Məktəblini intihara aparan yol: 17 yaşlı Vüsal niyə ölümü seçdi? – Təfərrüat, FOTOLAR

Cəlilabad rayonunun Seyidbazar kəndində 10-cu sinif şagirdi olan 17 yaşlı Vüsal Mirzəyev mayın 11-də yaşadıqları evin həyətində intihar etmişdi. Məktəblinin intiharı ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, əsas səbəb kimi məktəbdə başına gələn olaylar göstərilir.
Evin tək övladı olan Vüsalın intiharına yeganə səbəb kimi məktəbdə müəlliməsi və şagirdlərlə arasında yaşananlar göstərilir. Vüsalın anası, dayıları, əmiləri, bibisi onun son 2 ayda məktəbdəki vəziyyətdən gileyləndiyini, dərsə getmək istəmədiyini, uşaqların onu döydüyünü deyirlər. Ailə üzvləri Vüsalın intiharının yeganə səbəbi olaraq bunu görürlər.
Sınaq imtahanında 500 bal toplayan şagird ölümü niyə seçdi?
Vüsal oxuduğu məktəbdə sınaq imtahanlarında yüksək bal toplayan şagirdlərdən biri olub. Onun dərslərinə yaxşı hazırlaşmasını sinif yoldaşları və müəllimləri də təsdiqləyirlər. Sınaq imtahanlarında 500-dən çox bal toplayan Vüsal rayonda dərsdən sonra məşğələlərə də gedirdi.
Vüsalın anası Gülsüm Mirzəyev musavat.com-a açıqlamasında oğlunun intihar səbəbini belə danışır: “Vüsalın dərslərini necə oxuduğunu hamı bilir. Nə oldusa, elə fevral ayında məktəb direktorunun xanımı İradə müəllimənin yanından hazırlıqdan çıxandan sonra oldu. Vüsal dedi ki, rayonda hazırlığa getmək istəyir. İsrar edəndən sonra çıxardıq. İradə müəllimə Vüsala Azərbaycan dili dərsi deyirdi. Hazırlıqdan çıxandan sonra İradə müəllimə onu incitməyə başladı. Ancaq Vüsal həmin vaxta qədər məktəbdən çıxmaq istədiyini demirdi. Sonradan uşaqların içində bir neçə dəfə təhqir edilib. Sonuncu dəfə aprelin axırlarında İradə müəllimə guya dərsdə güldüyünə görə Vüsala “2” yazmışdı.
Bundan sonra dedi ki, məktəbə getmək istəmirəm. Əslində heç bir uşaq dərsə getmirdi. Sinifdə 8-9 nəfər şagird var idi. Onların da əksəriyyəti rayona məşğələyə gedirdilər. Məktəbdə də bunu hamı bilir. Ancaq yoxlama gələndə uşaqları sinfə yığırdılar. Gündəlik dərsə gedən oğlum və bir qız idi. Dərsə gedəndə də oğlumdan dərs soruşmurdu. Həmin uşaqların əksəriyyəti Azərbaycan dilindən İradə müəllimənin yanına hazırlığa gedirdilər. Hər uşaq aylıq 25 manat ödəniş verir. Mən özüm dəfələrlə İradə müəlliməyə aylığı özüm vermişəm. Ancaq indi deyirlər ki, pulsuz hazırlıq keçib. Pulun vaxtından keçən kimi direktor özü sinifdə Vüsalı qaldırıb xəbərdarlıq edirdi. Vüsal hazırlıqdan çıxdıqdan sonra onu qaraladılar”.
Vüsal məşğələdəki yoldaşları ilə yaxşı münasibətdə olsa da, öz kəndində döyülürmüş...
Gülsüm xanımın və Vüsalın dayısı Əli Yusubovun dediklərinə görə, məktəbdəki şagirdlər birləşərək bir neçə dəfə onu döyüblər. Vüsal da qorxusundan məktəbə getmək istəmirmiş.
Əli Yusubov deyir ki, Vüsal məktəbdən çıxmaq istəməsini hər kəsə deyib: “Mənə, əmilərinə, anasına, atasına, bibisinə, xalasına dəfələrlə deyirdi ki, məni kənd məktəbindən çıxarın, Qamışlıgölə göndərin. Həmin kənddə babası yaşayır. Bunun üçün Cəlilabad Rayon Təhsil Şöbəsinə də müraciət etmişdik. Razılıq verdilər. Ancaq dedilər ki, ilin sonudur. Dərs ili bitinə qədər gözləməyimizi istədilər. Ancaq Vüsal dözmədi”.
