalarını hər dəfə dərs yaxud tədbirlər zamanı aşılamağa çalışır. Təkcə cəmiyyətdəki mövqelərindən qane olmayaraq, Azərbaycanın dərdlərini getdiyi xarici ölkələrdə təbliq edir. Kamil ruhda və tərbiyyədə böyüyüb formalaşan xanımın düz nə az, nə də çox, ondörd illik xarici ölkələrə səyahət etdiyi ömür səhifəsi var. Hal-hazırda, səfərlərdən qalmır…

 

Ana yoldan daha bir şaxə xaricdə olan səyahət illəri:

Bu xoşbəxtlik hər kəsə nəsib olmayan bir xoşbəxtlikdir ki, yaşanan şeylər hamısı, lazımlı olsun! Onun mübarək ayaqları və nurlu gözləri çox insanların ayaqlarının dəymədiyi torpaqlara dəyib, görmədiklərini isə öz gözləri ilə görüb. İradə xanım, ömrünün üç ilini Almaniyada yaşayıb. Digər illərini isə, Avropa və Ərəb ölkələrini səyahət edib. İndi sadəcə bir qismini sizə deyəcəyəm.

Avropa-Fransa, Bergia, Çexslovakiya, Hollandiya, Moskva, Ukrayna, Piribaltika, Krım, Dağıstan, Misir, Türkiyə və Tükiyənin bir çox şəhərləri İstanbul ,Ankara və.s şəhərlərində olmuş, və Azərbaycana xidmətindən də, qalmamışdır.

Xocalı faciəsinin il dönümündə, atasının maddi köməkliyi ilə Ankaraya gedib, soyqırımın tanıtım tədbirlərində iştirak edib. İradə xanım ailədə də, vətənpərvər ruhda böyüyüb. Çünki, onun atası da, böyük vətən müharibəsi Əlilidir. Vətənpərvərlik ruhu atasından hopub ruhuna. Yola düşməzdən əvvəl, Azərbaycandan Turkiyəyə əli boş getməyib.

70-dən çox Xocalı həqiqətlərinə aid olan kitablar, jurnallar, braşuralar toplayaraq, İstanbul və Ankara hava limanında , qatıldığı toplantılarda paylayıb. Bu kitabların , toplanıb ərsəyə gəlməsində Axundov adına Milli kitabxananın kitabxanaçı xanımlarının , Bakı Dövlət Universitetinin kitabxana- informasiya fakultəsinin dekanı Azad müəllimin böyük dəstəyi olub. İradə xanımı hava limanında tanınmış tele- jurnalist Sevda Mirzə özü şəxsən qarşılayaraq, Vətən üçün yola çıxan İradə xanımı, elə olduğu kimi təqdim edib.

Sevda Mirzənin sözləri:

“Baxın bu xanım Bakı Dövlət Universitetinin müəlliməsidir. Bu gün öz şəxsi vəsaiti ilə Dövləti, Milləti üçün şərəfli bir yola çıxıb… və hər kəsə örnək olacaq bir yola. İradə xanım isə qəhərlənmiş boğazında titrək səslə astadan bu sözləri söylədi: “Mən Ankarada bu hissləri yaşadım. İçimdən çox ağrıdım. Inşallah ki, gələn il Ankaraya Xocalının azad olmasını qeyd etmək üçün gedərəm”.

 

Tez-tez dəvət aldığı efirlər:

Günümüzdə cəmiyyətin dəyərli fikirlərə daha çox ehtiyacı var. Ekspert kimi, çox yerlərə dəvət alaraq öz tövhələrindən qalmır. Bu yaxınlarda 06.04.2014-cü ildə Az.tv-də Səadət proqramının qonağı oldu. Aktual söhbətlərə qatıldı. Zeynəb xanım Aslanovanın dəvəti ilə“Inter.az” kanalına dəfələrlə dəvət alıb. Azərbaycan Dövlət Televiziyasının Təmas nöqtəsi verlişində çıxışları olub. Tez-tez Yevlaxda yerləşən El.tv kanalının qonağı olur, Az.tv, Xəzər.tv, Dünya.tv və.s.

