Məmur oğlu 3 milyonluq dələduzluqla bağlı ifadə verdi

 
Bakıda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Arif Əsgərovun oğlu Elnar Əsgərov ifadə verib.
 
O, təqsirləndirilən şəxs Emil Hüseynovun xalası oğldu olduğunu deyib. Şahidin sözlərinə görə, atası Nəqliyyat Nazirliyində rəhbər şəxs olsa da, onun həmin qurumla heç bir əlaqəsi olmayıb.
 
Elnar Əsgərov bu iş üzrə zərərçəkmiş kimi tanınan Emin Məmmədovla heç bir biznes əlaqələrinin olmadığını deyib. Keçmiş məmurun oğlu çıxışı zamanı mətbuatda adının hallanmasına görə jurnalistlərə xəbərdarlıq edib:
 
“Bilmirəm ki, indi bu zalda media nümayəndələri var, ya yox. Amma media nümayəndələri yazır ki, mən istintaqdan yayınmışam, ölkədən qaçmışam. Doğru olanlar yazılısn, bu yazılanları bizim yaxınlarımız, ailə üzvlərimiz oxuyur”.
 
Elnar Əsgərov bildirib ki, xalasından pul alaraq zərərçəkmiş şəxsə qaytarıb: “Emilin anasından - xalam Lətifədən 500 min dollar, 200 min də manat alaraq Emin Məmmədova vermişəm. Bunu da xalamın xahişi ilə etmişəm”.
 
İttihama görə, təqsirləndirilən Emil Hüseynov Emin Məmmədovdan külli miqdarda pul alaraq Elnar Əsgərova verib.
 
İttihama görə, Emil Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 min 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
 
Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb. Cinayət materiallarına əsasən, Emil Hüseynov həmin vətəndaşları Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə aldadıb.
 
Emil Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Elan olunmuş ittiham üzrə Emil Hüseynov özünü qismən təqsirli bilib.
 
Qeyd ki, Emil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbiri sonradan ev dustaqlığı ilə əvəz edilib. O, sabiq Nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...