“Mənə qarşı sui-qəsd cəhdinin “Quska”yla heç bir əlaqəsi yoxdur”-Sərdar Cəlaloğlu

 
 
“Eynulla Fətullayev bilmədiyi məsələlərdən danışır. 1998-ci ildə mənim həyatıma sui-qəsd cəhdinin “Qusqa” ilə heç bir əlaqəsi yoxdur və o, elə bir söz deməz”.
 
Ovqat.com xəbər verir ki, bu sözləri ADP sədri Sərdar Cəlaloğlu deyib.
 
Sərdar bəyin bildirdiyinə görə, onu həmin vaxt mərhum Prezident Heydər Əliyevin cangüdənləri döyüb və Hüseyn Abdullayev bu adamlara göstəriş verəcək gücdə deyildi.
 
Həmsöhbətimiz sui-qəsdə məruz qalmasının səbəblərinə də aydınlıq gətirib:
 
“Həmin vaxt qardaşım Qurban Məmmədov həbs olunmuşdu. Mən də onun azadlığa buraxılması üçün radikal mübarizə aparırdım. Keçirilən ardıcıl mitinqlərdə Heydər Əliyevin istefasını tələb edirdim. Görünür, apardığım bu mübarizə siyasi hakimiyyəti narahat edirdi. Onlar da məni ortadan götürmək istəyirdilər”.
 
Özünün etirafına görə, bir gün evdən işə gələrkən, yolda bir adamın gənc bir idmançıya Sərdar bəyi göstərib nəsə dediyini görən ADP sədri təhlükəsizlik tədbirlərini artırır: “Bu hadisədən sonra işdən evə, evdən işə öz tərəfdarlarımın əhatəsində gedib gəlirdim. Dolayısyla həmin idmançılar məni yolda tək yaxalaya bilmirdilər.
 
Yolda qarşılaşdığım hadisədən bir neçə gün sonra isə partiyamıza yeni üzv yazılan iki nəfər mənimlə işləri olduqlarını dedilər. Xahiş etdilər ki, tərəfdarlarımı evlərinə getmələrini tapşırım və bu gün məni onlar müşaiyyət etsinlər. Mən də vacib sözləri olduğunu düşünüb bu ricalarını yerinə yetirdim. Partiya qərargahından çıxıb evə gedərkən, məndən həyatıma sui-qəsd ediləcəyindən çəkinib-çəkinmədiyimi soruşdular. Bu suala ciddi əhəmiyyət vermədim. Əbu-bəkr məscidinin yanındakı yanacaqdoldurma stansiyasına çatanda yolu keçərkən onlar məndən dala qaldılar. Yolun digər tərəfinə tək keçdim. Bu zaman üzərimə bir neçə idmançının töküldüyünü gördüm. Bir də onda gözümü açdım ki, qaranlıq çöküb, ulduzlar görünür. Halbuki, mən partiyadan çıxanda hava hələ aydınlıq idi. Anladım ki, neçə saatdan bəri yolun ortasında özündən getmiş vəziyyətdə qalmışam. Ətrafıma baxanda mənimlə bərabər partiyadan çıxan həmin iki nəfəri başımın üstündə gördüm. Onlardan nələr baş verdiyini soruşdum. Mənə bir neçə nəfər tərəfindən döyüldüyümü bildirdilər”.
 
Sərdar Cəlaloğluya görə, sui-qəsdçilər onun öldüyünü düşünüb hadisə yerindən uzaqlaşıblar. Yanında olan həmin iki nəfər isə onun ölümünə tam əmin olmaq üçün orda dayanıblar. Sərdar bəyin yenidən özünə qayıtması sui-qəsdçilərin planını pozub. Daha sonra elə həmin iki nəfərin iştirakı ilə təcili yardım maşınında xəstəxanaya aparılan Sərdar Cəlaloğlu ilkin tibbi yardımını alıb 16 saylı polis idarəsinə yollanır:
 
“O zaman həmin idarənin polis rəisi Naxçıvanda Nünü ləqəbiylə tanınan İbrahimov idi. Polis rəisinə başıma gələnləri danışdım. İdarədə Nəbi adlı bir polis zabiti də dediklərimi dinləyərək, mənə sui-qəsd törətmək istəyənlərin artıq neçə gündür ki, o ərazidə gəzişdiyini etiraf etdi. Bir gün onlardan burda nə gəzdiyini soruşanda az qala polis zabitini də döymək istəyiblər. Özünün dediyinə görə, zorla onların əlindən qurtulan Nəbi onların kimliyi ilə maraqlanıb. Məlum olub ki, bu adamlar Heydər Əliyevin cangüdənləridir”.
 
