Mirzə Cəlil nədən qızını quyuya atmaq istəmişdi... - Araşdırma

Baxış sayı: 
127
0  
0  

 
“Tozlu xatirələr” layihəsində
 
Sənət dünyamızın bizi heyrətə salan, öz işıqlı əsərləri ilə qəlbimizi isidən klassiklərimizin bir də qaranlıq nöqtələri var. Bu nöqtələr bəzən memuarlara, xatirələrə də düşür. Amma zamanla da unudulur, biz klassiklərimiz haqqında miflər yaratmağa başlayırıq. Halbuki onlar insan idilər və yalnız ədəbiyyatdan, kağızdan, səhifədən ibarət deyildilər. Onların hər biri öz dramlarını sona qədər yaşamışdılar. Bu layihədə Azərbaycan klassiklərini, yazıçıların, şairlərin, aktyorların, bir sözlə adları, əsərləri ilə ölümsüzlük qazanmış şəxsiyyətlərin gizlində qalmış xatirələrinə işıq salacağıq. Onları daha çox tanımaq, daha çox sevmək, daha çox xatırlamaq və xatırlatmaq üçün...
 
“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər””.
 
Bu sözlərin müəllifi bütün həyatını, yaradıcılığını Azərbaycan xalqının səadəti və xoş gələcəyi naminə sərf etmiş böyük inqilabçı-demokrat, məşhur mühərrir (redaktor-red.), ədib və dramaturq Cəlil Məmmədquluzadədir.
 
Böyük ədibin yaradıcılıq salnaməsi, yazdığı əsərlər, “Molla Nəsrəddin” jurnalının çapı uğrunda göstərdiyi böyük fədakarlıq bizi daim heyrətə salmış və ondan sonra gələn ziyalılar üçün məşələ dönmüş bir ömür əsl mayak rolunu oynayaraq yolumuza işıq salmışdır.
 
Bəs biz böyük ədibimizi bir insan, bir ər, bir qardaş, bir ata kimi nə qədər dərindən tanıyırıq? Axı insan ədəbiyyat dərsliklərindəki kimi yalnız yazdığı əsərlərdən ibarət deyil. Bu mənada Cəlil Məmmədquluzadənin təlatümlü həyatını yazmağa ehtiyac var.
 
Mirzənin yeganə bacısı Səkinə Mirzənin üçüncü və sonuncu həyat yoldaşı Həmidə xanıma belə demişdi: ”Qardaşım Cəlilin bütün evliliklərdə bəxti gətirib. Onun birinci və ikinci arvadları onu qəlbən sevirdilər. Ancaq qardaşım heç vaxt öz xoşbəxtliyinin qədrini bilməyib, bu qadınları da bədbəxt edib”.
 
Böyük yazıçımızın fırtınalı ailə tragediyasını yəqin ki, bu qədər dəqiq ifadə etmək olmazdı.
 
Mirzə Cəlil Azərbaycan nəsrinin qeydsiz-şərtsiz ən monumental əsəri “Danabaş kəndinin əhvalatlarını” yazıb qurtaranda subay idi. Bir il sonra evləndi. O dövrdə Nehrəm kəndinin məktəb müdiri olan Mirzə Cəlilin ilk arvadı Həlimə adlı kənd qızı olur. Sənədlərdə Həlimənin gözlərinin və ümumiyyətlə, səhhətinin zəif olduğu deyilir. Təəssüf ki, Həlimənin fotosu qalmayıb.
 
Həlimədən yadigar qalan bir qız oldu: Münəvvər. Gəlin, Münəvvərlə bağlı o dəhşətli xatirəni, Mirzə Cəlilin dilindən oxuyaq:
 
“Qızım Münəvvərin bir yaşı olardı, hələ Naxçıvanda yaşayırdım. O gün bərk ağladı, mən çox ciddi bir işlə məşğul idim. Körpənin anası isə xəstə idi, yerdə yatırdı, uşağa baxan yox idi. Mən işimi buraxıb uşağı götürdüm, dayəlik eləməyə başladım. Neyləsəm də, ağlamaqdan çatlayan çağanı kiridə bilmirdim. Axırda o qədər bezdim və əsəbləşdim ki, uşağı canımı qurtarmaq üçün həyətdəki quyuya tullamağa getdim. Yolda ya fikrimi dəyişdim, ya da kimsə getməyə qoymadı, orası yadımda deyil”.
 
