“Mən Sərdar Cəlaloğlu yox, Sərdarşteyn olsaydım…” –Müsahibə

“Mən kainatın üçüncü qanununu kəşf etmişəm”
 
 
Bir toplum öz dəyərlərini daş-qalaq edə-edə, dəyərsizləşir. Dəyərsizləşdikcə də, dəyərli gördüyü toplumların sırasında dayana biləcəyinə özü də inanmır.
Açığı, Nobel mükafatının bir addımlığına qədər irəliləyən Sərdar Cəlaloğlu barədə deyilənləri oxuduqca, bu fikirlər ağlıma gəldi. Kimlərsə, illah da, bu adamın nəzəriyyəsini gözdən salmaq üçün dəridən-qabıqdan çıxır, oxumadıqları bir tədqiqat əsərini elmlilikdən uzaqlıqda suçlayırlar. Özü də bu insanlar heç araşdırılan sahənin belə, adamı deyillər. Sərdar Cəlaloğlunun nəzəriyyəsini oxuyan əcnəbi mütəxəssislər isə onun Nobel mükafatının son mərhələsinə qədər irəliləməsinə etiraz etməyiblər. Deməli, bununla da, ən azı, nəzəriyyənin elmi olduğunu təsdiqləyiblər. Bəs, görəsən, bu nəzəriyyənin qısa mahiyyəti nədən ibarətdir?
Sərdar Cəlaloğluyla söhbətimizdə bu suala aydınlıq gətirməyə çalışdıq. ADP sədrinin Strateq.az-a müsahibəsini təqdim edirik:
 
 
– Sərdar bəy, əvvəla, sizi Nobel mükafatına namizədlər sırasına yüksəlməniz münasibətilə təbrik edirəm. Bu, həm sizin, həm elmimizin, həm də Azərbaycanımızın uğurudur. Bizə bu “Nobel hekayəsi”ndən danışa bilərsinizmi? Necə oldu ki, birdən-birə Nobel komitəsinə müraciət etmək fikrinə gəldiniz?
 
– Əvvəla, onu deyim ki, bu, birdən-birə ortaya çıxmış hadisə deyil. Uşaqlığımdan elmlə məşğul oluram və elmin demək olar, bütün sahələriylə maraqlanıram. Yazdığım məqalələrdə, apardığım tədqiqatlarda elmin ən müxtəlif sahələri, xüsusilə fundamental sahələrilə bağlı özüməməxsus ideyalarım, fikirlərim olub. Hətta orta məktəbdə oxuyanda belə, oxuduğum hər şeyi ehkam kimi qəbul etmir, məsələlərə tənqidi yanaşırdım. Elmin hələ ki cavab verə bilmədiyi bir çox sualları dərhal görür, onlar üzərində fikirləşirdim. Məsələn, bir fakt deyim: 10-cu sinifdə atom quruluşunu keçərkən, məni belə bir məsələ düşündürdü – elm bir tərəfdən deyir ki, müxtəlif adlı yüklər bir-birini cəlb edir, digər tərəfdən isə nüvədə elektron və protonun bir-birini cəlb etmədən hərəkətdə olduğunu bildiririk. Məlumdur ki, atomun quruluşu haqqında təsəvvürlər müəyyən modellər əsasında qurulan mülahizələrə söykənir. Yəni, faktiki olaraq, biz bilmirik atom o cürdür. Sadəcə, hansısa qanunauyğunluqlarla üst-üstə düşən model qurulur və bir çox mahiyyəti tam bilinməyən təsəvvürlər bu modelə uyğunlaşdırılır. Bu modellərlə tutuşduranda atomun quruluşundakı elektron dumanlığı və başqa deyişlə "elektron spinləri" deyilən nəsnəni izah etmək mümkün deyil. Əgər doğrudan da atomun quruluş modeli elədirsə, elektronlar niyə spinlər üzrə hərəkət edir? Niyə göydəki planetlər kimi dairəvi trayektoriya cızmırlar? Mən o vaxt müəllimdən soruşmuşdum ki, əgər fərqli yüklüdürlərsə, niyə proton elektronu öz üzərinə çəkmir? Çünki protonun çəkisi 1800 dəfə elektrondan böyükdür və əks yüklüdür. Müəllim bunu izah edə bilməmişdi. Mən onda müəllimə demişdim ki, burda bir anlaşılmazlıq var və nüvə haqqında təsəvvürlər səhvdir. Sonradan mən atomun quruluşu haqqında öz modelimi irəli sürdüm…
 
– Sizin nəzəriyyənizə görə, atomun quruluşu necədir?
 
– Mənim nəzəriyyəmə görə, əslində atomun nüvəsində proton yoxdur. İki ədəd neytron var və müsbət yük elə sürətlə bu neytronların birindən digərinə keçir ki, biz onun hərəkətini hiss edə bilmirik. Bu müsbət yük elektrona yaxın protona keçəndə onu özünə çəkir, amma sürətlə digər neytrona keçəndə isə bu cazibə qüvvəsi itir, hətta onu kənara itəliyir. Daha doğrusu, mənim nəzəriyyəmə görə, nüvənin mərkəzində də elektron var və müsbət yük bir neytrondan digərinə keçəndən sonra nüvənin mərkəzindəki elektron nüvənin kənardakı elektronu itələyir. Nəticədə müsbət yük nə mərkəzdəki, nə də kənardakı elektronları özünə çəkə bilmir, atom quruluşu sabit qalır.
– Sərdar bəy, dedikləriniz bir az qəliz oldu. Bayaq özünüz yaxşı bir fikir demişdiniz: hər bir təsəvvür və ya nəzəriyyə hansısa model üzərində qurulur. Siz də fikirlərinizi hansısa təsvir üzərində modelləşdirə bilərsinizmi?
 
– Əlbəttə. Yəqin ki, sən sürətlə stolüstü tennis oynayan iki idmançının yarışına baxıbsan. Onlar elə sürətlə oyun oynayırlar ki…  Sən o zaman tennis topunun yerə və ya raketkaya dəydiyini görürsən?
 
– Ortadamı görünür?
 
– Yox, ortada da görünməyə bilər. Amma tennis topu yüz faiz havada görünür. Raketkalara dəydiyini belə bəzən görmək mümkün olmur. Eyni modeli atom quruluşuna tətbiq etsək, görərik ki, göydəki elektron köynəkdəki elektronla eyni adlı olduğuna görə onlar bir-birilərini itələyirlər. Necə ki, tennis topu raketkaya dəyəndə əks istiqamətə itələnir. Müsbət yük neytronlardan birini protona çevirəndə isə elektronu özünə cəzb edir…
 
– Onda belə çıxır ki, nüvədəki elektronlar kefli kimi, 8 yaza-yaza hərəkət edirlər?
 
– Bəli, mənim təklif etdiyim atom modelində elektron konsentrik dairəvi yox, dairələrdə dalğavari hərəkət edir.
 
– Müasir terminlərlə desək, ziq-zaqlı…
 
– Daha dəqiq desək, dairəvi trayektoriya üzrə ziq-zaqlı hərəkətdən söhbət gedir. Yəni bizim təsəvvür etdiyimiz kimi düzxəttli yox, ziq-zaqlı fırlanma. Eynilə, fəzada da ulduzlar, göy cismləri öz orbitləri ətrafında dalğavari və ya sənin termininlə desək, ziq-zaqlı dairəvi hərəkətdədir. Halbuki kosmosun quruluşu ilə bağlı təsəvvürlər belədir ki, guya, Ay da, Yer də, ulduzlar da öz orbitlərində düz xətt üzrə fırlanırlar.
 
– Sərdar bəy, sizin Nobel mükafatı üçün təqdim etdiyiniz elmi nəzəriyyə də bundan ibarətdir?
 