Gülsüm xanım oğlunun qız istədiyi üçün Qamışlıgöldəki məktəbə getmək istəməsi ilə bağlı deyilənlərin yalan olduğunu və bu iddianın sırf məktəbdə baş verənlərdən diqqəti yayındırmaq üçün səsləndirildiyini bildirir: “Vüsal heç vaxt qız istəməyib. Onun bizdən gizli heç bir işi yox idi. Mənimlə və evdə birlikdə yaşadığımız bibisi ilə münasibəti çox səmimi idi. Nə problemi olsa, deyərdi. Qız istəsə belə, onu bizdən gizlətməzdi. Vüsal ancaq dərslərinə fikir verirdi. Deyirdi ki, ali məktəbə qəbul olub Bakıya gedəcəm”.
Mərhumun dayısı Vüsalın sinif yoldaşları tərəfindən döyülməsini belə danışır: “İradə müəllimənin təhqirlərindən sonra uşaqlar Vüsalı ələ salırdılar. Bir neçə dəfə də döyüblər. Ancaq uşaqlar da doğru ifadə verməyiblər. Məktəbdə probleminin olmadığını deyiblər. Hamısı direktorun və müəllimənin xeyrinə ifadə verib. Sonuncu dəfə aprelin 30-da Vüsal məktəbdə döyülüb. Uşaqlar deyib ki, sən murdarsan, topa dəymə. Əmisi oğlu da yanında olub, Vüsala kömək çıxıb. İkisini də bir yerdə döyüblər. Vüsalın gözü göyərmişdi”.
Gülsüm xanım deyir ki, oğlu məktəbə tək getməkdən qorxduğu üçün Əli adlı əmisi oğlunu çağırırmış. Əlidən onunla birlikdə məktəbə getməsini xahiş edirmiş. Əli də ifadəsində Vüsalın məktəbdə şagirdlər tərəfindən döyüldüyünü deyib.
Vüsalın atası sonradan sözünü niyə dəyişib?
İntihar edən məktəblinin atası Bakıda işləyirmiş. Ailəsinin dediklərinə görə, o, il ərzində cəmi bir ay kəndə gələrmiş. Vüsalın təhsil xərclərini əmisi İslam Yusubov qarşılayırmış. Atası da imkan olduqca ailəsinin maddi problemlərini həll edirmiş. Ailə üzvləri deyir ki, əmisi İslam Vüsalı öz oğlu kimi çox istəyirmiş. Əmisinin 3 qızı olduğundan Vüsala xüsusi qayğı göstərib, onun bütün problemlərini həll edirmiş.
Vüsalın atası Rafət Yusubov intihar baş verən gün kənddə olub. O da oğlunun məktəbdə problemlərinin olduğunu və dərsə getmək istəmədiyini bilirmiş. Ailə üzvlərinin dediyinə görə, Vüsalı bir dəfə də atası zorla məktəbə aparıb. Ancaq Vüsal kitablarını ataraq dərsdən qaçıb, babasıgilin kəndinə gedib.
Rafət Yusubov intihardan bir neçə gün sonra mətbuata açıqlamasında oğlunun məktəblə bağlı problemlərinin olduğunu, dərsə getmək istəmədiyini deyib. Lakin sonradan istintaqa ifadəsində bunu əksini deyib və oğlunun intiharının məktəbdə baş verənlərlə əlaqəsinin olmadığını bildirib.
Vüsalın dayısı bunu belə izah edir: “Rafətlə məktəb direktoru qohumdur. Elə ifadə verib ki, guya oğlunun intiharının məktəbdəki hadisələrlə heç bir əlaqəsi yoxdur. Qohum olduğundan işə soyuq yanaşır. Ancaq intihar baş verən gün atası da kənddə olub”.
Vüsalın anası da Rafət Yusubovun bu səbəbdən fərqli ifadə verdiyini təsdiqləyir: “Məktəbin direktoru Etibar Abdullayevdir. Direktor Vüsalın atası Rafət Yusubovun bibisi oğludur”.
Məktəblinin dəfnindən sonra baş verənlər...
