​Məleykə Abbaszadə - Mikayıl Cabbarov qovğasında atəşkəs: DİM nazirliyə birləşir - ÖZƏL

 
 
Dövlət İmtahan Mərkəzi (keçmiş TQDK) Təhsil Nazirliyinə birləşdirilə bilər
 
Bu barədə Politika.Az-a özəl məlumat daxil olub.
 
DİM və TN arasında uzun illərdir ki, konflikt olsa da, bu iki qurumun bir mərkəzdə fəaliyyət göstərməsi qərara alına bilər. Buna səbəb struktur islahatları və hökumətin qənaət rejiminə keçid etməsidir.
 
Sabiq nazir Misir Mərdanovun dövründən bu günə kimi TQDK sədri Məleykə Abbaszadə Təhsil Nazirliyinə müxalif olub, opponentlik edib, təhsil siyasətini ifşa edib.
 
Hazırkı nazir Mikayıl Cabbarovun dövründə də M.Abbaszadənin fəaliyyətində dəyişiklik olmayıb. Yenə də nazirliklə DİM arasında soyuq müharibə davam edib.
 
Ancaq iqtisadi şərait və postneft dövrünə uyğun siyasət yürüdülməsi hakimiyyəti intriqaları kənara qoyaraq islahatları sürətləndirməyə vadar edib. Ona görə də nazirlə mərkəz sədrinin davasında atəşkəs imzala bilər
 
Zaman-zaman TQDK-nın ləğv edilərək nazirliyə birləşdirilməsi barədə təkliflər irəli sürülüb. Amma reallaşmayıb. İndi bu qərarın verilməsi həm buzların əriməsinə, həm də ixtisarların getməsinə təkan verəcək.
 
Politika.Az-ın əldə etdiyi xəbərə görə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) eyni taleyi yaşadı. Təhsil eksperti, sabiq millət vəkili Şahlar Əsgərov da bu variantı məqbul hesab edib.
 
TQDK-nın ləğv olunması ilə bağlı yayılan söhbətlərə münasibət bildirən ekspert bu ideyanı müsbət qiymətləndirib. O, hesab edir ki, TQDK-nın ləğv edilməsi vacib amillərdəndir.
 
"20 ildir ki, bu komissiyanın fəaliyyəti davam edir. TQDK-nı bir quruma çevirib, Təhsil Nazirliyinə verilməsi çox ağlabatandır. Xarici ölkələrdə belə bir komissiya qeyri - hökumət təşkilati kimi fəaliyyət göstəriir.Yəni, gənclərin biliyini ölçən bir təşkilat kimi.
 
Bu bilik ölçən dövlət təşkilatı da ola bilər, qeyri-hökumət təşkilatı da.
 
Güman edirəm ki, indiki dövrdə bu, hökumət təşkilatı olsa yaxşıdır, yəni Təhsil Nazirliyinin nəzdində belə bir qurum fəaliyyət göstərsə daha yaxşıdır. Bu dövlətçilik baxımından da yaxşı ola bilər".
 
Azərbaycanda neft gəlirlərinin azalması və milli valyutanın "üzən məzənnə"yə keçdikdən sonra dəyərsizləşməsi fonunda dövlət strukturlarında islahatlar davam edir.
 
Dövlət xərclərinə qənaət etmək məqsədi ilə bir sıra qurumlar ya birləşdirilir, ya da ümumiyyətlə ləğv edilir. İndi də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Təhsil Nazirliyinə birləşdiriləcəyi də kifayət qədər real ehtimaldır.
 
Hətta Məleykə Abbaszadə özü də hər hansı birləşmə məsələsini istisna etməyib. Onun sözlərinə görə, islahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, onlar da tabe olacaqlar: "Bu islahatlar çərçivəsində qərar qəbul olunsa, təbii ki, biz onu yerinə yetirəcəyik.
 
Bizim imtahanlar kütləvi imtahanlardır və mən yaxşı başa düşürəm ki, bu prosesi izləyən yüz minlərlə adam var. Eşidəndə ki təşkilatda nəsə dəyişiklik ola bilər hamı narahat olur".

Загрузка...
Загрузка...