​Məktəb açıldı: kəmfürsət satıcılar gülləri bahalaşdırdı

 
İqtisadçı ekspert: “Qiymətlərin artması güllərin xarici ölkələrdən gətirilməsi ilə bağlı deyil”
 
Sabah, sentyabrın 15-i ilk dərs günüdür. İlk dərs günü ilə bağlı məktəblilər öz müəllimlərini güllərlə sevindirmək istəyir. Ancaq valideynlər buna o qədər də sevinə bilmir. Çünki bir qrup işbazlar güllərin qiymətini o həddə çatdırıb ki, valideynin o gülü almağa maddi imkanı çatmır.
 
Güllərin qiyməti və birdən-birə bu qədər bahalaşmanın səbəblərini öyrənmək üçün bir neçə gül mağazasına baş çəkdik. Güllərin qiyməti “gül vururdu” desək yanılmarıq. Müxtəlif gül salonlarında, sosial şəbəkələrdə müştəri cəlb etmək üçün keçirilən “ən ucuz məktəbli gül buketi bizdə”, “bir buket gül 10 manat” reklamları ilə müştəri cəlb etməyə çalışsalar da, bu reklamlar aldadıcı xarakter daşıyırdı. Belə ki, 10 manata təklif edilən güllər rəngli, bir az da ləçəkləri tökülmüş çobanyastığı çiçəyidir. Qızılgüldən ibarət buket hazırlatdırmaq üçünsə, gərək çox səxavətli olasaınız. “Neftçilər” metrostansiyası yaxınlığında baş çəkdiyimiz gül salonunda kifayət qədər alıcı vardı. Ancaq onlar çarəsiz halda ciblərinə uyğun gül çələngini necə yığdıra biləcəklərini düşünürdülər.
 
Qiymətlərə gəlincə isə 5 ədəd qızılgül bağlaması 30 manat, 7 ədədi isə 40 manat idi.
 
Təbii ki, gülün sayı artdıqca qiymət də artırdı. Adi günlərdə qızılgülün bir ədədi 3-4 manata satıldığı halda indi bir ədəd qızılgül 6 manata satılırdı. Gülü buket bağlamaq, üzərinə müxtəlif aksessuar və ya rəngli lent bağlamaq da qiymətə təsir edir. 5 ədəd qızılgüldən ibarət aksessuarlı gözəl bir buket sizə 35-40 manat arası başa gələ bilər. Sadə çələng isə 30 manata satılırdı. Rəngli çobanyastığı bağlaması 20 manata satılır. “Vedi_sercvice” adlı gül salonunda 3 ədəd qızılgüldən ibarət sadə gül buketi 15 manata idi.
Satıcıların bəziləri gülün bahalaşma səbəbini tələbatın çox olması ilə əlaqələndirsə də, bəziləri güllərin xaricdən gətirildiyi üçün baha qiymətə satıldığını deyirdi. Tural Məmmədov adlı satıcı ildə bir neçə dəfə onların gül satmaq imkanları olduğunu deyirdi. Ona görə də qiymətlərin bahalaşması ilə əlaqədar onları kiminsə qınamağını istəmirdi: “İldə 2-3 bayram var ki, güllərə tələbat olur. Bizdə xarici ölkələrdəki kimi hər dəqiqə gül almırlar. Sabah da ilk dərs günüdür. Ona görə qiymətləri artırmışıq. Alanlar çoxdur. Kim qiymətdən narazıdır, almasın, məcbur vermirik”.
Valideynlərdə əlacsızlıqdan gül aldıqlarını deyirdilər. Aytəkin Əliyeva adlı valideyn bu il birinci sinfə gedəm qızı üçün onun müəlliməsinə gül almağa məcbur olduğunu dedi: “Hamı müəlliməsinə gül gətirəcək. Qızımın o biri uşaqlardan seçilməsini istəmirəm. Ona görə də qızım üçün 45 manata gözəl bir buket bağlatdım”.
Söhbətə qatılan Aynur Quliyeva adlı digər valideyn isə nisbətən ucuz çobanyastığı gülü aldığını dedi: “Mənim də oğlum bu il 1-ci sinfə gedir. Onun məktəbə bazarlığına pulu güc-bəla çatdıra bilmişəm. İndi də bu gül məsələsi qalıb. Mənim imkanım olmadığı üçün rəngli çobanyastığı aldım. Amma oğlum ağlayır ki, ona da qızılgül alım”.
Söhbətləşdiyimiz bir sıra müəllimlər isə sovetdən qalan bu ənənəni sevmədiyini deyir. Adının çəkilməsini istəməyən müəllimə “40 manatı gülə verməkdənsə, o pulu bizə versinlər, ehtiyacımız olanı alaq” deyir. 
 
Maraqlıdır, bir sıra satıcıların dediyi kimi güllərin bahalaşmasına bu güllərin xaricdən gətirilməsi də səbəb ola bilərmi, yoxsa bu sadəcə olaraq bir bəhanədir?
İqtisadçı ekspert Qadir İbrahimli bunun qiyməti artırmaq üçün bir bəhanə olduğunu dedi: “Qiymətlərin artması güllərin xarici ölkələrdən gətirilməsi ilə bağlı deyil. Sadəcə olaraq yeni təhsil ərəfəsində gülə olan tələbatın artması ilə bağlıdır. Yəni tələbat artdığından qiyməti də həmin tələbata uyğun olaraq avtomatik artırıblar. Sovet dövründə Azərbaycanda gülçülük biznesi kifayət qədər yüksək idi. Hətta Azərbaycan digər respublikalara gül ixrac edirdi. Xüsusən də Bakı kəndlərində bu biznes çox geniş inkişaf etmişdi. Çox təəssüf ki, sonrakı mərhələdə, yəni müstəqillik əldə etdikdən sonra bu biznes 90-cı il böhranında xeyli zəiflədi. Sonra isə tədricən aradan çıxdı. Ancaq buna baxmayaraq, indi də Bakı kəndlərində gülçülük biznesi ilə məşğul olan insanlar var. Onlar hələ ki, xarici ölkələrə bu gülləri ixrac etmək gücündə olmasalar da, yerli tələbatı ödəmək iqtidarındadırlar. Bu baxımdan hesab etmirəm ki, həmin güllər ölkəmizə xaricdən gətirilib. Bu sadəcə olaraq qiyməti bahalaşdırmaq üçün bir bəhanədir”.