-Yox. İstərsən, keçək mənim Nobel mükafatı üçün təqdim nəzəriyyəmə.
 
– Bəli. Zəhmət olmasa…
 
 
– Kosmosun quruluşu ilə bağlı iki nəzəriyyə var. Biri Kepler (Cohannes Kepler: 16-17-ci əsrlərdə yaşamış alman alimi, “Kainatın sirləri” adlı əsəriylə məşhurdur – H. O.) tərəfindən irəli sürülüb. Keplerin nəzəriyyəsində 3 qanun mövcuddur. Onlardan biri budur ki, hər bir göy cismi bəlli bir trayektoriya üzrə hərəkət edir. Həmin trayektoriya isə göy cisminin çəkisi ilə bağlıdır. Məsələn, Günəş Yerdən böyük olduğu üçün daha böyük trayektoriya ilə hərəkət edir, Yerin isə hərəkət “sahəsi” daha kiçikdir.
 
İkinci kəşfini Sahə qanunu adlandırıb. Bu qanuna əsasən, hər bir göy cismi müəyyən bir trayektoriya ilə hərəkət edərkən bəlli bir sahə yaradır və buna cazibə sahəsi deyirlər.
 
Üçüncüsü, Harmoniya qanunudur: müxtəlif trayektoriya üzrə hərəkət edən göy cismləri bir-birinə mane olmur.
 
Digər bir qanun isə Nyutona aiddir. Söhbət Ümumdünya Cazibə qanunundan gedir. Nyutona görə, Kainatın harmoniyasının səbəbi Ümumdünya Cazibə qanunudur. Yəni ayrı-ayrı orbitlərdə hərəkət edən göy cismləri cəzbetmə gücüylə bir-birini tənzimləyir. Bu da Kainatın dayanıqlığını və Kainatda baş verən təkrarlanma hadisələrinin əsasını təşkil edir. Daha əvvəllərə getsək, Heraklit eramızdan…
 
– Sərdar bəy, üzr istəyirəm, tez-tez sözünüzü kəsirəm. Ümumdünya Cazibə qanununun Kainata nə dəxli var?
 
– O qanun Kainata aiddir. Həmin qanunda söhbət təkcə dünyadan yox, həm də Kainatdan gedir. Bəzən dünya sözünü biz Yer kimi başa düşürük. Əslində isə klassik fəlsəfi və elmi əsərlərdə dünya Kainat deməkdir. Məsələn, biz “bu dünya, o dünya” deyəndə fiziki və metafizik aləmi nəzərdə tuturuq.
 
– Anladım. Amma niyə adını Kainatın cazibə qüvvəsi qoymayıblar, onu başa düşmədim.
 
– Elmi ədəbiyyatda hər iki termindən istifadə edirlər. Dünya daha yaxşı səslənir deyə, mən bu istilahdan istifadə edirəm.
 
– Anladım, zəhmət olmasa, söhbətinizə davam edin. Heraklitdə qalmışdınız.
 
– Heraklit eramızdan 4 min il əvvəl demişdi ki, Kainatda hər şey dəyişilir. Heraklitdən bu günə qədər heç bir alim bu dəyişikliyin səbəbini izah etməyib. Axı Kainat necə və nə səbəbə görə dəyişilir? Nyuton və Kepler Kainatda təkrarlanma qanunlarını kəşf ediblər, mən isə Kainatda dəyişilmələrlə bağlı qanunları… Nəzəriyyəmin adı da belədir: "Kosmik dəyişilmələr haqqında nəzəriyyə". Nəzəriyyəm Günəşin niyə partlamasına, Yerdə niyə zəlzələlər, vulkanlar olmasına aydınlıq gətirir. Bəzi göy cismləri (astroid kimi) necə meydana gəlir? Niyə yerdə qeyri-texniki səbəblərdən aeroqəzalar olur? Bermud üçbucağında nə baş verir, dağlar getdikcə niyə kiçilir, insanlar niyə “cırtdanlaşır” və s. kimi suallar mənim nəzəriyyəmin tədqiqat sahəsinə daxildir. Ümumiyyətlə, mən getdikcə Kainatın kiçilməsinin səbəblərini araşdırıram…
 
– Amma son zamanlar deyirlər ki, insanların boyu getdikcə uzanır. Bu fakt sizin mülahizələrinizi təkzib etmirmi?
 
– Xeyr, insanların boyu uzanmır, qısalır. Bir var nisbi, bir də var mütləq ölçülər. Siz hansısa adamları müqayisə edib belə bir nisbi nəticə çıxara bilərsiniz. Mütləq olan həqiqət isə nəinki insanların, ümumiyyətlə bütün canlıların boyunun qısalmasıdır. Məsələn, əvvəl dinozavrlar var idi. Onlar indiki kərtənkələlərə oxşayırdı. Alimlərin fikrincə, kərtənkələr həmin nəhəng canlıların indiki varisləridir. Biz hardasa iri bir kərtənkələ görəndə indiki varislərlə müqayisə edib bu canlıların böyüdüyünü düşünə bilərik. Amma onu qədimdəki varisləriylə müqayisə etmək belə, mümkün deyil. Yaxud Paleontologiya elmi sübut edir ki, vaxtilə çox nəhəng bitkilər var idi. Onların hətta yarpaqları indiki ağac boydaydı. İndi o cür ağaclara rast gələ bilərikmi? Mən də bu kiçilmənin elmi nəzəriyyəsini vermişəm.
 
– Nəzəriyyəniz bu kiçilməni nəylə izah edir?
 
– Nyutondan və Keplerdən sonra, xüsusilə də yaxın 10 ildə sübut olundu ki, Kainatda bir genişlənmə prosesi gedir. Amma heç kim təhlil etmir ki, genişlənmə ümumi sistemlər üzrədir, yoxsa sistemlər arasındadır. Günəş sistemindəki dayanıqlıq göstərir ki, bu proses sistemlər arasında gedir. Sistemin daxilində isə heç bir genişlənmə yoxdur. Əgər sistemlər arasında genişlənmə baş verirsə, onda onlar arasındakı cazibə qüvvəsi də azalmalıdır. Çünki məsafə ilə cazibə qüvvəsi bir-birinə tərs mütənasibdir. Sistemlərarası cazibə qüvvəsi azaldıqca, sistemlərdaxili cazibə qüvvəsi artmalıdır. Bu zaman isə sistemin dayanıqlığı pozulmalıdır. Amma biz görürük ki, sistem dayanıqlıdır. Nyutonun Ümumdünya Cazibə qanununa görə, əgər həm cismlərin cazibə qüvvəsi, həm də  orbitdəki hərəkəti sabitdirsə, onların kütləsi azalmalıdır. Göy cismlərinin kütləsinin azalması onların ölçülərinin kiçilməsi deməkdir. İndi göy cismləri necə kütləsini azalda bilər?
 
– Bir çox yolla ola bilər. Məsələn, sıxlığını artırmaqla…
 
– Xeyr, sıxlıq artanda həcm azalır, kütlə yox. Kütlənin azalması cismlərin tərkibindən nəyinsə əskilməsindən asılıdır. Məsələn, Günəş kimi plazma öz kütləsini enerji şəkilində itirir. Yer kimi nüvəsi plazma, kənarı bərk cismlər əvvəl vulkan püskürməsi, sonra zəlzələ baş verməsi ilə ölçüsünü kiçildir. Soyuq ulduzdursa, yəni nüvəsində plazma yoxdursa, məcburdur ki, parçalansın, özündən bir hissə ayrılsın, astroit kimi qəlpələnsin və beləcə əvvəlki sabitliyi qorusun. Bu sabitləşdirici bir qanundur. Qısa şəkildə belə deyə bilərik: Nyuton və Keplerdən sonra mən kainatın üçüncü qanununu kəşf etmişəm. Bu, Kainatdakı dəyişilmələrın hansı qanunauyğunluqlara tabe olduğu barədədir. Və bunu elmi-nəzəri şəkildə ortaya qoymuşam.
 
