​Məktəbin quyusunu sökdürüb evinə apardığı deyilən direktor nazirliyə "İLİŞDİ"

 
 
Kürdəmir rayonu Böyük Kəngərli kənd orta məktəbinin direktoru Qənimət Tağıyev haqqında səsləndirilən iddialara cavab verib.
 
Direktor Ölkə.Az-ın əməkdaşıyla söhbətində ittihamlarla razılaşmadığını bildirib:
 
"Müəllimlər İnstitutunun ixtisasdəyişmə kursunu keçmişəm. Ona görə də riyaziyyat dərsi keçməyə ixtiyarım var. On iki saat dərsim var, əlavə özümə altı saat da yazıram. Nazirlik icazə verərsə, həmin saatın da pulunu alıram. Yoxsa mən heç vaxt özümə o qədər dərs saatı yazmaram. Hazırda məktəbimizdə altı ibtidai sinif müəllimi var. Amma cəmi iki ibtidai sinif yığa bilmişik, uşaq azdır. Əvvəlki illərdə 4-5 ibtidai sinif olub, indi azdır. O müəllimləri də işə mən götürməmişəm. Ona görə də dərs yükü azalıb. Quyu məsələsinə gəlincə, məktəbin 90 kub su tutan quyusu var. Bir də həyətdə köməkçi inşa edilmişdi. O quyunu da sonra inşaat şirkəti söküb apardı. Daşlardan bir az qalmışdı, o da bilmədim sonra necə oldu. Amma mən quyunu söküb evimə aparmamışam".
 
Xatırladaq ki, sözügedən məktəbin bir qrup müəllimi Ölkə.Az-a müraciət edərək, direktor Qənimət Tağıyevdən narazılıqlarını bildirmişdilər. Müəllimlərin sözlərinə görə, Memarlıq və İnşaat Universitetinin məzunu olan Tağıyev özünə riyaziyyat və informatika fənlərindən 18 saat dərs yazır ki, bu da qanuna ziddir.