Dəqiq qeyd olmasa da, çox güman ki, Həlimə Münəvvər anadan olan il vəfat etmişdi. Beləcə, Mirzə Cəlilin ilk evliliyi faciəvi alınmışdı. Əsəbləri çox gərginləşmişdi. Üstəlik məktəbin işləri də onu sıxırdı.
 
1897-ci ildə Mirzə Cəlil məktəb müdirliyindən istefa verdi. Qızını Naxçıvana, nənə və babasının yanına qoyub İrəvana getdi. Orda Mirzə Cəlil Məmmədhəsən əminin dərdini naçalnikə başa sala bilməyən obrazının yerinə keçir, divanxanada tərcüməçi işləyir. Lakin Mirzə Cəlil bir müddət sonra divanxana tərcüməçiliyindən də bezib vəkillik imtahanı vermək üçün hazırlaşmağa başlayır. O, yaxın dostu Məmmədqulu bəy Kəngərlinin kitabxanasına qapanır. İkinci həyat yoldaşı ilə o elə burda tanış olur. Mirzə Cəlil bu görüşü illər sonra Həmidə xanımla söhbətində belə xatırlamışdı:
 
“Bir kərə otaqda oturmuşdum, kitab oxuyurdum. Qəflətən qapı açıldı, gənc və gözəl bir qadın otağa girdi. Mən özümü itirdim, o isə heç diksinmədi, adətən müsəlman arvadları belə hallarda özlərini itirdikləri halda o, sakitcə mənə baxdı, qürur və təkəbbürlə otaqdan keçib o biri qapıdan çıxdı. Onun görünüşü mənə yuxu kimi gəlirdi. Duruşu beynimdə həmişəlik əks saldı”.
 
Sərbəstliyi ilə Mirzə Cəlili heyran qoyan bu qadın Məmmədqulu bəy Kəngərlinin dul bacısı Nazlı xanım (Zeynəb ağa) idi. Nazlı xanımın ilk nikahından Heydər adlı 10 yaşlı oğlu vardı. Tanışlıqdan iki il sonra eyni gündə həm Kəngərlilərdə, həm də Məmmədquluzadələrin ailəsində iki toy çalınır. Məmmədqulu bəy Mirzə Cəlilin bacısı Səkinəni, Mirzə Cəlil isə Məmmədqulu bəyin bacısı Nazlı xanımı alır. Onların dostluqlarını bu nikahlarla möhkəmləndirmək istəyi heç də yaxşı nəticə vermir. Çünki bir az sonra Məmmədqulu bəy Səkinəni ata evinə göndərir. Bir il sonra isə onlar boşanırlar.
 
Arvadı Nazlı xanım onu dəlicəsinə sevirdi. Mirzə Cəlil vaxtının çoxunu öz işlərinə sərf edir, arvadı onu qısqanır, aylarla danışdırmır, evdən kənara çıxmır, xəstələnir, əsəbiləşirdi. Nəticədə vaxtından qabaq uşaq doğub əsəb xəstəliyinə tutuldu. Mirzə Cəlil qaynı Məmmədqulu bəylə Nazlını Tiflisə müalicəyə apardı.
 
Tiflisdə Məmmədqulu bəy onu Məhəmməd ağa Şaxtaxtinski ilə tanış etdi. “Şərqi rus” qəzetinin redaktoru olan Şaxtaxtinski Mirzənin “Poçt qutusu” hekayəsini oxuyub heyran qaldı və yazıçını öz qəzetinə işə dəvət etdi. Mirzə Cəlilin uğurlu Tiflis karyerası belə başlayır.
 