Mən əvvəl fikirləşdim ki, bu nəzəriyyə ciddi elmi kəşfdir, onu öz adımdan yox, hansısa dövlət universitetinin və ya elm qurumlarının adından Nobel komitəsinə təqdim edim. Çünki hansı işi hansı institut təqdim edirsə, onun da adı elm tarixinə düşür. Bu niyyətlə universitetə (BDU – H.O.) getdim, universitetin elmi işlər üzrə prorektoruyla danışdım…
 
– Sərdar bəy, bir daha üzr istəyirəm. Bu qanunun adını niyə Ümumdünya Tarazlığının Qorunması və ya Sabitləşdirilməsi qanunu qoymayıbsınız?
 
– Adına nə olub ki? "Kosmosun Dəyişilməsi Nəzəriyyəsi" pisdir ki?
 
– Pis deyil, əlbəttə. Deyək ki, Keplerin nəzəriyyəsinin adı “Kainatın sirləri”dir. Amma o nəzəriyyədə 3 qanun var. Sizin nəzəriyyənizin də bir qanunu, mən belə başa düşdüm ki, kainatın tarazlığının stabilləşməsilə bağlıdır…
 
– Ümumi adını qoymuşam Kosmik Dəyişilmələr. Amma faktiki olaraq, bu qanunun mahiyyəti odur ki, bütün kosmosda nə baş verirsə, kainatın ölçülərinin kiçilməsinə xidmət edir. Məqsəd isə sistemlərarası genişlənmənin gətirdiyi disbalansın qarşısını almaqdır.
 
– Aydındır. Universitetin elmi işlər üzrə prorektoruyla söhbətiniz nə yerdə qaldı?
 
– Heç nə. Mənə dedi ki, bizim universitet yalnız öz alimlərinin işini Nobel Komitəsinə göndərə bilər. Mən də dedim ki, istəyirəm, BDU dünyada tanınsın heç olmasa. Bilirsiniz, BDU dünya universitetlərinin siyahısında 700-cü, yaxud 800-cü yerdə dayanıb. BDU-dən bir nəfər Nobel mükafatı alarsa, bu, həmin ali təhsil ocağının reytinqini artırar… Hər nə isə, məndən imtina etdilər. Mən Elmlər Akademiyasına müraciət etməli oldum. Ordan da eyni cavabı aldım. Təsəvvür et ki, Akademiyanın bir alimi mənim nəzəriyyəm haqqında belə bir rəy vermişdi: "Sərdar Cəlaloğlu həkim olduğuna görə, nə ixtiyarı var ki, fizikadan nəyisə kəşf edə. Nyuton kəşf edib, qurtardı. ondan sonra heç kim kosmos haqqında heç nə fikirləşə bilməz". Sonra da rəyinə belə yazmışdı ki, bu işi Nobel komitəsinə göndərmək olmaz, yoxsa biz biabır olarıq. Digər bir çox alimlərdən də mənim işimə rəy vermələri üçün xahiş etdim. Onlar da imtina etdilər. Mən də məcbur oldum, özüm Nobel komitəsinə müraciət etdim.
 
– Necə? Norveçə getdiniz?
 
– Yox, Azərbaycanda Nobel Komitəsinin ofisi var, ora müraciət etdim. Həmin komitə vasitəsilə işimi müzakirəyə göndərdim. Komitənin iş prinsipi belədir: hər sahə üzrə 3000 eksperti var, onlar təqdim olunan minlərlə və ya yüzlərlə layihədən 200-nü ayırır, həmin işlər komitənin xüsusi ekspertlər qrupunun müzakirəsinə çıxarılır. Nəhayət, xüsusi ekspertlər, ən çoxu, 30 layihəni seçib, gizli səsverməyə göndərir. Gizli səsvermədə 60-70 alim iştirak edir. Əksəriyyəti Nobel mükafatı laureatıdır. Nobel mükafatının qalibi bu gizli səsvermədə ortaya çıxır. Mən bu mərhələlərin 3-dən də keçdim.
 
– Sərdar bəy, sizə yaxın adamlardan biri də mənəm. Nə əcəb, bütün bunlardan heç xəbərim olmayıb?
 
– Mən də ən sonda öyrənmişəm. Çünki səsvermə gizlidir. Son ana qədər bu gizliliyə əməl edilir. Nobel mükafatının qalibi təyin olunandan sonra komitə seçki prosesi barədə məlumat yayır. Komitənin mərkəzindən Bakıdakı filiala məlumat göndərmişdilər ki, sizin təqdim etdiyiniz iş son mərhələyə qədər gedib. Bakı filialı da bu barədə ictimaiyyətə açıqlama vermişdi. Mən də burdan öyrəndim.
 
 
– Maraqlıdır, məlumatı komitə yayıbsa, niyə onda bəziləri sizi faktı şişirtməkdə və özünüzü reklam etməkdə günahlandırır?
 
– Bilmirəm, bunu məni ittiham edənlərdən soruş. İrəli sürdüyüm nəzəriyyə ilə tanış deyillər, nə dediyimi bilmirlər. Amma mənim savadsızlığımı sübuta yetirmək üçün milləti belə, təhqir etməkdən çəkinmirlər. O gün özünü elmlər namizədi adlandıran biri öz aləmində məni tənqid etmək üçün bütün Azərbaycanın elmi potensialını şübhə altına alır. Deyir ki, Azərbaycandan heç kim elm sahəsində Nobel mükafatı ala biləcək ağılda deyil. Bunu həm də alimlik adına iddia edən biri dilə gətirir. Təsəvvür edin, bu adamlar nələrə əl atırlar. Mən elmdən heç nə qazanmamışam. Əksinə, əlimdə olan bütün imkanlarımı elmə xərcləmişəm. Kəşfimi Nobel Komitəsinə təqdim etmək üçün qurumun Nizamnaməsinin tələbinə görə, minimum əməkhaqqının 30 mislində pul lazım idi. Hansı elmi quruma müraciət etdimsə, mənə arxa çevirdilər. Məcbur olub kredit götürdüm. Kredit borcuyla işimi mükafatlandırmanın son mərhələsinə qədər aparıb çıxara bildim. Bu, yalnız mənim problemim də deyil. Azərbaycanın ciddi elmlə məşğul olan bütün alimləri məhz bu problemlər üzündən ortaya heç bir nəticə çıxara bilmirlər. Nobel Komitəsinin Azərbaycan filialı 20 ildir açılıb. İndiyə qədər isə bu komitəyə cəmi 11 elmi iş təqdim olunub. Gizli səsverməyə qədər isə iki iş gedib çıxıb, onlardan biri də mənim nəzəriyyəmdir. Mənim savadsızlığımı sübuta yetirmək üçün bütünlüklə bu xalqı intellektsizlikdə ittiham edənlər isə elmin hesabına dolanırlar. Aldıqları elmi ünvanlarının arxasında gizlənərək cəmiyyətdə sayılıb-seçilirlər. Adama deyərlər ki, əgər Azərbaycan xalqı həqiqətən də Nobellik intellektə sahib deyilsə, niyə elmlər namizədi, professor kimi ünvanlarınızı gözə soxursunuz? Nə üzlə dövlətdən maaş alır, yeri gələndə qanunən haqqınız olmayan imtiyazlardan faydalanırsınız? Axı mən indiyə qədər bu imtiyazların heç birini görməmişəm. Əksinə, əqidəmə görə təqib olunmuşam. Sənə bir fakt deyim: 1994-cü ildə rəhmətlik Azad Mirzəcanzadə qələmə aldığım “Mahiyyət” kitabını oxumuşdu. Mənə zəng edib görüşə çağırdı. Görüşdə dedi ki, kitabımı çox bəyənib və mənə elmlər doktoru elmi adı vermək istəyir. Dedim, "Azad  müəllim, özünüzü çox yormayın, mənə siyasi əqidəmə görə, bu ünvanı verməzlər". Təəccübləndi ki, elmin müxalifətçiliyə nə dəxli var? Bu ünvanın mənə verilməsinə mütləq nail olacağını bildirdi. Mən də, təbii ki, Azad müəllimin savadıma verdiyi qiymətə görə sevindim və onun təklifi ilə razılaşdım. Üzərindən bir neçə ay keçəndən sonra yenidən mənə zəng etdi, görüşməyimizi istədi. Yanına getdim. Utana-utana dedi ki, "Sərdar bəy, haqlıymışsan. Sənə elmi status vermək üçün qabağıma, uzun müddətdir ki, qəbul etmədiyim şərtlər qoyuldu. Dedilər ki, Sərdar Cəlaloğlu da kitab yazıb, Anar da, Elçin də. Sən niyə onlara yox, Sərdara elmlər doktoru ünvanı verirsən? Get, nə vaxt Anara, Elçinə bu ünvanı verərsən, Sərdar bəylə bağlı təklifinə ondan sonra baxarıq". Azad Mizəcanzadə bu adamları başa sala bilməmişdi ki, hər kitab eyni deyil, Anar, Elçin ədəbi, Sərdar Cəlaloğlu isə elmi-nəzəri əsərlər yazır. Mən də ona dedim ki, "mənə elmi titul vermək xətrinə bu ünvana haqqı çatmayan hər hansı bir adamı təltif etmək elmə xəyanət olar. Elmi bədbəxt günə qoymamaq üçün siz buna getməyin. Mənə o elmi titul lazım deyil".
 
