​"Əməkdar"lığı doğrulda bilməyən Kazım Abdullayev — RUBRİKA

 
Ölkə.Az tanınmış sənət adamlarıyla bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə "hədəf"imiz Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Kazım Abdullayevdir.
 
Qısaca deyək ki, K.Abdullayev 1953-cü ildə anadan olub, 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1976-ci ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunub və iyirmi il orada çalışıb.
 
1996-2004-cü illər aralığında isə Bakı Bələdiyyə Teatrının aktyoru olub.
 
2005-ci ildən isə "Azdrama"nın aktyorudur.
 
Teatrdakı onlarla obrazlarla yanaşı, bir neçə filmə də çəkilib.
 
2002-ci ildə K.Abdullayev Əməkdar Artist fəxri adına layiq görülüb. Məhz bu ili yadınızda saxlayın, sonda deyəcəklərim olacaq.
 
Şübhəsizdir ki, bu yazı da Anar Heybətov, Rövşən Kərimduxt və Rada Nəsibova haqda olan yazılar kimi "Azdrama"da sakit qarşılanmayacaq. Kimlərsə sifarişli, xahişli yazı olduğunu düşünəcəklər. Təbii ki, sifarişlə, əmrlə, göstərişlə hərəkət edənlər yalnız belə düşünə bilirlər.
 
İş burasındadır ki, yazımın hədəfi olan K.Abdullayev xaraktercə nə sifariş, göstəriş verməyi, nə də qəbul etməyi xoşlayan insan deyil. Bunu isə cəmi bir neçə dəfə olan ünsiyyətimizdə hiss etmişəm.
 
Fikir verirsinizsə, K.Abdullayev fəxri adı 2002-ci ildə alıb. Bu, isə Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında işlədiyi dönəmə təsadüf edir. O dönəmə ki, həmin vaxt Amaliya Pənahovanın təqdim etdiyi siyahıya əsasən bu teatrın xeyli sayda aktyoru fəxri ada layiq görülmüşdü.
 
Bu arada bir haşiyə çıxmaq yerinə düşər ki, Amaliya Pənahova Azərbaycanda teatrının aktyorunun az-çox qayğısına qalmağı bacaran nadir teatr rəhbərlərindəndir.
 
İlk baxışdan bəlkə də kimlərsə razılaşmaya bilər. Amma çox adi bir misalla bütün şübhələrə aydınlıq gətirmək mümkündür. K.Abdullayev iyirmi il Sumqayıt teatrında işləyib və oradan ayrılanda 43 yaşı var idi. Ancaq nədənsə 43 yaşlı aktyorun adını fəxri ad siyahısına daxil etmək teatr rəhbərliyinin ağlına gəlməmişdi.
 
2002-ci ildə isə Abdullayev 50 yaşının astanasında məhz bu adı aldı.
 
2005-ci ildən isə "Azdrama" üçün tər tökür. Amma... 2005-ci ildən bu tərəfə "Azdrama"da fəxri ad alanların siyahısına diqqət edin. Etdinizmi? İndi isə Kazım Abdullayevin sənətkarlığını göz önünə gətirin.
 
Əgər belədirsə, bəs niyə indi aktyorların ideal direktor hesab etdiyi nə Maqbet Bünyadovun, nə də İsrafil İsrafilovun yadına düşməyib ki, bu aktyorun əməyini, istedadını qiymətləndirsin? İnanmıram ki, Abdullayevin adı fəxri ad siyahısında olub və geri qaytarılıb. Heç inandırıcı deyil.
 
Amma əvəzində görün nə qədər uşaq-muşağa (Kazım Abdullayevin sənətiylə müqayisədə onları başqa cür adlandırmaq olmur) əməkdar artist fəxri adı verilib. Onların birinin yerinə Kazım Abdullayevin adını yazmaq olmazdımı?
 
Axı bu adam xalq artisti olmağı haqq edir. Axı bu adamın təkcə dublyajdakı işləri bir çox xalq artistlərinin həyat və yaradıcılıqlarından daha üstündür. Deyilmi?
 
Doğrudanmı Kazım Abdullayev aktyor kimi Səməd Səmədovun müğənni adıyla gördüyü işlərdən daha az işlər görüb?
 
Axı nazir müavini Ədalət Vəliyev aktyorların dediyi kimi, teatrı bilən adamdır. Hətta Mədəniyyət və Turizm Nazirliyində teatra bələd olan yeganə rəhbər şəxsdir. Bəs nə əcəb onun yadına düşməyib Kazım Abdullayev? Bax, bu suala cavab vermək elə də asan deyil. Çünki...
 
Doğrudanmı Abdullayev bu 14 ildə "əməkdar"lığı doğruldub xalq artisti olmağa layiq olmadı?