 

Yaradıcılığı və yaradıcılıq fəaliyyəti:

Alimlərin fikrinə əsasən evin kiçik övladı hər zaman istedadlı olur. İradə xanımgil ailədə iki bacı, iki qardaşdırlar. Evin kiçik övladı isə İradə xanımdır. Istedad bütün insanlara verilir. Lakin, şairlik insanla bərabər doğulur. İradə xanımın qələmindən kağız üzərinə hopan duyğuları günümüzün yazarlarından çox fərqlənir. Bu gün yazarların əksəriyyəti sevgidən, qadından yazdıqları halda, İradə xanım bütün mövzulara toxunur. Həm sevgidən sayğıdan, həm də vətənpərvər yazılara daha çox üstünlük verir. Yazıların qaynağı isə ananın həsrətindən, ananın ailəsinin başına gələn müsibətlərdən, özünün qürbətdə yaşamasından, elmi təhsil və cəmiyyətdə gördüyü mənfi yaxud müsbət hadisələrdən, ziyalı ailədə böyüyüb boya-başa çatmasından, ən önəmlisi atanın vətənpərvərliyindən, vətəni övladına zamanında doğru-düzgün tanıtmasından süzülür. Biz onunla çox səmimi söhbət etdik. Üz-üzə əyləşdiyim ziyalı xanım, sanki mənim bir parçam idi. Ona baxdığca özümü görürdüm amma daha da güclü, mətin və yenilməz bir surətdə.

İradə xanım beşinci sinifdə oxuyanda kiçik şeir, və hekayələr yazmağa başlayıb. Həmin yazılar hal hazırda itib-batıb heyf ki… Lakin onuncu sinifdən yazdıqları ondan sonra yazdıqları yazıları yaşayır. Tələbəlik illərində, bir sıra yazıların müəllifi olub. O illərdə yazılan yazılardan, iki şeir kitabı ərsəyə gəlib. Iyirmidən çox elmi məqalələri var. 2013-cü il dekabr ayında “MƏNİM SEVGI DÜNYAM” adlı ilk kitabı işıq üzü görüb. Kitaba Beynəlxalq mətbuat mərkəzində təntənəli təqdimat mərasimi keçirilib. Bir kitablıq şeirini isə, yaşı az dövründə yazdığı üçün daha da, mükəmməlləşdirməyi düşünür və roman üzərində çalışır.

Publisistik yazılarda və şeirlərdə hər zaman ona dəstək olan tənqidçi publisisit, şairə xanım Həlimə Vəliqızına çox minnətdardır. Onun oxucular tərəfində bəyənilən və sevilən çox şeirləri var.”Esse”ləri daha mükəmməldir.  O şeirlər həm sosial şəbəkələrdə həm də qəzet və jurnallarda öz sevgisini qazanıb. Həmin şeirlər Ulduz jurnalında, Azərbaycan uğrunda, Əsrin ziyalıları, Kaspi və başqa qəzetlərdə, çap olunub.

Pressaz.com, AYB.az, Reportyor.com, Dost-Xəbər Agentliyi, Fakt xəbər reportiyorunda və.s. saytlarda yayımlanıb.

2015-ci ildə “QARABAĞIN TUTUSU” adlı kitabı xeyriyyə məqsədi ilə çap olunub ordan gələn vəsait  Rüxsarə Cumayevanın əməliyyatı üçün bang hesabına köçürülüb. Kitab, sonuncu Qarabağ müharibəsinin iştirakçısı Rüxsarə (Tutu) Cumayevanın həyatından bəhs edir. Ümumilikdə doqquz kitab müəllifidir.

 

Bəhrələndiyi şairlər:

Daha çox Ramiz Rövşənin o cümlədən, Musa Yaqubun, Məmməd Arazın, Əkbər Qoşalının, İlyas Tapdığın , Maya Bədəlbəylinin , Divanənin şeirlərini oxuyub onlardan bəhrələnir. Onu da deyim ki, xəmirin mayası özündən olmayanın tabağı dolmaz deyir atalarımız. Axı, İradə xanım özü gözəl şairə və yazardır?! Buna baxmayaraq çox təvözəkar bir xanımdır. Bu qədər istedadlarla hələ də, özünə yazar hesab etmir.