Bax, bizim elmə yanaşmamız bundan ibarətdir. Bəzi adamlar hesab edir ki, hakimiyyət bunlardadırsa, Azərbaycanın idmançısı da, alimi də, şairi də, jurnalisti də ancaq bu zümrənin arasından çıxa bilər. Özlərindən kənarda harda bir işartı görürlərsə, onu söndürməyə çalışırlar.
 
– Sərdar bəy, onda niyə təəccüblənirsiniz ki? Hansısa elmlər namizədi çıxıb "Azərbaycanda Nobel mükafatı alacaq alim yoxdur" deyəndə, yəqin ki, öz ətrafını nəzərdə tutur. Sadə insanları, heç bir elmi titulu olmayanları nəzərdə tutmur. Yəni “alim yoxdur” deyir, “adam yoxdur” demir ki…
 
-Yox, axı, mənim nəzəriyyəmə kölgə salmaq üçün bunu deyirlər. Sən dediyin kimi desə, mən də razılaşaram. Amma elə demirlər. Deyirlər ki, hətta bizim alimlərimiz gedib “Nobel”i ala bilməz, o ki qala Sərdar kimi elmi statusu olmayanlarımız. Səni inandırım ki, mən “Nobel” mükafatı alsaydım da bu cür, hətta bundan daha artıq ittihamlara məruz qalardım. Bilirsənmi, Azərbaycanda mənim kimi Nobel mükafatının son mərhələsinə qədər yüksələn bir adam da var – BDU Bitki fiziologiyası kafedrasının müdiri Nemət Qasımov. Məni də “Nobel” mükafatına sənədlərimi təqdim etməyə həvəsləndirən bu adam olub. Söhbətlərimizin birində dedi ki, Sərdar bəy, mən Nobel mükafatı almayanda sevindim. Çünki məni çox sıxışdırırdılar. Təsəvvür et, bu dəyərli alim gizli səsverməyədək nə qədər basqı ilə üzləşib ki, mükafatı almadığına sevinmişdi. Yaxşı, deyək, mən müxalif düşüncəliyəm, gözləri götürmür. Hesab edirlər ki, mənim uğurumu qəbul etsələr, bu, onların siyasi karyeralarını sarsıdar. Elmdən başqa heç bir iddiası olmayan Nemət Qasımova niyə eyni paxıllıqla yanaşırlar? Nemət müəllim ki siyasi iddiası olmayan adamdır.
 
– Doğrudan da maraqlıdır. Sizin sözünüzdən belə çıxır ki, hansısa sehrli qüvvə Azərbaycanın elmi inkişafının qarşısını qəsdən almaq istəyir…
 
– Açığı, mənə qarşı son zamanlar başlayan qaralama kampaniyasının təsadüfən aparıldığına inanmıram. Bu, bir mərkəz tərəfindən idarə olunur.  Düşünə bilirsənmi, Nobel həftəsidir, komitə gizli səsvermədə iştirak edənlərin adını açıqlayıb. Mən də bu xəbəri informasiya kanallarından almışam və dolayısıyla Azərbaycanın müxtəlif dairələrindən təbrik gözləyirəm. Bu vaxt telefonum zəng çalır, telefonu açıram. Mənə zəng edən xanım jurnalist soruşur ki, Sərdar bəy, filan yanacaqdoldurma stansiyasının xidmətindən razısınızmı? Bir də bu jurnalist hökumətin ən iri məmurlarından birinin maliyyələşdirdiyi mətbuat orqanında işləyir. Bu zamana qədər, bir dəfə də olsun, mənə zəng edib ciddi bir məsələylə bağlı heç nə soruşmayıb. Nobel həftəsində mənə verilən suala bax. Rəsmən məni öz aləmlərində aşağılamaq, “sən bizim üçün məişət adamısan” demək istəyirlər, sanki. Bu da azmış kimi, öyrədilmiş adamları mediaya çıxarıb kobud ifadələrlə əməyimə kölgə salmaq istəyirlər.
 
– Hiss olunur ki, jurnalistdən o sualı eşidəndə çox qıcıqlanıbsınız. Cavabınız nə oldu?
 
– İnan ki, qıcıqlanmıram. Mütəmadi eyni münasibətlərlə üzləşmişəm. Artıq mənim üçün bütün bunlar adi hala çevrilib. Bilirəm ki, məqsədləri məni həvəsdən salmaq, elmi çalışmalarımın qarşısını almaqdır. Ona görə də bu cür münasibətlərlə üzləşəndə daha çox öz əqidəmə, işimə bağlanıram. Fikirləşirəm ki, mənim çalışmalarım kimlərisə narahat edirsə, deməli, Haqq yolundayam. Mən niyə Haqq yolundan dönməliyəm?
 
– Siyasi fəaliyyətlə elmi fəaliyyətiniz bir-birinə mane olmur?
 
– Niyə olsun ki? Əksinə bir-birinə kömək edir. Biri var, hər hansı siyasi məsələyə elmi yanaşasan, hadisələrin mahiyyətini dərk edərək, addım atasan. Biri də var ki, kor-koranə bir işin dalınca gedəsən. Nəsrəddin Tusinin Hülaki xanı Marağa rəsədxanasını tikməyə razı salması barədə məşhur bir əhvalat var, eşitməmiş olmazsan. Hülaki xan böyük xərc tələb etdiyi üçün rəsədxananı tikdirmək istəmir. Tusi bir dağın zirvəsindən içi boş çəlləkləri dığırlandırır. Qoşun qorxuya düşüb, ciddi həyəcan keçirir. Tusi özünü çox rahat aparır və xana deyir ki, bizim rahatlığımızın səbəbi gələn səs-küyün nədən ibarət olduğunu bilməyimizdir. Ordu isə ona görə vəlvələdədir ki, bu dəhşətli səslərin adi boş qazan səsi olduğunu bilmirlər. Elm siyasi hədəfi olan insana bu rahatlığı, düzgün qərar qəbul etmək imkanı verir.
 
