Məktəblər də pul qazanacaq: Xərci valideyndən alacaqlar - YENİLİK

 
    
 
Əjdər Ağayev: “Məktəb gəlir və çıxarlarını özü müəyyənləşdirməlidir”
Kamran Əsədov: “Hər bir məktəbin böyük məbləğdə gəlir əldə etmək imkanı var”
 
2020-ci ilə qədər məktəblər özünümaliyyələşdirmə sisteminə keçməlidir. Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, bu barədə təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub: “Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd etməmək olmaz. Biz hazırda məktəblərdə özünümaliyyələşdirməyə keçməmişik. Lakin bu iş 2020-ci ilə qədər bitməlidir”.
 
Təhsil Şurasının sədri Əjdər Ağayev Cebhe.info-ya bildirib ki, hər bir ümumtəhsil məktəbin özünün bank hesabı olmalıdır:
 
“Məktəb gəlir və çıxarlarını özü müəyyənləşdirməlidir. Həmçinin əməkhaqqı və digər xərcləri özünün bank hesabına uyğun olaraq müəyyən etməlidir. “Təhsil haqqında” Qanunda da var, Dövlət Strategiyasında da qeyd olunub. Bu, çox yaxşıdır. Hazırda məktəblər əməkhaqqı almaq üçün mərkəzləşmiş formadan istifadə edir. Əməkhaqqı cədvəli göndərilir və kimlərsə icazə verir. Bundan sonra bank pulu icra hakimiyyətinə ayırır, o da məktəblərə verir. Yəni, çətin prosesdir. Bunu aradan qaldırmaq üçün hər bir ümumtəhsil məktəbinin banka vəsait qoyması üçün hesabı olmalıdır. “Təhsil haqqında” Qanunda da tələb olunur ki, məktəbin bankda hesabı olsun. Dövlət Strategiyasında qeyd olunub ki, hər bir məktəb xərcini özü müəyyənləşdirməlidir. Özünümaliyyələşdirmə sisteminə keçən şəxsin və ya qurumun bankda hesabı olur. Bu hesab əsasında da məktəb xərcini, mədaxilini dəqiq müəyyənləşdirə bilir. Bu, maraqlı və çox yaxşı məsələdir”.
 
Təhsil eksperti Kamran Əsədov  isə Cebhe.info-ya açıqlamasında bildirib ki, publik hüquqi şəxsin mövcud olması zəruri idi:
 
“Çünki dövlətin varlığı başlı -başına bu konseptin yaranmasını tələb edir. Dövlət hüquqi şəxs olmadan davamlı ola bilməz, lakin dövlət sıradan bir şirkət, dərnək ya da ictimai birlik deyil. Dövlətin məqsədi pul qazanmaq deyil, onun kompleks hədəfləri və resursları var. Bu səbəblə o xüsusi (sivil) hüquqa tabe yox, publik hüquqa tabe bir hüquqi şəxsdir. Digər tərəfdən, dövlət aparatı daxilində əsas hakimiyyət qollarından biri olan icra hakimiyyəti qolunda da iyerarxiya münasibəti var, yəni tabeçilik, bu da dövlət aparatının ilişmədən və problemsiz işləməsinə yönəlir. Lakin bəzi hallarda elə bir icra strukturu yaradılmalı olur ki, bunlar texniki, siyasi və hüquqi səbəblərə görə mərkəzi icra hakimiyyətinin iyerarxiyasına daxil olmamalıdır.  Məsələn, bələdiyyələr. Bu qurum nə şirkətdir, nə də QHT. Onun məqsədi pul qazanmaq deyil. O, publik hüquq şəxsidir. Başqa bir misal - Milli Tele-Radio Şurası. O da müstəqil və publik hüquqi şəxs olmalıdır. Publik hüquqi şəxsin həqiqi müstəqilliyini təmin etmək ayrıca qanunla tənzimlənməlidir. Fərmanı hər an dəyişib həmin orqanın statusuna və müstəqilliyinə son qoymaq mümkündür. Yəni, fərmanla qurulan publik hüquq şəxsinin müstəqilliyi həqiqi ola bilməz”.
 
Ekspert qeyd edib ki, özünümaliyyələşdirmə təkcə valideynlərin ödəniş etməsi kimi nəzərdə tutulmur:
 
“1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, dövlət pulsuz təhsil verməyi öz üzərinə götürüb. Burda tamam başqa formada maliyyələşmədən söhbət gedir. Yəni, hər bir məktəb xidmət göstərməlidir. Bu gün təkcə Bakı şəhəri üzrə 700-dən çox hazırlıq kursu, tədris mərkəzi və sayı heç də 10 mindən az olmayan repetitor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyirlər, həm də gəlir əldə edirlər. Hər bir məktəbin böyük məbləğdə gəlir əldə etmək imkanı var. Əlbəttə ki, qanuni əsaslarla. Daha indi bir çox məktəb direktorunun etdiyi kimi, yəni qeyri- qanuni yolla məktəbliləri dərsdən buraxmaq, onlara yüksək qiymət yazmaq yolu ilə yox. Məktəbin binası və infrastrukturundan dərsdən sonra geniş şəkildə istifadə etmək olar. Belə ki, məktəbdə rəqs dərsləri, şahmat dərsləri keçirmək olar. Bununla yanaşı, rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən gəlir əldə edə bilər. Bunlardan başqa məktəb qrant layihələri, tender və müsabiqələrdə iştirak etməklə öz gəlirini artırmaq imkanlarına malikdir. 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bununla bağlı hüquqi tənzimləmə üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar hazırlanıb. Məktəb rəhbərliyi öz kontingentindən istifadə etməklə məktəbdə treninq, təlimlər keçirə bilər ki, bundan da böyük həcmdə vəsaitin əldə edilməsi mümkündür. Qanunvericilik aktlarına görə dövlət minimum təhsil verməyə borcludur. Bundan başqa orta məktəblər dərsdən sonra ödənişli təhsil xidmətləri göstərə və bu zaman valideynlər könüllü olaraq ödəniş edə bilərlər”.
 
Yeganə Oqtayqızı
Cebhe.info
 

Загрузка...
Загрузка...