Etirafın bu yerində idarə rəisinin Nəbiyə göz ağartdığını və açıq şəkildə bu cür söhbətlər etməməyi  tapşırdığını deyən Sərdar bəy bu iraddan sonra polisin dediklərini dandığını bildirir. Sərdar bəylə bərabər polis idarəsinə gedən iki nəfər də eyni yolu tutaraq, hadisənin şahidi olmadığını deyiblər. ADP lideri bundan sonra Nərimanov rayon Prokurorluğuna şikayət etməli olub. Rayon prokurorluğunun müstəntiqi hadisə ilə əlaqədar cinayət işi açıb, amma bu işi apara bilməyəcəyini gizlətməyib:
 
“Müstəntiq dedi ki, mən cinayət işini açılmamış vəziyyətdə buraxacağam. Nə qədər ki, bu hakimiyyət mövcuddur, bu işin istintaqı aparıla bilməz. Ona görə işi açılmamış vəziyyətdə buraxıram ki, bir gün hakimiyyət dəyişilsə, siz hadisənin istintaqının bərpasını tələb edəsiniz. Yalnız o zaman sui-qəsd cəhdi hüquqi qiymətinə ala bilər”.
 
S.Cəlaloğlunun bildirdiyinə görə, sui-qəsd cəhdinin bütün iştirakçılarının adı ona da, prokurorluq orqanlarına da bəllidir və onların “Quska”yla heç bir əlaqəsi yoxdur.
 
Maraqlıdır ki, Sərdar bəyi sui-qəsdçilərin yanına aparan 2 nəfər sonradan hökumət tərəfindən mükafatlandırılıb: “Onlardan biri MTN işində adı hallanan və həbs olunan Beytulla Hüseynovun qardaşı Xeyrulla Hüseynovdur. Peşəcə biologiya müəllimi olan Xeyrulla mənə qarşı baş tutmayan sui-qəsd cəhdindən sonra Xətai rayonu icra başçısının müavini təyin olundu. Digər şəxsə isə Milli Onkoloji Mərkəzinin rəhbəri Cəmil Əliyevin müavini vəzifəsi verildi. O indi də bu vəzifəni icra edən Vaqif Məmmədovdur”.
 
Eynulla Fətullayevin bu cür qeyri-obyektiv iddianı irəli sürməsinə gəlincə, Sərdar bəy bunu iki səbəblə əsaslandırır: “Onun məqsədlərindən biri əvvəlki dostu, indiki rəqibi “Quska”nı terrorçu kimi göstərmək və ölkəyə geri qaytarılması təhlükəsi təhdidilə susdurmaqdır. Digər məqsəd isə açılmayan bu cinayət hadisəsini başqasının adına yazmaq və əsl cinayətkarların əməlini təmizləməkdir”.
 
Sərdar Cəlaloğlu başına vedrə keçirilməsini də inkar edir. Özünün vəhşicəsinə döyüldüyünü, beyninə qan sızdığını deyən ADP lideri bu xəsarətlə əlaqədar ABŞ-da dəfələrlə müalicə olunub. Amma beynindəki qan tamamilə sovrulmayıb. O, indi də başağrılarından əziyyət çəkir.
 
Eynulla Fətullayevin iddiası:
 
"Bir gün Nardaran tərəfə gedərkən, (Hüseyn Abdullayev) yol üstü mənə bir hadisəni nəql etdi: "Bilirsənmi, mənim bu hakimiyyət qarşısında böyük xidmətlərim var. 1998-ci ildə Sərdar Cəlaloğlu mətbuatda rəhmətlik Heydər Əliyevi bərk təhqir edirdi. Bu hamıya pis təsir edirdi. Və mən uşaqlara göstəriş verdim ki, evə qayıdan zaman, yaşadığı evin blokunda Sərdar Cəlaloğluna basqın etsinlər. Uşaqlar, gecə vaxtı, evə qayıdan Cəlaloğlunun başına vedrə salıb, taxta ilə o qədər başına vurdular ki... Yaxşı ki, ölmədi"..."

Загрузка...
Загрузка...