– Elmin siyasətə və ümumiyyətlə hər hansı sahəyə bu cür müsbət təsirlərinin olduğu aydındır. Amma siyasi intriqalar, lüzumsuz polemikalar axı elmə ayıracağınız zamanı alır. Bu mənada siyasətin elmə zərəri var.
 
– Heç siyasətin də elmə zərəri yoxdur. Bayaq dediyim kimi, Nobel mükafatında son mərhələyə qədər gedən iki azərbaycanlıdan biriyəm. Məndən əvvəl bu zirvəyə yüksələn Nemət müəllim olub. Özü də 1998-ci ildə. Yəni məndən 18 il qabaq. Bu dəyərli alimin o zaman imza atdığı bu uğurdan kim xəbər tutdu? Heç kim. Niyə? Çünki siyasi arenada tanınmırdı. Elm kollektivinə isə bu uğuru görmək sərf etmirdi. Mənim Nobel mükafatına namizədliyim isə cəmiyyətdə ciddi əks-səda doğurdu. Bədxahlarım məni söyəndə belə, özləri istəmədən reklamımı təşkil edirlər. Onların absurd iddiaları mətbu orqanların diqqətini çəkir. İstər-istəməz sənin kimi jurnalistlər gəlib məsələnin mahiyyətini xəbər alır. Bu vaxta qədər başqaları soruşmuşdu, indi sən soruşurursan. Sabah ayrı mətbu orqanlardan müsahibə almağa gələcəklər. Bu minvalla mən öz elmi nəzəriyyəmi, fəlsəfi düşüncələrimi cəmiyyətə yayıram. Bilirsənmi, istənilən elmi nəzəriyyə cəmiyyətə yayıldığı, müzakirə olunduğu zaman yaşayır, effekt verir. Cəmiyyətin bu ilgisi istər-istəməz elmi çevrələrimizi də müzakirəyə cəlb edəcək. Dolayısıyla mənim üzümə qapı bağlayan elm mərkəzləri də, ən azı, siyasi məqsədləri naminə nəzəriyyəmlə tanış olacaqlar. Bir çoxları nəzəriyyəmdə irəli sürdüyüm iddiaları çürütmək üçün enerji sərf edəcəklər, bu, nəticə verməyəndə isə, razılaşmağa məhkum olacaqlar. Bir elm adamı bundan artıq nə istəyə bilər?
 
– Müsahibələrinizdə çox əminliklə “Nobel”i indi olmasa da, sonra qazanacağınızı söyləyirsiniz. Bu əminlik hardan qaynaqlanır?
 
– Çünki “Nobel”in Əsasnaməsinə görə, mənim təqdim etdiyim kimi nəzəriyyələr – hansı ki, praktiki işlər deyil – bir neçə ildən sonra da mükafata layiq görülə bilər. Səbəb də nədir? Belə elmi nəzəriyyələri praktiki sınaqdan keçirirlər. Təcrübələr özünü doğrultsa, mükafatlandırma məsələsinə yenidən baxırlar. Bu təcrübələr ən müasir elmi labaratoriyalarda, NASA kimi tədqiqat mərkəzlərində aparılır. Mən bunu deyəndə əleyhdarlarım ya nə dediyimi başa düşmürlər, ya da qəsdən fikirlərimi təhrif edirlər. Deyirlər ki, guya, mən elmi nəzəriyyəmin NASA tərəfindən təcrübədən keçirildiyini iddia edirəm. Halbuki, iddiam bu deyil. İstənilən elmi labaratoriyada aparılan təcrübələr mənim nəzəriyyəmlə üst-üstə düşə bilər. Bu zaman mənim nəzəriyyəmə əsaslanıb elmi-təcrübi fəaliyyətə keçə bilərlər. Elm tarixində bu, dəfələrlə baş verib. Ümumiyyətlə, hər hansı elmi ekol yalnız bir alimin əməyinin nəticəsi olmur. Bir çox alimlərin kəşfləri toplanaraq məktəblər ortaya çıxır. Elm bu şəkildə yaranır. Dama-dama göl olur.
 
– Sizin bu elmi nəzəriyyəniz elm ictimaiyyəti tərəfindən qeydə alınıb? Məsələn, sabah bir yəhudi alim çıxıb həmin fikirləri öz kəşfi kimi irəli sürə bilərmi?
 
– Necə sürə bilər? Mən bu kəşfimi Nobel Komitəsinə təqdim etmişəm. Nəzəriyyə ən son mərhələyə qədər gedib. Gizli səsvermədə iştirak edib. Üstəlik, ondan əvvəl nəzəriyyəmi Azərbaycanda Müəlliflik Agentliyində qeydə aldırmışam. Burda qeydə alınan əsər Ümumdünya Bilik Bankına daxil olur. Nobel Komitəsi də nəzəriyyəni mənim işim kimi qəbul edib və müzakirəyə çıxarıb. Minlərlə alimin ekspertizasından keçib. Kimsə necə idda edə bilər ki, bu kəşf Sərdar Cəlaloğluya yox, ona aiddir? Mən ümumiyyətlə 5 elmi iş hazırlamışam. O işlərdən biri üzvi maddələrin əmələ gəlməsi haqqındadır. Yəni üzvi maddədəki üzvilik nədən ibarətdir, necə meydana gəlir? İkinci elmi nəzəriyyəm canlılığın əmələ gəlməsiylə bağlıdır. Hansı ki, elmdə bununla bağlı heç bir ciddi mülahizə yoxdur. Üçüncüsü də fiziki nəzəriyyədir, onu bu il Nobel Komitəsinə göndərəcəyəm – "Mütləq Nisbilik Nəzəriyyəsi: maddə necə əmələ gəlir?" Dördüncüsü də dilin əmələ gəlməsiylə bağlıdır. “Ümumiyyətlə, dil necə yaranıb” sualına cavab verir. Güman edirəm ki, bu işlərimin hamısında çox yüksək beynəlxalq təltiflər əldə edəcəyəm.
 
 
– İnşallah. Mən o biri nəzəriyyələr haqqında çox dayanmaq istəmirəm. Hələ ki, əsas müzakirə mövzusu Kosmik cismlərin kiçilməsi nəzəriyyəsidirsə, gəlin, ondan danışaq. Açığını desəm, Sizin bu nəzəriyyə Nyutonun Dünya Cazibə qanunundan sonra sonra elmi çevrələr tərəfindən qəbul olunan təsəvvürlərə bənzəyir. Bildiyimiz kimi, ötən əsrin ortalarına qədər elm Cazibə qanunundan hərəkət edərək, kainatın kiçildiyini düşünürdü. Çünki cazibə qüvvəsiylə bütün göy cisimlərinin bir-birini sıxdığı və nəticədə kainatın balacalaşdığı güman olunurdu. Sonra Genişlənən Kainat nəzəriyyəsi irəli sürüldü və onu təsdiqləyən dəlillər ortaya çıxınca bu düşüncələr də dəyişdi. Sizin nəzəriyyənizi kiçilən kainat düşüncəsindən fərqləndirən əsas cəhət nədən ibarətdir?
 
