Əməkdaşımız Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu binadan yazır - FOTOLAR

98 il əvvəl, 1918-ci ildə Cumhuriyyətimizin elan olunduğu binadayıq. Gürcüstanın paytaxtı Tiflisin mərkəzi küçəsində, Parlament binasının qonşuluğunda, Şota Rüstaveli 6 ünvanında hazırda Gənclər Mərkəzi adlanan bina vaxtilə Rus çarının Cənubi Qafqaz üzrə canişini qraf Voronsov-Daşkovun ixtiyarında olub.
1918-ci ildə Gürcüstanın müstəqilliyi də məhz bu binada, vaxtilə canişinin kabinetində elan olunub. Şüşəli zal adlanan həmin kabinetin qonşuluğunda isə Azərbaycan Xalq Cumhuriyyətinin elan olunduğu zal yerləşir.
Azərbaycanln müstəqliyi elan olunduğu gün – 28 may 2016-cı ildə bu zalda olub Azərbaycan dövlətinin yaranma tarixini bir daha vərəqlədik. 
  Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlib. 1918-ci il fevralın 14-də Tiflisdə toplaşan Qafqazın üç xalqının ziyalıları, ictimai-siyasi xadimləri hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradıblar. Həmin ilin mayın 25-də Gürcüstan Zaqafqaziya Seymindən çıxır və 1 gün sonra qonşu zalda öz istiqlaliyyətini elan edir. Bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gəlirlər. Azərbaycanın Milli Şurası elan olunur və Məhəmməd Əmin Rəsulzadə Şuraya sədr seçilir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqda bəyannaməni qəbul edir.
Həmin İstiqlaliyyət Bəyannaməsini də yazılış stilistikasını dəyişmədən təqdim edirik:
“Böyük Rusiya inqilabının cəryanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcub bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma
Xalq Cumhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cumhuriyyəti cuzindən çıxıb öz müstəqil Gürcü Xalq Cumhuriyyəti təsisini səlah gördü.
Rusiya ilə osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün  xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor.
Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:
1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cumhuriyyəti olaraq təqərrür ediyor.
 3. Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti-Həsənə təsisinə əzm edər.
 4. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi ğözləmədən  qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vatəniyyə təmin elər.
 5. Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə  millətlərə sərbəstanə inkişafları üçün ğeniş meydan buraxır.
 6.Məclisi-müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai-Milli və Şurai-Milliyə qarşı məsul höküməti-müvəqqəti durur.
1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür. Bu zaman Gəncədə real hakimiyyət Türkiyənin Qafqaz ordusu baş komandanı Nuru paşanın əlində olub. 1918-ci il iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədirliyi ilə Milli Şuranın növbəti  iclası keçirilir. İclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin Fətəli Xan Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqda iki mühüm qətnamə qəbul olunur. İclasda çıxış edən F.X.Xoyski bildirir ki onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır.
Paralel olaraq Azərbaycan hökuməti Gəncədə dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. Ən mühüm tədbirlərdən biri də 15 iyul 1918-ci ildə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqdakı qərarı olur. Paytaxt Bakıya köçürülənə qədər Azərbaycan hökuməti Gəncədə ölkənin ayrı-ayrı sahələrində bir sıra mühüm tədbirlər həyata keçirməyə nail olub.
Paytaxtın Gəncə olaraq seçilməsi təsadüfi olmayıb. Çünki həmin günlərdə Bakı şəhəri eser-menşevik və daşnak nümayəndələrindən ibarət “Sentrokaspi diktaturası”nın nəzarətində olub.
Azərbaycan hökuməti 1918-ci il iyulun axırlarından başlayaraq, Bakının təmizlənməsi üçün əməli işə keçir və qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də şəhər Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir.
1918-ci il noyabr ayının 29-da Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, Məhəmməd Əmin Rəsulzadənin imzası ilə Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” Müraciətnaməsi dərc edilir. Həmin il dekabrın 7-də Parlamentin ilk iclasının açılışı keçirilir. Parlamenti açan Azərbaycan dövlətinin banisi, qurucusu Məhəmməd Əmin Rəsulzadə böyük təbrik nitqi söyləyir. Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər.
Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan  Xalq Cümhuriyyətnin Parlamenti 145 iclas keçirib, fəaliyyət müddətində 270-dən yuxarı qanun layihəsi müzakirəyə çıxarılıb. 230-a yaxını təsdiq edilib.
Azərbaycan Xalq Cumhuriyyəti dünyada sərhədlərin yenidən müəyyən olunması dövrünə təsadüf etdiyindən və böyük dövlətlərin öz maraqları təmin etmək baxımından hərbi təcavüzlərə rəvac verdiyi ərəfədə yaranıb. Yeni yaranmış Azərbaycan dövlətinin ərazisi də müvafiq olaraq bu maraqların toqquşduğu əsas  məkan olub. Odur ki, 4 iyun 1918-ci ildə AXC rəhbərliyi xarici müdaxilədən sığortalanmaq üçün “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi”ni  imzalayıb. Bu müqavilə Azərbaycan Respublikasının xarici dövlətlərlə imzaladığı ilk rəsmi sənəd hesab olunur.
11 maddədən ibarət müqavilənin mühüm əhəmiyyətə malik 4-cü maddəsində “dinclik və asayişi möhkəmləndirmək ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür” müddəası öz əksini tapıb. Bu müqaviləyə əlavə olaraq, Bakı-Batum neft kəməri, Cənubi Qafqaz dəmir yolu haqda olan saziş və protokollar imzalandı. “Bakı-Batum neft kəməri” ilə bağlı sazişdə Gürcüstan, Türkiyə və Azərbaycan öz ərazilərində neft kəmərinin fəaliyyətinin təmin olunmasını razılaşdırırdılar. Dəmir yoluna dair imzalanmış
ikinci sazişdə Qafqaz və Osmanlı dövləti razılaşdırırdılar ki, keçmiş Rusiya mülkiyyətində olan dəmiryol nəqliyyat vasitələri tərəflər arasında bölüşdürüləcək.
14 iyun Batumda “Sülh və dostluq” müqaviləsinə əlavə olaraq iki saziş imzalandı. Birinci sazişdə 4 iyun müqaviləsinin Almaniya və Avstriya-Macarıstana da aid olduğu bildirilirdi və Azərbaycanın müstəqilliyinin müttəfiqlər tərəfindən tanınmasını Türkiyə öhdəlik kimi üzərinə götürürdü. Almaniya, Avstriya-Macarıstan, Türkiyə, Bolqarıstan və Qafqaz dövlətlərinin iştirakı ilə keçirilən İstanbul konfransında Azərbaycan hökumətini təmsil edən nümayəndələrə iştirakçı dövlətlərlə siyasi, iqtisadi və hərbi məsələlərlə bağlı müqavilələr imzalamaq səlahiyyəti verildi. 1919-cu ildə iyun ayında Azərbaycan-Gürcüstan arasında hərbi müdafiə paktı imzalandı. Pakt dövlətlərdən hər hansı birinin ərazi bütövlüyü və istiqlaliyyətinə təcavüz olardısa, digər tərəfin hərbi yardımını nəzərdə tuturdu və tərəflərin separat sülh bağlamamaq öhdəliyi burada öz əksini tapmışdı.
1920-ci ilin yanvarında Parisdə Ali Şuranın iclası Azərbaycanın müstəqilliyini bəyan edən memorandum hazırladı. Xəzər dənizinin müdafiəsi, Azərbaycana maliyyə, hərbi və ərzaq yardımı göndərilməsi məsələləri öz əksini tapdı. Azərbaycan nümayəndə heyəti qarşısına qoyduğu  məsələləri və əsasən müstəqilliyin tanınması məsələsini həll etmiş oldu. Mart ayında Azərbaycan-İran arasında imzalanan müqavilə müstəqilliyimizin de-yure tanınmasını bəyan etdi. Aprel ayında San-Remo konfransında Azərbaycanı maraqlandıran neft, Batum məsələsi, rus məsələsi, Türkiyə-Ermənistan sərhədləri müzakirə olundu. 1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan azərbaycan yalnız 23 ay müstəqil ola bildi.