 

Öz dilindən kiçik bir parça:

” Mən 1988-ci ildən yazıram amma özümə yazar demirəm. İnanın Bakı Dövlət Universitetində mənə müəllimə deyəndə elə bilirəm ki, bütün dünyaları mənə verirlər. Müəllimə sözü mənim üçün ən böyük nemətdir. BDU –nun kitabxana-informasiya fakültəsinin alim, müəllim heyətini çox sevirəm və onlardanda özümə qarşı hörmət və qayğını hiss edirəm”.

 

Kitaba verilən yüksək qiymətlər:

İradə xanımın “MƏNİM SEVGİ DÜNYAM” adlı kitabının Türkiyənin Ankara şəhərində imza günü olub. Kitabın içindən bəzi sözlər Azərbaycancadan Türkcəyə tərcümə olunub. Onun şeirləri qəlbə yatımlı və boşluqları dolduran, insanların duyğularını açıqlayan, göz yaşlarını dindirən bir səpgidədir.

Xanım, gözəl yazar və şairə, cəmiyyətin dərtlərinin ümman yeri, gənclər üçün əsil ana, xanımlar üçün bacı simasındadır. Ən böyük arzusu gənclərimizi daha savadlı, daha ədəbli, vətənimiz millətimiz üçün yararlı, xanımları isə öz ailələrində xanım, cəmiyyətdə yer alan dəyərli insan kimi görməkdir. Atası Zülfəli dayı var olsun ki , özü kimi vətənpərvər övlad yetişdirib, Xavər anamızın isə ruhu şad olsun, belə mükəmməl övlad, cəmiyyət üçün yararlı insan tərbiyyə etmək hər qadının işi deyil. Maraqlı ömür yolunun haraya şaxələnməsindən asılı olmayaraq çıxış və gediş yalnız bir yola birləşir. Sevgi yoluna… O yolun axınında isə insanlar və digər canlılar, bir də, ən son yetişəcəyin mənzil, bütün mənzillərin Sahibi dayanır . Hər addımında özün bilərəkdən yaxud da, bilməyərəkdən Ona doğru addımlayırsan… Gözlərin içində, yalnız o duyğular şəlalələnir. Ziyalıların ziyalılığı bunlarla sübüt olub. Daha çox kitab mütailə ediblər. Savad baxımından çox savadlı, öz üzərlərində daima çalışan, Sadə və zəngin fikirlərə malik olublar. İradə xanım haqda yazını, hər hansı bir səhifəyə yerləşdirmək mümkün deyil. Belə insanlar vərəqlərə sığmaz bir külliyyatdır…

Şeir və esselərindən nümunə:

 

De, kimə lazım?!

 

Gözlərimdə işıq, dizimdə dözüm,
Ürəyimdə odum, alovum, közüm,
Sən idin könlümdə nəğməli sözüm,
Qırılmış sim olan de, kimə lazım?!

 

Kədər qova-qova verdi dərd mənə,
Usanıb baxmadın saçımda dənə.
Taleyim büründü dumana çənə,
Gözləri nəm olan de, kimə lazım?!

 

Solğun bir çiçəyəm, ətrim duyulmaz,
Bir tənha ağacam, barım barınmaz.
Bir sönmüş ocağam, odum qalanmaz,
Dərdləri cəm olan de, kimə lazım?!

 

Dövlətim, varım da, bu sevgim idi,
Bilmədin eşqinlə yanan kim idi?!
Açılmaz həsrətin paslı kilidi,
Vüsalı qəm olan de, kimə lazım?!

 

İncitdin, küsmüşəm özüm-özümdən,
Əksini yaş sildi sevən gözümdən.
Qürbətə düşmüşəm özüm-özümdən,
Taleyi kəm olan de, kimə lazım?!

 

Anama bənzəyən bir ana gördüm!!!

Bir ana gördüm bu gün.

Onun baxışları məni uzaqlara, lap uzaqlara apardı…

Baxışlar məni xəyal dünyamın son duracağına götürdü…

O baxışlar məhrəmlik, məlhəm dolu bir ümman idi.

Nurlu simasında bir doğmalıq, bir yaxınlıq hiss etdim.

Çaşqınlıq içindəydim.

Sanki neçə illər idi ki, mən onu tanıyırdım…

Gözlərimin yaddaşına, xatirəsinə hopdu bu baxışlar.