 
 
– Nyutonçu fiziklərin nəzəriyyələrinə görə, Dünya Cazibə qüvvəsi nəticəsində göy cismləri bir-birinə cəzb etdiyi üçün Kainat da kiçilir. Və bu proses nəticəsində Kainat yaxın zamanlarda yox olacaq. Daha sonra Eynşteyn Nisbilik nəzəriyyəsini ortaya atdı. Bu nəzəriyyəyə əsasən, o, Kosmoloji Sabitlik adlı yeni bir qanun irəli sürdü. Sonradan özünün də imtina etdiyi bu qanuna görə, böyük uzaqlıqda olan göy cismləri cazibə qüvvəsindən çıxaraq bir-birindən uzaqlaşırlar. Yəni kiçilən Kainat nəzəriyyəsinə alternativ olaraq Genişlənən Kainat nəzəriyyəsi ortaya atıldı. Eynşteyn bu nəzəriyyədən imtina etsə də, daha sonra bir çox alimlər tərəfindən həmin fikir inkişaf etdirildi. Amerikalı astro-fiziklərdən Vesto Slipher, Edvin Habbl, Milton Humason kimi alimlərin tədqiqatları nəticəsində Kainatın genişləndiyi sübuta yetirildi.
 
Mənim irəli sürdüyüm nəzəriyyə isə genişlənən və kiçilən Kainat təsəvvürlərindən tamamilə fərqlidir. Hər iki nəzəriyyənin müəllifləri üzərində durduqları prosesi həm sistemdaxili, həm də sistemlərarası münasibətlərə aid edirdilər. Yəni deyirdilər ki, Kainat genişlədiyinə görə, bu proses Günəş qalaktikasına da aiddir. Dunya da, Mars da və digər planetlər də Günəşdən və birindən uzaqlaşırlar. Yaxud tərsinə, Kainat kiçilirsə, bu qalaktikalardakı planetlərə də aiddir. Mənim irəli sürdüyüm nəzəriyyədə isə tamamilə başqa fikirdən söhbət gedir.
 
Fikrimcə, Kainatda genişləmə prosesi gedir. Amma bu genişləmə qalaktikalar arasındadır. Qalaktikalar daxilində isə tam tərs proseslər baş verir. Bunun ən bariz nümunəsi günün qısalmasıdır. Bir sutka 24 saata ekvivalent götürülüb. İndisə bir sutka 23 saat 57 dəqiqədir. Yəni günün uzunluğu 3-4 dəqiqə azalıb. Bu, necə ola bilər? Deməli, Yerin həcmi də və buna parelel olaraq trayektoriyası da kiçilib ki, o, Günəşin ətrafında qısa zaman ərzində fırlanır. Mən bunu Nobel Komitəsinə göndərdiyim şərhimdə də yazmışam.
 
Yerin en kəsiyinin, dolayısıyla ölçüsünün kiçilməsinin digər əlaməti qlobal istiləşmədir. Yanlış olaraq, qlobal istiləşmənin səbəbini parnik qazlarının havaya buraxılmasıyla əsaslandırırlar. Halbuki, bunun ən məntiqli əsaslandırması Yerin en dairəsi üzrə kiçilməsidir. Bu kiçilmə nəticəsində nə baş verir? Yerin meridianı da kiçilir. Qütblərlə ekvator arasında məsəfalər qısalır. Nəticədə Günəş dünyanın şimal və cənub qütblərini daha çox isidir, buzlaqlar əriyir. Bir sözlə, qlobal istiləşmə də kosmik hadisədir. Yerin ölçüsü kiçildikcə, dünyanın istilik balansı da dəyişilir.
 
– Sərdar bəy, Yerin ölçüsü balacalışırsa, deməli, o, öz çəkisini də itirir. Bu isə o deməkdir ki, maddə itir. Fizikanın başlıca qanunlarından biri maddənin itməməsidir. Sizin bu nəzəriyyəniz onu inkar edir…
 
– Qətiyyən inkar etmir. Yer öz çəkisini itirəndə özündə olan maddəni kənara atır. Bu o demək deyil ki, maddə yox olur.
 
– Aydındır. Mən də elə onu deyirəm. Deyək ki, vulkan baş verir. Yerin altı üstünə çıxır. Amma lavalar yerin üst qatına çıxır və elə orda da qalır. Lavalar itmir ki, Yerin çəkisi azalsın, həcmi kiçilsin…
 
– Yerin çəkisinin, həmçinin ölçüsünün azalması heç də vulkan və ya zəlzələ nəticəsində alt qatdan üst qata çıxan maddələr şəkilində olmur. Hər vulkan və ya zəlzələ zamanı, bilirsən, yerin təkindən göyə nə qədər enerji yüksəlir? Bəlkə də milyonlarla ton. Kiçilmə bu şəkildə olur. Axı mən bayaq da dedim, Yerin mərkəzi plazma halındadır. Ondakı kiçilmə prosesi də Günəşdəki və digər isti ulduzlardakı kimi, enerji ayrılmaları şəklində baş verir. Soyuq ulduzlarda və göy cismlərində isə kiçilmə sən dediyin şəkildə olur. Yəni qəlpələnirlər. Bu cür qəlpələnmələr Yer kimi plazması olan göy cismlərinə aid deyil. Yalnız soyuq ulduzlardan astroidlər qopur, öz orbitində hərəkət edir. Amma Günəş enerji püskürəndə isə bütün qalaktikaya yayılır.
 
