Məktəb direktoru olmaq üçün 3 mindən çox namizəd sənəd verib

Məktəb direktorlarının işə qəbulu ilə bağlı elektron ərizələrin qeydiyyatı başa çatıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbul olunmaq üçün 18-31 mart tarixlərində 3394 nəfər elektron ərizə ilə qeydiyyatdan keçib. Müsabiqəyə 600 vakant yer çıxarılıb.
 Aprelin 1-dən müsabiqənin ikinci - elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsi başlanılıb. Elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi vaxtı namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatları yoxlanılır və göstəricilərin qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılaraq, onun növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir.
 Elektron ərizədə qeyd edilən məlumatların düzgünlüyünə müsabiqə iştirakçısı birbaşa məsuliyyət daşıyır. Ərizədəki qeyd olunan məlumatlar mövcud qaydalara uyğun olmadıqda namizədin elektron ərizəsi ləğv edilir. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbul olunmaq üçün qeydiyyatdan keçən namizədlərə ərizələrinin təsdiq olunduğunu bilmək üçün şəxsi səhifələrini izləmələri tövsiyə olunur.