İntihar edən gəncin ailə üzvləri məktəb direktorunun və xanımının onlara qarşı münasibətlərindən narazıdır. Gülsüm xanım deyir ki, nə dəfndə, nə də dəfndən sonra heç biri onlara başsağlığı belə verməyib. Ancaq direktor yas mərasimində iştirak edib.
“Bizə deyirdilər ki, heç bir yerə şikayət etməyin. Məsələ elə burada da qalsın. Mən anayam. Oğluma sağlığında sahib çıxa bilmədim, heç olmasa ölüsünə sahib çıxmalıyam. Günahkarlar cəzalandırılmalıdır” - deyən Gülsüm xanım məktəb direktorunun yaxınlarının yaydığı söz-söhbətlərdən də narahat olduqlarını bildirir: “Direktorun anası deyir ki, qanı 10 mindir. Pulunu verib bağlayacağıq. 20 ildir direktor işləyir. Guya ona heç kim heç nə edə bilməz”.
Vüsalın dəfnindən sonra yaşananları dayısı belə danışır: “Məsələni mətbuata çıxarmağa imkan vermirdilər. Vüsalın əmilərinə deyirdilər ki, heç bir yerə şikayət etməyin və işi bağlayın. Məktəbə getmək istəmirdi. Axırıncı dəfə atası zorla aparmışdı. Kitablarını məktəbdə qoyub qaçmışdı. Məlum məsələdir ki, bu uşağı məktəbdə bezdiriblər. Maraqlı bir məqam da var ki, Vüsalın rus dili müəlliməsi kəndə polislər gələndən sonra jurnalda Vüsalın qiymətlərini düzəldib. Vüsala ölümündən sonra “5” yazıblar. Vüsalı İradə müəllimə təhqir edib “2” yazarkən bibisi qızı Tünzalə də sinifdə olub. O da təsdiqləyir ki, sinifdə uşaqların hamısı güləndə İradə müəllimə yalnız Vüsalı qaldırıb, “2” yazıb və təhqir edib”.
Məktəb direktoru və xanımının dedikləri...
Məktəblinin intiharına görə adı hallanan əsas şəxslər olan məktəbin direktoru Etibar Abdullayev və xanımı İradə Abdullayeva da məsələ ilə bağlı musavat.com-a danışıb. Onlar Vüsalın intiharına səbəb kimi məktəbdə baş verənlərin göstərilməsinin əsassız olduğunu dedilər. Direktor E.Abdullayev Vüsalın məktəbin ən çalışqan şagirdlərindən biri olduğunu, sınaq imtahanlarından yaxşı nəticələr əldə etdiyini bildirdi.
Onun sözlərinə görə, ailəsinin dediyi kimi, məktəbdə Vüsalın intiharına səbəb olacaq heç bir hadisə baş verməyib: “Həmin gün Vüsal məktəbə gəlməmişdi. Biz də hadisədən sonradan xəbər tutduq. Onu məktəb müəllimi və ya məktəbin rəhbər şəxsləri bu və ya digər səbəbdən heç vaxt incitməyib, təzyiq göstərməyib. Vüsal məktəbdə dərslərdən əlavə məşğələlərdə də iştirak edirdi. Ancaq deyildiyi kimi, bizim məktəbdə əlavə məşğələlərə görə pul alınmır. Bu deyilənlərin heç bir əsası yoxdur”.
Direktorun xanımı, məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi İradə Abdullayeva da Vüsalın intiharının səbəbinin məktəbdə axtarılmasına qarşıdır.
İ.Adullayeva deyir ki, o, bütün şagirdlərə olduğu kimi, Vüsala da qayğı ilə yanaşıb: “Bu hadisənin məktəb müəllimələri və Vüsalın sinif yoldaşları ilə heç bir əlaqəsi yoxdur. Hadisə onun yaşadığı evdə baş verib. Mən də bir müəllimə kimi çalışqan, intizamlı bir şagirdimi itirdiyim üçün çox təəssüflənirəm. Mən şagirdlərimə öz fənnimdən əlavə məşğələlər də keçmişəm. Və bunun qarşılığında heç vaxt ödəniş tələb etməmişəm. Bu barədə deyilənlər yalandır”.
Qeyd edək ki, məktəblinin intiharı ilə bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə ictimailəşəndən sonra Vüsalın anası Baş Prokurorluğa dəvət olunub və dinlənilib. Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.