Baxdım! Doyunca-həsrətcəsinə baxdım,

hətta istəmədim kirpiklərimi qapadam!!!

Həyacan bürüdü məni…

Anama bənzəyən bir ana gördüm,

lap yaxınımda idi, bir addımlığımda…

Qəhər boğazımda düyünləndi,

yağmağa hər an hazır olan dolmuş bulud kimi

bir şirin sözə bənd olub ağlamağa hazır idi gözlərim.

Gözləri anamın gözlərini,

nurlu çöhrəsi anamın çöhrəsini xatırlatdı.

Xəfifcə təbəssümü gözlərinə işıq salırdı,

eyniylə anamınkı kimi.

Çiçək ətirli saçlarının ağ-qarasından

yaşanan həyatının ağrı-acısı duyulurdu.

Ala gözlərinin dərinliyində

sevinc dolu hüzün hiss olunurdu.

Utancaq baxışları nurani simasına

daha çox gözəllik verirdi-anam kimi.

Təmkinlə danışırdı, səbirlə davranırdı…

İllərin necə onu yorğun-arğın buraxdığını

alnındakı qırışlardan hiss etmək olurdu.

Amma gülümsər çöhrəsinə

bu heç də kölgə salmırdı-anamın çöhrəsi kimi…

Bir ana gördüm bu gün…

Sanki bir yuxu idi bu görüş,

sanki qərib bir adadan bir möcüzələr aləminə düşmüşdüm…

İstədim anama bənzəyən ananın

əllərindən tutum, gözlərindən öpüm.

Çox istədim bunu, çox…

Yaxınlaşıb bağrıma basıb qucaqlamaq istədim…

Amma cürət edə bilmədim.

Kim bilir, bəlkə o ana da mənə bənzəyən bir övladını itirmişdi…

 

 

Səndən öyrəndim

 

Bilirsənmi, sənə bir şey söyləmək istəyi var içimdə, bir sey…

Qəlbimin xatirəsində illərdən-illərə pənah gətirən,

illərdən illəri alıb yaddaşıma hopduran

duyğularımdan söz açmaq istəyirəm, sadəcə söz açmaq…

Mənə öyrətdiklərini, səndən öyrəndiklərimi

yaddaşıma hərf-hərf yazdığımdan,

damla-damla hopdurduğumdan, daha nələrdən, nələrdən…

Nəfəsim tükənənə qədər sevməyi,

bir dəli sevdanın işığında yandıqca yanmağı öyrəndim səndən…

Öyrəndim səndən mehriban ürəyimin həzin pıçıltısının,

xəyallarımın səssiz-səmirsiz varlığında inikasını.

Səndən öyrəndim kövrək duyğularımın şıltaq,

incə hisslərə dönüb ruhuma qonaq olmasını.

Səndən öyrəndim acıları keçmişə buraxıb,

ürəkdən gülməyi, ürəkdən sevinməyi,

sevgi dolu zərrəciklər olub yaşanan bir ömrə səpələnməyi…

Məni mən qədər sevməyi

və bir də bir sevda dolu səbri səndən öyrəndim,

yalnız səndən!

 

***

Səni sevmək…

 

Səni sevmək şirin bir kəlmə kimi dillənmək deməkdir.

Səni sevmək susmuş könül duyğularını dilə gətirmək,

bir məsum çöhrəyə gülüş bağışlamaq deməkdir.

Kədərdən sevinci, səndən səni almaq, mən olmaq deməkdir.

Bir dünya, bir nur dolu aləm deməkdir səni sevmək…

Canıma incə nəfəs, ruhuma həvəs deməkdir.

Sükunətin boz anlarında ətalətli duyğulardan uzaqlaşıb

tənhalığa əlvida deməkdir səni sevmək…

Yalnızlığın soyuq qucağından səni oğurlayıb

bir sevdalı könül yolçuluğunda

ilk və son dayanacaq deməkdir səni sevmək…

Sən gələn yollara uzanan titrək əllərimin çağırışıdır səni     sevmək…

Sənin mənində mən olmaq deməkdir səni sevmək…

Səni sevmək!

                                          
Gülnarə İsrafil.