Mən bunun əziyyətini çəkirəm - Hadı Rəcəbli

 

Qalmaqalı açıqlaması ilə gündəmə gələn millət vəkili Hadı Rəcəbli jurnalistlərlə bağlı qərar qəbul edib.
 
Millət vəkili Missiya.Az-a açıqlamasında jurnalistlərdən qaçmaq qərarına gəldiyini deyib. "Mənim cümlələrimi təhrif ediblər. Jurnalistlərlə yaxşı münasibət qurmağa çalışmışam. Həmişə jurnalistlər üçün açığam və bütün zənglərə cavab verirəm. Elə vaxt olur ki, cümləmin birini qoymurlar. Mən bunun əziyyətini çəkirəm. Bayaq qərara gəlmişəm ki, jurnalistlərdən qaçım”, -deyə millət vəkili bildirib.
 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, onun gördüyü işlər göz qabağındadır. “Mən 20 ildir ki, sosial müdafiə sistemini işləyirəm, kitablar yazıram. Bu qədər yalanın, iftiranın qarşısında dayanmağa can lazımdır. Mən sizin nümayəndənizəm. Belə etmək olmaz axı ”,- Hadı Rəcəbli bildirib.
 
Hadı Rəcəbli bir neçə gün əvvəl mətubata açıqlamasında Qarabağ əlillərinə imtiyazların əleyhinə olduğunu bildirib. Millət Vəkilinin verdiyi müsahibənin həmin hissəsini təqdim edirik: “Sosial sahədə islahat aparmaq çox çətindir, bunun üçün maliyyə vəsaiti lazımdır. Heydər Əliyev daha bir cəsarətli, uzaqgörən, mütərrəqi addım atdı, neft müqavilələrini bağladı. Bu, böyük inqilabi hadisə idi. Bundan sonra Azərbaycana vəsait daxil olmağa başladı. Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu”,-deyə millət vəkili bildirib.
 
Hadı Rəcəbli 8 kitabın və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir. 2010-cu il noyabrın 7-də 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilib. Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədridir. Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-İran, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.