Lakin... Nazlı xanım Tiflisdə ruhi xəstəxanada vəfat edir. Mirzə Cəlil üç il ərzində hər gün onun qəbrinin üstünə gül qoyur. Bir müddət sonra Məmmədqulu bəy də qan düşməni tərəfindən öldürülür. Dostunu, həyat yoldaşını itirən Mirzə Cəlil ağrılarını “Molla Nəsrəddin” jurnalını təsis edib çapına başlamaqla ovudur. Elə bu jurnalda çap edilmiş “Erməni və müsəlman övrətləri” məqaləsi onu Həmidə xanımın diqqət orbitinə salır. Mirzə Cəlil həmin məqalədə belə yazırdı:
 
“Müsəlman içində tapılan fahişə övrətlər dörd divarın içində, çadirşəb altında böyüyüblər. Amma müsəlman övrətlərindən çoxları da var ki, tərbiyə tapıb, üzüaçıq gəzirlər; allah eləsin ki, mənim bacım və övrətim həmin övrətlər kimi həyalı və vəfalı, saf və səlamət olsunlar”.
 
Həmidə xanım 29 yaşında biri oğlan (Müzəffər), digəri qız (Mina) olan iki uşaqla dul qalmışdı. Bu da azmış kimi yeganə qardaşı özünü qatarın altına ataraq intihar etmişdi. Həyat ona çox məşəqqət çəkdirmişdi və tale bu iki məşəqqətli insanı, 34 yaşlı Həmidə ilə 41 yaşlı Cəlili bir-birinə əbədi bağlayacaqdı. Onlar düz 25 il, yəni Mirzənin son anına qədər evli qalacaqdılar.
 
Mirzə Cəlilin Həmidə xanıma onun qulluqçusu ilə xəyanəti barədə çoxlu söz-söhbətlər gəlir. Lakin bununla bağlı heç bir mənbə yoxdur. Əlbəttə, bunu anlamaq da çətin deyil, Mirzə Cəlilə daim sonsuz məhəbbətlə bağlı qalan Həmidə xanım yəqin ki, belə bir əhvalat baş versəydi belə, onu öz xatirələrinə salmazdı. Onun xatirələrində incə bir işarə var.
 
Həmidə xanımın bir qulluqçusu varmış, bir gün Mirzə Cəlil qulluqçuya deyib ki, gedək sənin dişini Bakıda düzəltdirim. Qız da qayıdıb ki, qorxuram, Bakıda mənim dişimi yox, işimi düzəldəsən...
 
Bu əhvalat Şuşada baş verib. Əlbəttə, burda heç bir xəyanətdən söhbət getmir. Amma Mirzənin xarakterinin bir ştrixi ola bilsin ki, zarafat kontektsinə salınaraq xatirə səhifələrində əbədiləşdirilib.
 
Fələyin Həmidə xanıma çəkdirdiyi əzablar isə heç bitmədi, tükənmədi. İlk nikahından olan qızı Mina da intihar etdi. Mirzə Cəlilin ölümündən 6 ay sonra oğlu Mithət dünyasını dəyişdi. Digər oğlu Ənvər isə II Dünya Müharibəsində sovet ordusunun tərkibində həkim kimi getdiyi İranda qaldı, geri qayıtmadı.
 
Mirzənin yeganə qızı Münəvvərin də həyatı rəvan keçmədi. Münəvvər isə ilk dəfə Tiflisdə İran konsulluğunun əməkdaşı ilə evləndi. Mirzə Cəlil toya da gəlmədi, tezliklə boşandılar. Sonra Münəvvər Həmidə xanımın birinci ərindən olan oğlu Müzəffərlə evləndi. Mirzə Cəlil bu evliliyə də qarşı idi. Müzəffərdən də boşanan Münəvvər 1965-ci ildə vəfat etdi. Münəvvər heç zaman ana ola bilmədi.
 
Mirzə Cəlilin bacısı Səkinə isə 32 yaşında vərəmdən öldü.
 
Mirzə Cəlilin ailə dramları və faciələri ilə dolu həyatı bundan ibarətdir.
 
Qan Turalı
 

Загрузка...
Загрузка...