MİT Baş Qərargah rəisinə çevriliş haqda məlumat veribmiş - Sensasion fakt

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama ilə çıxış edib.
 
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, açıqlamada 15 iyul axşam saatlarında Türkiyə Silahlı Qüvvələrinin daxilində gizlənən qanunsuz şəbəkə mənsublarının və terrorçu xainlərin çevriliş cəhdlərinin qarşısının 17 iyul, saat 16:00-da tam alındığı ifadə edilib.
 
Eyni zamanda Türk Silahlı Qüvvələrinin birlik və hissələrində mütləq nəzarətin ələ alındığı, nizamın saxlandığı ifadə olunub.
 
Baş Qərargah açıqlamada qeyd edib ki, dövlət çevriliş cəhdi Türk Silahlı Qüvvələrinin daxilindəki şəbəkə tərəfindən edilsə də, bunun TSK sıralarında xidmət keçən, Vətənini, millətini, bayrağını sevən əsgər və zabit heyəti ilə heç bir əlaqəsi yoxdur.
 
Açıqlamada Türkiyənin xüsusi xidmət orqanlarının, habelə Baş Qərargahın ordudakı şəbəkənin çevrilişə cəhd etməsi haqda informasiyaya malik olduğu ortaya çıxır.
 
Belə ki, 15 iyul saat 16:00-da Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən Baş Qərargah generallarına çevriliş cəhdi haqqında məlumat verilib.
 
Açıqlamada bildirilir ki, Milli Kəşfiyyat Təşkilatının məlum informasiyasından sonra Baş Qərargahın rəhbəri general Hulusi Akar, Quru Qoşunları komandanı general Saleh Agilli, Baş Qərargahın generalı Yaşar Gülərin iştirakı ilə müzakirə edilib və qiymətləndirilib.
 
Bu qiymətləndirmənin nəticəsi olaraq Baş Qərargah səviyyəsində bir sıra tədbirlər görülüb.
 
İlk olaraq Silahlı Qüvvələr Hərəkat Mərkəzi komandiri general-leytenant İlhan Kırtıl axtarılıb, Türkiyə hava sahəsində ikinci bir əmrə qədər heç bir hərbi hərbi təyyarə və vertolyotun havaya qalxmasına, havada olanların dərhal yerlərinə dönməsi göstərişi verilib.
 
Həmçinin Quru Qoşunlarının Aviasiya Komandanlığına gedilərək oradakı personala hava vasitələrinin uçmaması üçün lazım olan hər cür tədbirin alınması haqda göstəriş verilib.
 
Bundan başqa, Etimesqutdakı zirehli birliklər məktəbi və Təhsil Divizya Komandanlığına gedilərək tank və zirehli vasitələr başda olmaqla bütün hərəkatların dayandırılması və heç bir şəkildə zirehli texnikanın şəhərə çıxarılmaması üçün lazımı əmrlər verilib.
 
Baş Qərargah rəhbərliyi tərəfindən Hava Qüvvələri Komandanlığının Hərəkat Mərkəzi ilə təmas qurulub və Türk Hava Qüvvələrinin aid bütün vasitələrin uçuşlarının dayandırılması təlimatı verilib.
 
Beləcə, alınan məlumat istiqamətində bu cəhdlərin qarşısını almaq məqsədilə lazımı xəbərdarlıqlar və əmrlər verilib.  Lakin xəyanətkarlar bu əmrlərə tabe olmayıblar, hazırladıqları qanunsuz müraciətin Baş Qərargah rəisi tərəfindən imzalanmasını və oxunmasına nail olmaq üçün ona təhdid və təzyiqlər göstərilib. Lakin qərargah rəisi bu təklifləri rədd edib.