Millət – Mənsur şeir. Nurəddin İsmayıl

Baxış sayı: 
148

Çılın-çırpaq, ac-yalavac, oyurmur qarnını bir günlük qazanc. Cibi boş, başı dərdli, Avropa qibtəli, Afrika ilə həmdərdli. Səfil-sərgərdan, üzgün, yarı qaçqın, yarı öz yurdundan didərgin. Yox kimsənəsi ruhunu oxşamağa, zorlanıbdır üzüntülü ömür yaşamağa. Məhkum olan daş üzlü həyat zindanına, əl qoyulan, imanına, vicdanına. Yatıb gün-günorta duran millət, diriykən öz qəbrini qazan millət.
 
 
 
Səsi əlindən alınan, milli ruhu dar qəfəsə  salınan, hər gün insan olmağın əzabını yaşayan, çiynində namus adlı vətən torpağının ağır itkisini daşıyan. Başı dəyənəkli-zopalı, özü susqun, hakimiyyəti hərb-zorbalı. Azadlığa olan həsrət, haradadır öz qövmünə bu qədər nifrət. Ədalətə boylana-boylana qalan millət, rüşvətxor məmurundan hər gün qapazını alan millət.
 
 
 
Üç milyonu vətən həsrətli mühacirətdə, altı milyonu vətən içində zillətdə. Nəcabətli xalq ikən zəlil, xar olan, şərəfli keçmişi unudulan. Siyasəti addım-addım marginallaşan, millilikdən uzaqlaşıb özü özünə yadlaşan. Bayrağı cümhuriyyət ucalığı, yönətimi bolşevizmin kor zehniyyət qalığı. Sərvəti başına bəla, halı müsibəti-Kərbəla. Sinə döyüb şeytanı lənətə səsləyən millət, öz içində şümir-yezid bəsləyən millət.
 
 
 
Yolları bağlanan aydın sabaha, məzar yerləri  olubdur insanından baha. Əl qoyulan mülkünə-malına, ağır vergilər yüklənir donqarı çıxan dalına. Haqqın qapısı üzünə bağlanan, gör, nə qədər insan var - sinəsi dağlanan. Bitmir zülm, bitmir can üzən istismar, sərvəti yağmalanıb, edilən tar-mar. Dünəninə laqeyd, bu gününə biganə, demokrasini sevməyən bizik yeganə.  Bürokrat qapısında süründürüb gəzdirilən millət, qalxan başları polis dəyənəyi ilə əzdirilən millət.
 
 
 
Adamı adam yerinə qoyulmayan,  görən göz qaldımı bu məmləkətdə oyulmayan. Tas qurulan qara baxtına, kəmfürsətlər oturdulan hakimiyyət taxtına. Cənnətməkan içində yaşayır cəhənnəm əzabı, nə vaxt sorulacaq bu zülmün hesabı. Dədə yurdlarında bayquş ulayan, siyasiləri məmləkətini çirkaba bulayan. Günü göyərdilib göy əskiyə bükülən, Qarabağ adlı qədim yurdu qarış-qarış sökülən, Dərdi unutdurulub,  dəli kimi dərdinə çırtma vuran millət,  “sazım dınqır” deyib, öz vayına toy-büsat quran millət.
 
 
 
Qazlayıb nefti, qazı alınan, türkü çalan sazı alınan. Oynadılan yad havasına, taleyi bağlanan rusbaşlılar qafasına. Dərdi içində qovrulan, zəmisi talan edilib, samanı göyə sovrulan. Zəngin ölkənin miskin dilənçisi, baxıb halına gülür Avropnın bəxtəvər zəncisi. Rəyasəti ağalıq həvəsində, istismar bitmir bu yurdda bəndənin son nəfəsində. Bir az küskün, bir az təmbəl millət, edən bir zümrəni öz başına əngəl millət.
 
Hiylə-kələk toru qurdurulub hər addımda aldanan, boynuna əsarət zənciri bağlanan. Nazirləri kürsülərdə cil atıb cillənən, torpağına, sərvətinə yad nəzərlər zillənən. Haqqını haqsıza qapdıran, yahu kimdir bu milləti haq yolundan sapdıran.
 
Nə güneyini rahat buraxır məzhəbçi mollakratlar, nə qüzeyinə dinclik verir zehniyyətçi partokratlar. O tayı azadlığa hamilə, bu tayı müstəqilliyinə edilən həmlə. Ölsün gərək haqq-hüququnu bilməyən millət, elindən-obasından istismarın kökünü kəsməyən millət.
 
Sən ölmədin dirisən, haqsızlığa üsyan edən millətlərin boy sırasında birisən. Qayıt özünə, özündən gəl, dədələrin, “Tanrı türkü kölə yaratmadı” sözündən gəl. Baş əymə sən taleyin kor qismətinə, təcavüz var, sahib dur namusuna, ismətinə. Qaranlıqları yar, aydınlıqlara var, hər zülmət gecənin aydın sabahı var. Haqqa yol tut, yürü haqqa sarı, hürr yaşamaqla tapılar hər xoşbəxtliyin açarı. Halını dəyiş, son qoy ədalətsizliyə, ey qos-qoca millət, yalnız ədalətə bağlanmağın edər səni ən uca millət.

Загрузка...
Загрузка...