​Mirzə Xəzər: Hillari Klinton uduzdu, Bakıda matəmdir

 
 
Hakimiyyətin dərdi var, hakimiyyət yasdadı. Tramp seçiləndən sonra Azərbaycanda hakimiyyətin ən yuxarı mərtəbələrində matəm ab-havası hakimdir. Əliyev hakimiyyəti qaş düzəltmək istəyib, vurub gözünü çıxardıb. Niyə? İzah edək.
ABŞ-da Azərbaycan hakimiyyətinə lobbiçilik edən “Podesta Group” lobbiçilik şirkətlərinin rəhbəri Tony Podestadır. Toninin qardaşı John David Podesta, Hillari Klintonun prezident seçkiləri kampaniyasının sədridir. Ziya Məmmədovun vurulması və Anar Məmmədova məxsus TRUMP TOWER hotelinin tikintisinin dayandırılması Əliyev rejimi ilə John David Podesta arasında əməkdaşlığın nə qədər ciddi olduğunu göstərir. Çünki, Trampın adı ilə bağlı TRUMP TOWER hotelinin tikintisini dayandırmaqla Azərbaycan dolayısı ilə prezidentliyə namizəd Donald Trampa arxadan şapalaq vurduğunu bilirdi. Səriştəsiz və bəsirətsiz siyasətdir. Azərbaycan hökumətini başa düşmək olar. Onlar Podesta vasitəsilə demokratların kampaniyasına töhvə verməklə Hillari Klintonun seçilməsinə nail olmaq istədilər. Və Hillaridən istifadə edib Bakı Sarayı ilə Ağ Ev arasında mehriban dostluq münasibətlərinə yol açmaq niyyətində idilər. Amma türkün sözü olmasın, “evdəki hesab çarşıya uymaz”. Hillari uduzdu, Tram uddu. Bu uğursuz əməliyyata xərclənən milyonların dəqiq sayı məlum deyil, amma aydındır ki, hamısını yeyib üstündən su içiblər. Batdı, Məşədi İbadın pulları kimi…
Trampın bu hadisələrdən xəbəri olacaqmı? Əlbəttə olacaq. David Podesta ilə Hillari Klinton arasında bütün elektron yazışmalar Federal Tədqiqat İdarəsinin əlindədir…
Bakı yasdadır, Bakı gərgindir və Donald Tramp ilə münasibətlər aydınlaşana kimi Azərbaycan ilə ABŞ arasında münasibətlərdə qeyri-müyyənlik hökm sürəcək.