Məktəb direktorunun müavini Xətaidəki yanğınla bağlı ifadə verib - REPORTAJ

Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un prosesdə iştirak edən müxbiri xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.
Zərəçəkmiş Mikiyeva Sevda ifadəsində bildirib ki, onun mənzilinə zərər dəyməsə də, yanğın baş verən zaman həyətdə olan maşınına ziyan dəyib. Təqsirləndirilən şəxsləri tanımadığını deyən zərərçəkmiş ona dəyən ziyanın ödənilməməsindən narazı olduğunu qeyd edib.
Digər zərərçəkmiş Rübabə Əhmədova ifadəsində mənzilinin yanmadığını, lakin tüstüdən və yanğınsöndürənlərin vurduğu sudan ciddi zərər gördüyünü deyib.
R.Əhmədova ona dəymiş zərərin 6-8 min manat dəyərində hesablandığını, ancaq ona heç bir məbləğin ödənilmədiyini söyləyib: “Mətbəx mebelim, soyuducum, evin döşəməsi, oboylar hamısı yarasız vəziyyətə düşüb. Evimə ekspertlər də baxış keçirib. Dəymiş ziyan 6-8 min manat dəyərində hesablanmışdı. Ancaq heç bir kompensasiya ödənilmədi. Xətai rayon məhkəməsində, icra hakimiyyətində, Abid Şərifovun qəbulunda olduq. Bu günə qədər şikayətimiz, problemimiz baxılmamış qalıb”.
Bakıdakı məktəblərdən birində direktor müavini olaraq işlədiyini deyən R.Əhmədova hadisə baş verərkən evdə olmadığını bildirib: “Səhər evdən çıxıb axşam qayıdıram. Yanğın baş verəndə də işdə olmuşam. Xəbər tutub evə gəldim. Bizim evimiz yanmayıb. Yanğın əsasən binanın üzlənən - yol tərəfə olan hissəsində baş verib. Binanın yarısı üzlənmişdi. Bir yan hissəsi, bir də yoldan görünən hissəsi...
Mənim və binanın arxa tərəfində olan mənzillərə yanğınsöndürənlərin vurduğu sudan və tüstüdən zərər dəyib. Bu cür zərərçəkmişlərdən bildiyim qədəri ilə cəmi iki evin sahibinə kompensasiya ödənilib”.
Hakim qeyd edib ki, bundan əvvəlki məhkəmə proseslərində də ifadə verən zərərçəkmişlərin evləri yanmayıb. Onların da mənzilləri tüstüdən yararsız vəziyyətə düşüb. Hakim ittiham aktında R.Əhmədovanın mənzilinə dəymiş zərərin miqdarının 1300 manat olaraq göstərildiyini qeyd edib. Zərərçəkmiş bundan xəbərsiz olduğunu söyləyib.
Hakim digər zərərçəkmişlərin məhkəmə proseslərinə dəvət edilsələr də gəlmədiklərini elan edib: “15 nəfər zərərçəkmiş məhkəmə prosesində dəvət olunub. Onlardan sadəcə 2 nəfəri iştirak edir. Biz onlar üçün avtobus belə təşkil edərək prosesə gəlmələrinə şərait yaradacağımızı söz vermişik. Ancaq gəlmirlər”.
Hakim prosesə gəlməyən zərərçəkmişlərə bir həftə də vaxt verilməsini, gəlməyəcəkləri təqdirdə, növbəti prosesdə müzakirəyə çıxarılaraq onların məhkəməyə gətirilməsinin təmin ediləcəyini qeyd edib.
Qeyd edək ki, ötən məhkəmə prosesində təqsirləndirilən Fərid Sadıqovun vəkili vəsatət qaldıraraq istintaq zamanı hüquqlarını müdafiə etdiyi şəxsdən alınan ifadədən imtina etdiklərini bildirmişdi. Vəsatətdə qeyd edilirdi ki, F.Sadıqovdan TNH şirkəti ilə bağlı alınan məlumatlar müstəntiq tərəfindən onun ifadəsi kimi qeydə alınıb. F.Sadıqov isə oxumadan həmin ifadəyə qol çəkib. Vəkil qeyd edib ki, bunu sübut edən telefon danışıqları var. Həmin vəsatət baxılmamış saxlanılmışdı. Bu gün də həmin vəsatətə baxılmayıb.
Hakim zərərçəkmiş kimi tanınan 15 nəfərin məhkəmə prosesinə dəvət edildiyini, lakin onlardan ikisinin iştirak etdiyini bildirdi. Bu səbəbdən də proses iyulun 12-nə təxirə salınıb. 
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə və s. istintaq hərəkətləri ilə TNH şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.
Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq, Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.
Məlumat üçün bildirək ki, əvvəlki məhkəmə proseslərində çıxış edən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. F.Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, özünün “Astoriya” MMC adlı tikinti şirkətinin olduğunu və Bakıda bina tikintisi ilə məşğul olduğunu deyib. O, şirkətin rəhbəri olan Məmməd Vəliyevin Azərbaycanı tərk etdiyini söyləyib.