“Mənə dedi ki, qiyamı dəstəkləmək, Elçibəyi yıxmaq lazımdır” – SENSASİON AÇIQLAMALAR

1993-cü ilin iyunun 4-də Gəncədə baş verən qiyamın 23-cü ildönümü ilə bağlı gedən müzakirələrə daha bir siyasətçi qoşulub.
 Həmin vaxt AXC-Müsavat iqtidarına müxalifətdə olmuş ADP sədri Sərdar Cəlaloğlu bəzi gizli mətləbləri Teleqraf.com-a bölüşüb.
ADP sədri qeyd edib ki, 1993-cü ildə bütövlükdə siyasi müxalifətin hərbi qiyama dəstək verməsi haqda fikirlərlə qətiyyən razılaşmır: “Həmin dövrdə biz hakimiyyətə müxalifətdə idik. ADP olaraq Gəncədə baş verən qiyama AXC-dən və Müsavat Partiyasından daha kəskin müqavimət göstərən biz olmuşuq. Həmin dövrdə bizim mövqeyimiz konkret olub və mətbuatda işıqlandırılıb. Qiyamda iştirak edən hərbi və siyasi fiqurlarla hər hansı əməkdaşlığımız olmayıb. Ancaq o ayrı məsələdir ki, müxalifətin böyük hissəsi Gəncə qiyamında iştirak edir və siyasi dəstəyini göstərirdi. Nemət Pənahlı Gəncədə Surət Hüseynovun yanında əyləşib bəyanatlar verirdi. Eləcə də Ələkrəm Hümmətov qiyamı dəstəkləyirdi. Həmçinin dövrün digər partiyaları bu prosesdə hansısa formada iştirak edir, qiyama dəstək verirdilər. Lakin bu fikirləri ADP ilə bağlı demək, bütün qüvvələri ləkələmək doğru deyil”.
 Müxalifət son 23 ildə inkişaf etməyib
 S.Cəlaloğlu həmin dövrdə hakimiyyətdə olan şəxslərlə müxalifətdə olan qüvvələr arasında, eləcə də fərqli şəxslərlə bağlı qarşılıqlı ittihamların yaşanmasına da münasibət bildirib: “Bu göstərir ki, siyasi həyat dayanıb. Sanki Gəncədə baş verən qiyamdan sonra 23 il müddətinə ölkədə heç nə baş verməyib, hər şey donub. Biz də Elçibəy iqtidarında və Gəncə qiyamında qalmışıq. Bu insanlar düşüncə baxımından 1993-cü ildə qalıblar. Yəni inkişaf hiss edilmir. Normalda inkişaf insanların beynində, fikirlərində, yaşam tərzində olmalıdır. Ancaq onlarda bu baş vermir, əksinə, qarşılıqlı ittihamlar irəli sürülür və illərdir ki, davam edir”.
 ADP sədri Gəncə qiyamından əvvəl onlara Surət Hüseynovu dəstəkləmək haqda edilən təklifdən də danışıb: “Qiyamdan əvvəl bəzi qüvvələr bizə qiyamda iştirak etmək, ona siyasi dəstək vermək, prezident Əbülfəz Elçibəyin yıxılması üçün fəaliyyət göstərmək təklifini veriblər. Hətta bir partiya sədri məni öz qərargahına dəvət etdi, bu haqda təkliflərini səsləndirdi. Mən də ona öz fikirlərimi ifadə etdim”.
Müsahibimiz qeyd edib ki, Gəncə qiyamından sonra hakimiyyətə gələn siyasi partiya da ADP-yə əməkdaşlıq təklifi verib: “Lakin biz düşündük ki, əməkdaşlıq nə onların maraqlarına, nə də bizim maraqlarımıza xidmət edə bilər”.
 "Nazir müavini olmağa razılıq verməyimdən 2 saat sonra peşman oldum"
 Sərdar Cəlaloğlu daha sonra Əbülfəz Elçibəyin onlara vəzifə təklifi etdiyi haqda da danışıb: “Əbülfəz Elçibəy həm mənə, həm də Qurban Məmmədova yüksək vəzifələr təklif edib. İsa Qəmbərin özü prezidentin səlahiyyətlərini icra edən zaman da bizə bəzi təkliflər etmişdi. Biz bunların hamısından imtina etdik. Bundan sonra cəbhəçilər elə düşündü ki, biz bu vəzifələrdən imtina etməklə onların əleyhinə fəaliyyət göstərir, Elçibəyi devirmək istəyən qüvvələrlə əməkdaşlıq edirik. Bu zaman mən AXC iqtidarında Azərbaycan xarici işlər nazirinin birinci müavini vəzifəsinə getməyə razılıq verdim.