– Mətbuatdan da bildiyimiz kimi, sizin irəli sürdüyünüz nəzəriyyələr yalnız bir sahəyə aid deyil. Fizika, metafizika, sosiologiya və sair məsələlərlə bağlı tez-tez mülahizələr irəli sürürsünüz. Əleyhdarlarınız isə heç bir nəzəriyyəylə tanış olmadan sizin bu qədər elmi nəticələrə nail olmağınıza şübhə ilə yanaşırlar. Deməsələr də, əsaslandıqları əsas arqumenti mən başa düşə bilirəm. Görünür, fikirləşirlər ki, məsləkcə həkim və hazırda siyasətlə məşğul olan bir adam bu qədər ekslopedik biliyə necə sahib ola bilər? Siz isə öz araşdırmalarınızı və mülahizələrinizi kitab halında dərc edib ictimai müzakirəyə çıxarmırsınız. Əleyhdarlarınızın meydan sulamasına bir az da özünüzün şərait yaratdığınızı düşünümürsünüzmü?
– Mən niyə əsərlərimi kitab kimi dərc etmədiyimin səbəbi haqqında danışanda da pis çıxır. Çünki əsas səbəb maddi problemlərlə bağlıdır. Xarakterimdə maddi imkansızlıqdan gileylənmək xüsusiyyəti olmadığlndan, məsələnin mahiyyətini açqlaya bilmirəm. Amma açıqlamayanda da belə çıxır ki, süni gündəm yaradıram. Əvvəla, biləsən ki, mənim bu cür cılız taktika ilə gündəmdə qalmağa ehtiyacım yoxdur. Onsuz da hadisələrə münasibətim fərqli olduğundan istənilən məsələyə dair fikrimi açıqlayanda sözlərim ciddi əks-səda doğurur. İkincisi, uzun müddət bu cür ictimai rəy oyunlarıyla gündəmdə qalmaq mümkün deyil. Hakimiyyət elmi müzakirələr təşkil edər və səni alimlərlə baş-başa buraxar. Əlində heç bir əsasın olmayanda süni gündəm yaratmaq təşəbbüsün özünün tamamilə iflasınla nəticələnər. Bayaq Azad Mirzəcanzadənin mənə 1994-cü ildə elmlər doktoru ünvanı vermək istədiyini də müəyyən məsələlərə aydınlıq gətirmək üçün dedim. Bir çoxları düşünə bilər ki, elmdən uzaq Sərdar Cəlaloğlu birdən-birə necə Nobelə namizədlik səviyyəsinə çıxa bilər? Mən də həmin faktı ona görə dilə gətirirəm ki, Sərdar Cəlaloğlunun birdən-birə elmə atılmadığı məlum olsun. 1994-dən bu yana 22 il vaxt keçib. Mənim bu 22 il ərzində araşdırmalarımın nəticəsində “Tərəqqinin metafizikası haqqında” 3500 səhifəlik bir kitab ərsəyə gəlib. Bəşər tarixinin keçdiyi yolun mahiyyətini izah etmişəm həmin əsərdə. Orda yüzlərlə elmi kəşflər var. Tarix, cəmiyyət, siyasi sistemlərin formalaşması, sosiologiya ilə bağlı nəzəriyyələrim toplanıb o kitabda. Amma kitabın dərc olunması üçün mənə 15 min dollar pul lazımdır. Mən də o pulu tapmadığıma görə, 22 illik əsərimi qatlayıb bir kənara qoymuşam. Yaxud bundan əvvəl elan etmişdim ki, "Kondisialogiya" adlı  elm yaratmışam. Mənim bütün kəşflərim də əslində "Kondisalogiya" elminə əsaslanır. Azərbaycan bu elmi dünyaya tanıda bilsə, ilk növbədə öz elmi imicini yüksəldər. Baxın, dünyada hansı elmin vətəni Azərbaycan sayılır? Demək olar ki, heç bir elmin. Halbuki, mən "Kondisialogiya" elminə əsaslanıb, 5 Nobel mükafatına iddialı nəzəriyyə ortaya qoymuşam. Onlardan sadəcə biri Nobel mükafatının, belə deyək, finalına qədər gedib çıxa bilib. Amma Azərbaycanın elmi çevrələrində belə, bir alim çıxıb maraqlanmır ki, bu nə elmdir? Halbuki, Türkiyədə bu cür elm ortaya çıxsaydı, onu bütün dünyaya yayardılar. Mən Mütləq Nisbilik nəzəriyyəsi ilə bağlı danışanda Türkiyədən mənə zəng edib, bu nəzəriyyə ilə maraqlandılar. Azərbaycanda isə mən deyəndə ki, Eynşteynin Nisbilik, Darvinin Təkamül nəzəriyyəsində yanlışlıq var, hər kəs mənim üstümə düşdü. Özünü alim adlandıran bu adamlar bilmirlər ki, Eynşteynin özü sonradan bəzi nəzəriyyələrindən imtina edib. O da Nobel mükafatına 10 dəfə müraciət edib ala bilməyib. Sadəcə bir dəfə bir Plankla birgə işinə görə bu mükafata layiq görülüb. Nisbilik nəzəriyyəsində isə mənim yüksəldiyim mərhələyə belə gəlib çata bilməyib. Çünki nəzəriyyədə səhv var. Sonra özü də bunu boynuna alıb.
 
