Mənə “keçisaqqal”, “vəhhabi” dedi – Qonşudan amansız qisas

 
Qusarda qonşusuna ziyan vurmaqda təqsirli bilinən 1993-cü il təvəllüdlü rayon sakini Aqşin Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, Aqşin Mustafayev özü ilə qonşuluqda yaşayan həmkəndlisi Kübər Kübərovun oğlu Zamir Kübərovun müxtəlif vaxtlarda ona “keçisaqqal”, “vəhabi” deyib.
 
Buna görə də o, Zamir Kübərovdan qisas almaq qərarına gəlib.
 
Bu məqsədlə Aqşin Mustafayev 19 oktyabr 2016-cı il tarixdə, saat 20 radələrində Kübər Kübərovun evinin həyətyanı sahəsində yerləşən mal-qara tövləsinin yanındakı ot tayasına od vurub.
 
Yanğın zamanı Kübər Kübərova 3117 manat məbləğində maddi ziyan vurulub.
 
Aqşin Mustafayev Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
 
Qusar rayon Məhkəməsinin hökmü ilə Aqşin Mustafayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Aqşin Mustafayev apelyasiya şikayəti verib.
 
O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
 
Apelyasiya şikayəti hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya instansiyasında ifadə verən Aqşin Mustafayev bildirib ki, heç bir radikal dini qruplaşmanın üzvü olmayıb.
 
Onun sözlərinə görə, yaşadığı Qusar rayonu, Bədirqala kəndində yas mərasimlərində yaxından iştirak edib, namaz qılıb, yas məclislərini idarə edib: “Yəni, mənim dinlə əlaqəm yalnız bundan ibarətdir. Zamir məni təhqir edib, mən də ondan qisas almaq istəmişəm. Törətdiyim əməldən peşmanam”.
 
Zərərçəkmiş isə ifadəsində bildirib ki, Aqşin Mustafayevin atası Şahin Mustafayevlə danışıb, razılığa gələrək özlərinə dəymiş ziyanların ödənilməsi barədə barışıq əldə ediblər: “Şahin Mustafayevin 1 il ərzində bizə dəymiş ziyanları qaytaracağı barədə notarial qaydada təsdiqlənmiş sənəd verib”.
 
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Aqşin Mustafayevin apelyasiya şikayəti qismən təmin edib və onun cəzası 3 ilə endirilib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...