 O zaman Pənah Hüseynov Vəfa Quluzadə ilə Tofiq Qasımovu dəvət etdi və məni onlara təqdim etdi. Dedi ki, Elçibəy və İsa Qəmbər mənim nazir müavini kimi fəaliyyətə başlamama etiraz etmir. Düşünürdüm ki, yeni dövlətik, bizdə xarici işlər nazirliyi yeni təşkil edilir və bu işə töhfə verə bilərəm. Ancaq sonradan Tofiq Qasımovla Prezident Aparatından çıxdıq və XİN-ə getdik. Burada Tofiq Qasımovla iki saat söhbət etdikdən sonra bu vəzifəyə getməkdən imtina etdim. Tofiq Qasımov danışandan sonra mənə aydın oldu ki, hakimiyyət daxilində o qədər ziddiyyətlər və həll edilməyən işlər var ki, mənim burada iştirakım xalqa, dövlətə və özümə xeyir gətirməz.
 Məsələn, Tofiq Qasımov açıq deyirdi ki, Əbülfəz Elçibəyin bir təyinatının icra olunmasına yol verməz. Həmin vaxt Rüfəti İtaliyaya səfir təyin etmişdilər, lakin Tofiq Qasımov buna qarşı idi, deyirdi ki, bu adamı İtaliyaya göndərə bilməz. Mən də düşünürdüm ki, necə olur prezidentin verdiyi fərmanı nazir icra etmək istəmir. Sonra Tofiq Qasımov Elçibəyi yerlibazlıqda ittiham etdi.  Mən də ona etiraz etdim, dedim ki, Elçibəy iqtidarında Gəncə-Qazax zonasından 7-8 nazir var. O da cavab verdi ki, Elçibəy bu nazirlərin hamısına naxçıvanlı müavin təyin edərək onları nəzarətdə saxlayır. Belə qeyri-sağlam söhbəti zamanı mənə aydın oldu ki, hakimiyyətdə dövlət quruculuğu ilə məşğul olmaq istəyən adam yoxdur.
 AXC-də başlanan intriqalar tədricən hakimiyyət strukturuna keçirdi. Əslində, Elçibəy iqtidarının yıxılmasının əsas səbəbi intriqa və narazılıqların xalq hərəkatından hakimiyyət komandasına keçməsi oldu. Mən bunları görəndən sonra Prezident Aparatına qayıtdım və dedim ki, nazir müavini postuna getmirəm. Səbəbi soruşulduqda isə həqiqəti demədim, söylədim ki, Tofiq Qasımovla işləyə bilmərəm. Bundan sonra hakimiyyətdən bizə rəsmi təklif gəlmədi”.
 “Elçibəy 4 ölkədən birində səfir olmağı təklif etdi”
 Bundan əvvəl Elçibəy mənə Rusiya, İran Türkiyə və Amerikada səfir işləməyi təklif etmişdi. Mən bu təklifdən imtina etdim və fikrimi belə əsaslandırdım ki, Azərbaycanda vəziyyət gərgindir və ölkədə daha çox xeyir verə bilərəm. Prezident Elçibəy də açıq dedi ki, Azərbaycan dövlətinin qurulması, güclənməsi bu 4 dövlətin Azərbaycanla düzgün münasibətlər qurmasından asılıdır. Mən də fikrimin üzərində qaldım. Bundan sonra digər təkliflər də edildi, ancaq biz bundan imtina etdik. Hətta İsa Qəmbər AXC hakimiyyətə gəlməzdən əvvəl mənə gələcək hakimiyyətdə iştirak etməyi təklif etmişdi. Spiker olduqdan sonra təklifini təkrarladı”. 
 “Prezidentin xahişi ilə hazırladığımız tövsiyələrin heç birini ona verməmişdilər”
 Sonda ADP sədri qeyd edib ki, onlar hər zaman Elçibəylə əməkdaşlıq ediblər: “Düzdür, biz hakimiyyətdə təmsil olunmadıq. Ancaq Elçibəy bizdən xahiş etmişdi. Mən və Qurban Məmmədov ölkəni gəzir, real vəziyyəti təhlil edir, hansı istiqamətdə işlərin aparılmalı olduğunu yazaraq tövsiyələrimizi göndərirdik. Çünki prezident özü bunu bizdən istəmişdi. Lakin Elçibəy hakimiyyətdən getdikdən sonra bizə bəlli oldu ki, yazdığımız tövsiyələrin heç biri prezidentə çatmayıb. Bunu şəxsən Elçibəyin özü dedi, bildirdi ki, bizdən bir tövsiyə belə almayıb. Mən isə bildirdim ki, biz rayonları gəzərək müvafiq reallıqları analiz edib sizə göndərmişdik”.