Mən bu fikirləri deyəndə bizim özünü alim adlandıranlar üstümə düşürlər. Bununla da əslində özlərinin savadsızlığını ortaya qoyurlar. Hətta bu tənqiddə etik ölçüləri belə keçirlər. Özüm oxumamışam, amma mənə dedilər ki, Eynulla Fətullayev haqqımda təhqiramiz fikirlər yazıb. Sonra bir təhsil eksperti var – Etibar Əliyev – bu adam məni mətbuatda təhqir etməyi bir tərəfə, mənə zəng edib söyüşlər yağdırdı. Sonra da dərhal telefonu söndürdü…
– Niyə axı? Bu adamlar niyə sizi söyürlər?
– Nə bilim? Hesab edirlər ki, azərbaycanlı elm kəşf edə bilməz. Bunu Etibar Əliyev açıq şəkildə öz yazılarında da bildirir. Öz elmi potensialımıza bu cür barmaqarası baxmağımızın səbəbi uzun müddət rus əsarətində yaşamağımızdır. Bizdə özümüzə qarşı kompleks var. Məsələn, mən Sərdar Cəlaloğlu yox, Sərdarşteyn olsaydım, kəşfimə inanacaqdılar. Amma mən türkəm, azərbaycanlıyam. Bunların fikrincə, bir türk alim ola bilməz.
– Siz də Türkiyəyə müraciət edin. Onların elmi çevrələri tərəfindən dünyaya çıxın. Niyə bunu etmirsiniz? Üstəlik, özünüz də deyirsiniz ki, Türkiyədən maraqlanıblar sizinlə…
– Açığını desəm, növbəti işlərimi Türkiyənin adından təqdim etməyi düşünürəm. İndiyə qədər bunu etməməyimin səbəbi Azərbaycana bağlılığımdan irəli gəlirdi. Sən özün də bilirsən ki, mən həmişə ölkəmin maraqlarını öz şəxsi mənfəətlərimdən üstün tutmuşam. Hətta Nobel Komitəsinə təqdim etdiyim nəzəriyyəmi başqa bir nüfuzlu və imkanlı alimin adına yollamaq istəyirdim. Çünki öz maddi imkanım buna çatmırdı. Başqasından borc alıb Nobel Komitəsinə elmi araşdırma təqdim etmək isə doğru deyildi. Bir də ki, mənim üçün kəşf etdiyim əsərlərin taleyi əsas idi. O əsərlərin Sərdar Cəlaloğlunun fikirləri kimi itib batmaqdandırsa, başqasının adıyla elmə qazandırılması hər baxımdan daha doğru idi. Bu məqsədlə gedib həmin nüfuzlu alimlə görüşdüm. Təklifi eşidincə, sağ olsun, mənim əziyyətimə qıymadığını, öz adımdan göndərməyimi bildirdi. Dedi ki, işçisi olan ən savadlı alimi əsərimlə tanış olmağa göndərəcək. Əgər həmin alim müsbət rəy versə, əsərimin Nobel Komitəsinə göndərilməsi üçün tələb olunan maliyyəni öz boynuna götürəcək. Həmin alim gəldi, nəzəriyyəmlə tanış olanda orda texniki bir səhv tapdı. Bu texniki səhvə görə müsbət rəy verə bilməyəcəyini bildirdi. Mən də dedim ki, “bunu kompüterdə yazdırmışam, iradınız adi bir katib xətasıdır”. Düz variantını ona göstərdim. Nə illah etdimsə, alimi razı sala bilmədim. Sonra həmin nüfuzlu və imkanlı elm xadiminə zəng edib vəziyyəti ona izah etməyə çalışdım. Katibəsi telefonu götürdü, alimlə danışdı, gəlib mənə dedi ki, müəllim sizi maliyyələşdirə bilməyəcək: “Deyir: mənim alimim onun nəzəriyyəsində səhv tapıb. Səhv nəzəriyyəni maliyyələşdirə bilmərəm”…
– Kim idi həmin nüfuzlu və imkanlı elm xadimi?
– Mən ad çəkmək istəmirəm. Ümumiyyətlə, adın məsələyə heç bir dəxli yoxdur. Bizim elmə yanaşmağımızda problem var. Mənim gündəmə gətirməyə çalışdığım əsas məsələ budur…
– Yaxşı, o zaman texniki xəta nədən ibarət idi, bunu deyə bilərsiniz?
– Mən nəzəriyyəmin əlyazmasını bizim Taliyətə (ADP-nin sədrinin müavini) vermişdim ki, kompüterdə yığsın. O da nəzəriyyədə bir formul vardı, həmin formulda bölmə əvəzinə vurma işarəsi qoymuşdu. Və həmin kəsir işarəsi qoyulması lazım olan formul isə fizikada hətta 7-ci sinifin şagirdinin bildiyi məsələdir. Bunun texniki səhv olduğu məsələnin qoyuluşundan da bəlli idi və hasili, kəsirlə əvəz edəndə mənim gəldiyim nəticə tamamilə düz alınırdı. Mən yazını redaktə edəndə bu texniki səhv gözümdən qaçmışdı. Alim də sanki bəhanə axtarırmış kimi, elə bu xətadan yapışmışdı.
– Aydındır, məqsəd mənfi rəy vermək imiş.
– Bunu deyə bilmərəm. Hər halda haqqında danışdığım nüfuzlu adam mənim təşəbbüsümə çox ciddi maraqla yanaşmış və əlindən gələn köməkliyi göstərəcəyini demişdi. Onun göndərdiyi alimin atı niyə yoxuşa sürdüyünü isə deyə bilmərəm. Buna baxmayaraq, mən yenə də digər elm ocaqlarında qarşılaşdığımın tam əksinə münasibət göstərdiyinə, fikrimi ciddi qəbul edib nəzəriyyəmlə tanış olmaq və rəy vermək üçün alim göndərdiyinə görə həmin adama təşəkkürümü bildirirəm.
– Türklərdə bir “önyarqı” sözü var. Yəni hər hansı bir hadisəyə əvvəlcədən müəyyənləşdirdiyin münasibət. İnsan araşdırdığı məsələlərə bu önyarqıyla yanaşır və verəcəyi qiymət də bu çərçivədə olur. Yəni stereotip, qəlibləşmiş mühakimə. Yəqin həmin alim də sizin əsərlə tanış olmağa önyarğıyla gəlmişdi. İnanırdı ki, Sərdar Cəlaloğlu Nobellik kəşf edə bilməz…
– Ola bilər. Nədənsə, bizim bütün alimlər rus imperializminin beynimizdə yaratdığı aşağılıq kompleksindən çıxa bilmirlər. Halbuki, bizim elm tariximiz Nobel mükafatını dəfələrlə ala biləcək çox yüksək səviyyəli alimlərimizlə zəngindir. Məsələn, Yusif Məmmədəliyevi götürək. Azərbaycanda neft kimyasının əsasını qoyan bu adam II Dünya müharibəsi dövründə yüksək oktanlı benzin yaratmağı bacarmışdı. Bununla da dünyada təyyarəçilik sahəsində indiyə qədər görünməmiş ən böyük ixtiraya imza atmışdı. Bu gün təyyarəçiliyin inkişafında Yusif Məmmədəliyevin əvəzsiz xidmətləri var. Əgər sovet imperiyası olmasaydı, Yüsif Məmmədəliyev tək bu ixtirasına görə Nobel mükafatı alardı. Bundan başqa o, 200-dən artıq elmi əsərin, 6 monoqrafiyanın müəllifidir. Bəlkə də bu əsərlərin hər biri Nobellikdir.
Yaxud Zəlimxan Qarayev, Cahangir Qəhrəmanov, Mustafa Topçubaşov kimi dünyada tanınmış alimlərimiz var. Təsəvvür et ki, SSRİ-nin dünyayla öz arasında dəmir pərdə yaratmasına baxmayaraq, Topçubaşovun adı hər yerə yayılmışdı. O, dünya anesteziologiya elmi tarixində ilk dəfə tətbiq etdiyi metodla cərrahiyənin indiki səviyyəyə gəlib çatmasına xidmət etmişdi. 1937-ci ildə müstəqil dövlətimiz olsaydı, Topçubaşov mütləq Nobel mükafatı alardı.
SSRİ-nin ən məşhur kimyaçılarından sayılan Həsən Abdullayev də bu mükafatı rahatlıqla ala biləcək alimlərimizdən idi. Müasir kosmonavtikanın inkişafındakı xidmətlərinə görə dəfələrlə SSRİ-nin ən fərqli dövlət mükafatlarını alan Kərim Kərimov kimi elm xadimimizi unutmamalıyıq. Kərimov da bu mükafata layiq şəxsiyyətlərdəndir.
Heç uzağa getməyək, sənin də yaxşı tanıdığın bir alimimiz vardı – Ədalət Rəhimli. Müstəqillik aktına da imza atmış bu dəyərli alimimiz elə bir yapışdırıcı kəşf etmişdi ki, qaynaqdan belə güclü idi. Mənə dediyinə görə, bu yapışdırıcı ilə maddələri bir-birinə 2000 dərəcəlik istidə birləşdirmək olardı. Həmin yapışdırıcıdan kosmik gəmilərin hazırlanmasında  və sualtı qayıqlarda istifadə olunsaydı, dünya elmi çox şey qazana bilərdi. Ədalət Rəhimli isə öz kəşfini heç hara çıxara bilmədi. Azərbaycanda ona dəstək verən tapılmadı.
Yaxud qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəni götürək. Azərbaycanın bu görkəmli övladının kəşfləri sayəsində Amerikada, Avropada, Asiyada böyük dövlətlərin nəhəng şirkətləri trilyonlarla pul qazanır. Azərbaycan isə gözünü su qiymətinə satdığı neftinə dikib. Yəni demək istəyirəm ki, bizim intellektual gücümüzə qiymət verməməyimiz nəticə etibarilə ölkəmizin iqtisadi, sosial çöküşünə səbəb olur…
– Haqlısınız. Həqiqətən də hər bir millətin və dövlətin dəyərlərini iki yerə ayırmaq olar. Qalıcı dəyərlər, dəyişilən dəyərlər. Bir ölkənin iqtisadiyyatı da, ərazisi də, ordusu da, bayrağı da, yeri gələndə, dəyişilən dəyərlərə aiddir. Bir vaxtlar Bağdaddan Əfqanıstana qədər ərazilərə sahib olan millətimizin əlində indi xəritədə belə, görünməyəcək qədər torpaq alıb. İdman da, tikilən binalar da, çəkilən yollar da gəldi-gedərdir. Amma elm qalıcı dəyərdir və milləti ucaldır, böyüdür. Niyə biz bu dəyərə barmaqarası baxırıq?
– Təəssüf ki, biz, sənin dediyin qalıcı dəyərlərə əhəmiyyət vermədiyimizdən indiki vəziyyətə düşmüşük. Azərbaycan hökuməti gedib xaricdən idmançı gətirib öz adına güləşdirir. Bəzən hətta bu idmançıların qələbəsi üçün beynəlxalq hakimlərə rüşvət verərək, adımızı-sanımızı batırır. Amma alimlərimiz bir qarın çörəyə möhtacdırlar. Kəşf etdikləri elmi ixtiraları reallaşıdıra bilmirlər. Halbuki, onların kəşflərinə azacıq kapital yatırılsa, iqtisadiyyatımız da yüksələr. Neftdən 10 ildə əldə etdiyimizi intellektual potensialımızın sənayemizə tətbiqi ilə bir gündə qazana bilərik. Heç uzağa getməyək, Ədalət Rəhimlinin ixtira etdiyi yapşdırıcı Azərbaycanın dünyada əsl brendini yaradardı. Amma biz ona vaxtında qiymət vermədik. Sabah yenə ABŞ və ya başqa ölkələr onun kəşfini ələ keçirəcək, astronomik qazanclar əldə edəcək. Bizim də o zaman neftimiz qurtacaq. Xarici dövlətlərin yardımıyla yaşamağa məhkum olacağıq. Somali, Cibuti, Nigeriya və sairə Afrika ölkələri kimi… Mən “alimlərə, elmi kəşflərə əhəmiyyət verilməlidir” deyəndə heç də özümü nəzərdə tutmuram. Azərbaycanda onlarla böyük ixtiraçılar, ən müxtəlif kəşflərə imza atan alimlərimiz var. Dövlət onların intellektual zəhmətinə diqqət ayırmalıdır.

Heydər OĞUZ