Mirşahin üzr istədi: "İlham Əliyevdən çoxsaylı kollektivimiz adından xahiş edirik ki..."

 
 
Mirşahin üzr istədi: "İlham Əliyevdən çoxsaylı kollektivimiz adından xahiş edirik ki..."ANS ÇM radiosunun lisenziyası ləğv olunduVahid Mustafayev və Mirşahin Ağayev prokurorluqda dindirildi
Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənlə müsahibəyə görə yayımı dayandırılan "ANS" Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və "ANS" Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayevin Baş Prokurorluğun Ağır Cinayətlərə dair İdarəsində ifadə vermələri üçün saxlanılıblar. Onlar idarədə izahat verdikdən sonra sərbəst buraxılıblar.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziyanın server və texniki otaqları möhürlənib. Telekanalın əməkdaşları televiziya binasına buraxılmır. Binada polis postu qoyulub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən xalqla görüşündə ölkədə baş verən hərbi çevriliş cəhdindən və medianın bu olaylara münasibətindən söz açıb. "Çətin anda ölkə mediasının birlik və bərabərlik göstərdiyini deyən Ərdoğan beynəlxalq mediadan narazılıq edib. O bildirib ki, Türkiyədə çevrilişə cəhd və baş verən həbslərdən sonra beynəlxalq media nümayəndələri Pensilvaniyada bütün bunların arxasında dayanan şəxsdən müsahibə alıblar. Prezident beynəlxalq mediaya müraciət edərək "Ey media! ABŞ-da "Əkiz Qüllələr" partladılanda beynəlxalq media gedib Usama Ben Ladendən müsahibə alsaydı, buna necə münasibət göstərərdiniz? İndi isə, Türkiyədə çevriliş etməyə çalışan şəxsdən müsahibə alınır. Siz buna necə baxırsınız?"- deyib.
Prezidentin çıxışının ardınca isə Türkiyədə də bir sıra radio və televiziyaların yayım hüququ ləğv edilib. Türkiyə Radio və Televiziya Üst Qurumu tərəfindən (RTÜK) ölkədə hərbi çevrilişə cəhddən sonra bir sıra kanal və radionun yayım hüququna dair məsələyə baxılıb. Dövlət çevrilişinə cəhd göstərməkdə ittiham olunan Fətullahçı Terror Təşkilatı ilə (FETÖ) əlaqəsi olan və bu olaylara dəstək göstərən bütün radio və televiziya qurumlarının bütün yayım hüquq və lisenziyaları yekdilliklə ləğv edilib. RTÜK bağlanan telekanalların adlarını açıqlayıb:
"STV, Samanyolu Haber, Samanyolu Haber Radyo, Can Erzincan TV, Kanal 124, Yumurcak TV, Hira TV, MC TV, Dünya TV, Kanal Türk, Bugün TV, Mehtap TV, Berfin FM, Kanal Türk Radyo, Burç FM, Samanyolu Haber Radyosu, Radyo Mehtap, Haber Radyo Ege, Dünya Radyo, Radyo Küre, Merkür TV, Esra Radyo, Tuna Shoping TV, Samanyolu Haber Radyo Anadolu."
ANS TV bir aylıq bağlandı
18 iyul 2016-cı il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib və "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı bir ay müddətinə dayandırılıb.
"Azərbaycan prezidenti İlham Əliyev son günlər Türkiyədə baş vermiş hadisələri birmənalı şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə dövlətçiliyinə, türk xalqına, onun iradəsi və seçiminə qarşı törədilən dəhşətli cinayət kimi qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib və bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib.
Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirərək hakimiyyət çevrilişi cəhdini pisləyib, bunun yolverilməz olduğunu, Türkiyə dövlətçiliyinin əsaslarının sarsıdılmasına yönəldiyini bildiriblər. Təəssüf ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib.
Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin "hakimiyyət tərəfindən təşkil edilən şou" olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.
Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər.
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.
 
Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Baş Prokurorluğun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir) ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilmişdir" - deyə MTRŞ-nin məlumatında bildirilir.
İclasda həmçinin ANS ÇM-ə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib ki, buna səbəb kimi ANS ÇM radiosunun yayımı zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları göstərilib: "Qanunda da göstərilib ki, əgər 3 dəfə məsuliyyət tədbiri tətbiq olunursa, Şura onun yayımını dayandıra bilər".
MTRŞ sədri qeyd edib ki, "ANS Müstəqil Yayım və Media" Şirkətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəməyə müraciət olunacaq.
Mirşahin üzr istədi: "İlham Əliyevdən çoxsaylı kollektivimiz adından xahiş edirik ki..."
"Fətullah Gülən ANS-in əməkdaşına əlahiddə bir müsahibə verməyib. Bu bir mətbuat konfransı olub ki, ANS-in əməkdaşı da digər jurnalistlərlə birlikdə burada iştirak edib. Lakin müsahibə ilə tanış olan şirkət rəhbərliyi bu mətbuat konfransına baxandan sonra və qardaş Türkiyədəki son olayları nəzərə alaraq onu efirə verməməyi qərara alıb".
Bunu Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin müvəqqəti bağlanması haqqında çıxardığı qərarla bağlı şirkətin baş direktoru Mirşahin Ağayev APA-ya açıqlamasında deyib. "Həmişə azad mətbuata dəstək olan prezidentimiz İlham Əliyevdən çoxsaylı kollektivimiz adından xahiş edirik ki, 22 iyul Mətbuat Günü ərəfəsində fəaliyyətimizi bərpa etməklə yüzlərlə əməkdaşımızı və milyonlarla tamaşaçımızı sevindirsin"
M. Ağayev qətiyyətlə bildirib ki, anonslar, ümumiyyətlə, olmayıb və təbii ki, belə olan halda olmayan anonsların efirə getməsindən də söhbət gedə bilməz: "Elə MTRŞ-nin monitorinq xidməti bunu asanlıqla təsdiq edə bilər. Fətullah Gülən sadəcə mətbuat konfransı keçirib və burada iştirak etmiş xarici kütləvi informasiya vasitələri həmin tədbirdən reportaj hazırlayıb, öz internet səhifələrində fotoşəkillər yerləşdiriblər. Bu şəkillərdə ANS-in müxbiri Qənirə Ataşova da var. Azərbaycanın müəyyən saytları isə həmin şəkli öz səhifəsinə qoyub və Gülənlə müsahibənin də ANS-də gedəcəyini anons ediblər. Tam məsuliyyətlə bildiririk: ANS-də Fətullah Gülənin müsahibəsinin anonsu getməyib. Tam əminliklə demək istəyirəm ki, bu saytlara ANS-dən belə bir məlumatı heç kim verməyib".
M.Ağayev bildirib ki, baş verənlərdə ANS-in də səhvi olub: "Bizim əməkdaşımızın Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi belə həssas məqamda ciddi ehtiyatsızlıq idi və mən etiraf edirəm ki, bu addımın Azərbaycan və Türkiyə arasında belə böyük narahatlıq yaradacağını güman etməzdim. Bu ciddi xətadır və mən buna görə ANS rəhbərliyi adından Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm. Məncə, bizim ən böyük səhvimiz - Türkiyə pasportuna malik jurnalistlərin mətbuat konfransından kənarlaşdırılması zamanı onlarla həmrəylik nümayiş etdirərək tədbiri tərk etməməyimizdir. Bizi xüsusi təəssüfləndirən məqam həm də budur ki, Türkiyədə hərbi qiyam başlanan ilk saatdan ANS-in əməkdaşları fasiləsiz xəbər rejimində çalışmış, Azərbaycan tamaşaçısını hadisə rayonundan ən qaynar xəbərlərlə təmin etmişdi. Qardaş Türkiyədəki təmsilçimiz dəfələrlə hərbçilərin təzyiqi və təhdidləri ilə üzləşmiş, qiyamçıların atəşi altında çalışmışdı. Əməkdaşlarımız ən çətin anlarda belə Türkiyə və Azərbaycan dostluğunu əsas tutmuşdular.
Türkiyənin Azərbaycandakı səfirliyi bu fəaliyyətimizə görə bizə təşəkkür etmişdi. Sonda belə alınmasını heç arzulamazdıq. Təəssüf... Bu gün biz həm də ANS-in milyonlarla tamaşaçısından üzr istəyirik. Ona görə ki, ANS-in bağlanmasına gətirib çıxaran addım atmış, onları nigaran və müvəqqəti də olsa ANS-siz qoymuşuq. Biz məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına ətraflı izahat, lazımi sübut və dəlillər təqdim etmişik və inanırıq ki, tezliklə ədalətli qərar çıxarılacaq, ANS bundan sonrakı fəaliyyətində daha diqqətli və ehtiyatlı olacaq. Eyni zamanda həmişə azad mətbuata dəstək olan prezidentimiz İlham Əliyevdən isə çoxsaylı kollektivimiz adından xahiş edirik ki, 22 iyul Mətbuat Günü ərəfəsində fəaliyyətimizi bərpa etməklə yüzlərlə əməkdaşımızı və milyonlarla tamaşaçımızı sevindirsin".